Növbəti qələbələrin başlanğıcı olan Aprel döyüşləri

Azərbaycan Ordusunun parlaq
tarixi qələbələrindən sayılan şanlı Aprel döyüşlərindən üç il ötür. 2016-cı il
aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq,
Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə
uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin
2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi
Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Silahlı Qüvvələrinin
bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən
qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu
əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi
istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz
şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində
yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji
əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Ordumuzun qəti zərbələri
nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər
zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü
yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin
edilib.

Mövzu ilə bağlı "Kaspi”
qəzetinə açıqlama verən millət vəkili,
politoloq Hikmət Babaoğlu bildirdi ki, aprel döyüşləri təkcə son Qarabağ
savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına
başladığı dövrdən, yəni 1918-ci ildən indiyə qədər ciddi tarixi dönüş
nöqtəsidir. O qeyd edib ki, Aprel döyüşlərinin bu cür qiymətləndirilməsi daha
ədalətli olar. Deputatın fikrincə, bu hadisə əslində Azərbaycanın növbəti
qələbələrinin başlanğıcıdır: "Çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son
100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı
nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə
nəticələnən döyüşlər olmayıb. Hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə
Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi, heç şübhəsiz, bundan sonrakı
mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı,
yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük
Azərbaycan tərəfinə keçmiş oldu. Ötən üç il ərzində biz bu hadisənin Ermənistan
cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji
məğlubiyyət yaratdığının şahidi olduq. Ermənistanda 2018-ci ildən başlayaraq bu
günə qədər də davam edən ölkədaxili zəlzələ də məhz Aprel döyüşlərinin
yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ
deyil, eyni zamanda ciddi mənəvi-psixoloji və siyasi məsələdir”.
Millət vəkili Aprel döyüşlərinin əhəmiyyətinin sadəcə yuxarıda qeyd
olunanlarla yekunlaşmadığını söylədi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həm də beynəlxalq tərəflərinin olmasına diqqət çəkib. Bildirib
ki, bu konfliktdə iştirak edən təkcə işğalçı Ermənistan deyil: "Azərbaycan
torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq
şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra
onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun
saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd
etmir. Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə
davam edərsə, bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət
göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan, özü
bu problemi həll edə bilər”.
H.Babaoğlu vurğuladı ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə
kimi özündən sonra Günnüt zəfərinin əsasını qoyub: "Azərbaycan ordusu Aprel
döyüşlərindən cəmi 2 il sonra Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində
işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımıza nəzarəti geri
qaytarmaqla, strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan - Qafan strateji
yolunu nəzarətə götürdü. Artıq ermənilərə məlumdur ki, bənzər hadisə yenə
təkrarlana bilər. Özü də bu proses Azərbaycanın torpaqları işğaldan tam azad
edilənə qədər davam də bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq
azad edilmiş torpaqlarımıza "Böyük qayıdışın” başlanmasının əsasının qoyulması
ilə əlaqədardır. Bu hadisə problemin həllidə yeni mərhələ yaratmaqla,
status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını bir daha hər
kəsə göstərmiş oldu”.

Ehtiyatda olan polkovnik
Şair Ramaldanov da qəzetimizə açıqlamasında bildirdi ki, Aprel
döyüşlərinin Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Onun fikrincə, uzun
müddət atəşkəs rejiminin hökm sürməsinə, döyüş şəraitində yaşamasına baxmayaraq,
real hərbi əməliyyat aparmayan Ordu, bu döyüş sınağından uğurla çıxıb: "Azərbaycan
Silahlı Qüvvələrinin döyüş hazırlığı daim yüksək səviyyədədir. Bu,
birmənalıdır. Amma ordu nə qədər poliqonlarda döyüş təlimləri keçsə də, onun
real nəticəsi ancaq döyüşlərdə ortaya çıxır. Həmin ordunun peşəkarlığını, hazırlıq
səviyyəsini real döyüşlər tam çılpaqlığı ilə ortaya çıxarır. Bu baxımdan Aprel
döyüşləri bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan Ordusunun bölmələri,
hərbçilərimiz qarşılarına qoyulan istənilən vəzifəni istənilən an yerinə
yetirmək gücündədir. Ordumuz döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Xatırladım ki, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatı
deyildi və bu, uzunmüddətli döyüş hesab oluna bilməz. Həmin vaxt düşmən silahlı
birləşmələri təxribata əl ataraq mövqelərimizə soxulmağa çalışıblar. Silahlı
Qüvvələrimizin həmin istiqamətdə olan bölmələrinin hərbçiləri düşmənin bu
hücumunun qarşısını alarkən əks hücuma keçərək işğalçı ordunu geri çəkilməyə
məcbur ediblər. Bu zaman Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı
Lələtəpə və digər strateji yüksəkliklər düşməndən azad olunub. Hansı ki,
işğalçı ordunun hərbçiləri vaxtilə bu yüksəkliklərdə mövqe tutaraq Cocuq
Mərcanlı və ətraf yaşayış məntəqələrini daim atəş altında saxlayırdılar, hətta
dinc sakinləri hədəfə alırdılar. Qeyd olunan strateji mövqelərin ələ
keçirilməsi, düşməndən təmizlənməsi təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsi kimi də qiymətləndirilməlidir. Məhz bu hadisədən sonra Cocuq
Mərcanlı, Horadiz və sair yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin olunub.
Ardınca da Cocuq Mərcanlıda geniş miqyaslı abadlıq-quruculuq tədbirləri
görülüb, yeni mənzillər inşa edilib, təsərrüfatlar qurulub və kənd sakinləri öz
evlərinə qaytarılıb. Bununla da "Böyük qayıdış”ın əsası qoyulub”.
Hərbi ekspert qeyd etdi ki,
Aprel döyüşlərində ordumuz ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib:
"Bəzən deyirlər ki, həmin vaxt 4 gün döyüş gedib. Amma bu, belə deyil. Silahlı
Qüvvələrimizin təmas xəttində yerləşən azsaylı qüvvəsi düşmən hücumunun
qarşısını alaraq dərhal əks həmlə edib, 1 gün ərzində qeyd edilən strateji
yüksəkliklərə, mövqelərə nəzarəti ələ keçirib. Sonrakı 3 gün ərzində qarşı
tərəf davamlı olaraq hücumlar təşkil edib. Ordumuz da bu hücumların, həmlələrin
qarşısını alıb, düşməni böyük itkilərə məruz qoyub. Hücumlar təşkil etməyin
mənasızlığını, ordusunun zəifliyini dərk edən işğalçı Ermənistan, üçüncü
tərəflərə üz tutdu, Rusiyadan yardım istədi və strateji yüksəkliklər Azərbaycan
Ordusunun nəzarətində qalmaqla, atəşkəs yenidən bərpa olundu. Aprel döyüşləri
sübut etdi ki, müasir Azərbaycan Ordusu və onun gənc əsgər və zabitləri öz torpağını
işğaldan azad etməyə, vətən uğrunda canından da keçməyə hazırdır”.
Ş.Ramaldanov bildirdi ki, Aprel
döyüşlərində düşmənin cəbhə xəttində məğlubiyyətə uğradılması bir müddət sonra
işğalçı Ermənistanda inqilaba, siyasi rəhbərliyin dəyişməsinə də səbəb olub: "Ermənistan
cəmiyyətində böyük narazılıqlar yarandı və əsgər anaları öz övladlarının Dağlıq
Qarabağ və işğal altındakı digər ərazilərimizdə hərbi xidmət keçməsinə qarşı
çıxdılar. Hətta Azərbaycan tərəfinə ünvanlanan müraciətlər də oldu ki, atəşkəs
bərpa olunsun. Prezident İlham Əliyev isə qətiyyətlə bəyan etdi ki, əgər erməni
əsgəri, Ermənistan vətəndaşı olan hərbi qulluqçu ölmək istəmirsə, Azərbaycanın
işğal olunmuş ərazilərinə gəlməsin. Azərbaycan cəmiyyətində isə bu hadisə böyük
ruh yüksəkliyi, qələbə sevinci ilə qarşılandı. Cəmiyyətimiz böyük sınaqdan
mətanətlə çıxdı. Hər bir vətəndaş Ali Baş Komandan İlham Əliyev ətrafında birləşərək
ona öz dəstəyini göstərdi”.

Hərbi
ekspert İbrahim Rüstəmli də bizimlə söhbətində qeyd etdi ki, Aprel
döyüşləri ilk növbədə Azərbaycan xalqının iradəsini ortaya qoyub. Onun
fikrincə, bu qısamüddətli döyüşlər Azərbaycan dövlətinin və xalqının Dağlıq
Qarabağ münaqişəsinin həllində prinsipial mövqeyini növbəti dəfə nümayiş
etdirib: "Dünya ictimaiyyəti gördü ki, Azərbaycan xalqı və dövləti ölkənin
ərazi bütövlüyünün istənilən yolla bərpasına hazırdır. Göründü ki, biz, Dağlıq
Qarabağı və işğal altındakı əraziləri heç bir halda Ermənistana güzəştə
getməyəcəyik. Bu münaqişənin danışıqlar yolu ilə, yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll edilməsinin mümkünlüyü bir daha ortaya qoyuldu.
Bununla qeyd olundu ki, əks-təqdirdə, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə
vurmaqla, onu ağır məğlubiyyətə uğratmaqla işğal altındakı ərazilərimizi
müharibə yolu ilə azad edəcək. Ona görə də, Aprel döyüşlərinin hərbi, siyasi,
strateji, eləcə də mənəvi, psixoloji üstünlükləri çoxdur. Bu tarixi hadisə
Azərbaycan əsgərinin necə böyük döyüş əzminə sahibləndiyini, milli-mənəvi
dəyərlərimiz, ərazilərimiz, dövlət maraqlarımız uğrunda savaşa hazır olduğunu
göstərdi. Aprel döyüşlərində Azərbaycan əsgəri öz şücaəti ilə qəhrəmanlıq
dastanı yaratdı”.
Sonda onu da əlavə edək ki,
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının
2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı
təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf
edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərimizin
xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq
sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif
edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin
döyüşlərdə yaralanaraq əlil olmuş hərbçilərlə bağlı mühüm sosial müdafiə
tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada
müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Prezidentinin aylıq
təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid
ailəsi üzvlərinə müavinətlər təyin olunub. Eləcə də, müharibə əlilləri kimi,
hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o
cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və
təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.

Bununla yanaşı, Aprel
döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyasına da xüsusi qayğı
göstərilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın tapşırığına uyğun olaraq, qeyd olunan əsgər və zabitlərin
reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Belə ki, Heydər
Əliyev Fondunun "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin
yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin
əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez
istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya
məhsulları ilə təmin ediliblər. Aprel döyüşlərində şəhid olanların ailələrinin,
müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq
işlər aparılır.
Rufik İSMAYILOV
