• cümə, 29 Mart, 17:20
  • Baku Bakı 14°C

Nüfuzlu mükafatlara əli yetməyən ədəbiyyatımız

03.07.21 11:30 2232
Nüfuzlu mükafatlara əli yetməyən ədəbiyyatımız
Mənfilər müsbətə çevrilməsə, hər şey daha da çətin olacaq
"Buker” mükafatı dünyada daim maraq doğuran, qalibinin kimliyi həyəcanla gözlənilən ədəbi mükafatlardan biridir. 2005-ci ildə təsis edilən mükafatın budəfəki laureatı Seneqal əsilli fransız yazıçısı David Diop oldu. Təəssüf ki, indiyə qədər qalib olan yazıçıların siyahısında heç vaxt Azərbaycan yazıçılarının adı hallanmayıb. Bəs, görəsən, bunun səbəbi nədir? Ədəbiyyat adamlarının bu barədə müxtəlif fikirləri var.
Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli bunun əsas səbəbini tərcümədə görür: "Müasir ədəbiyyat dilimizə seçmə üsulla, yəni ən dəyərli əsərləri seçməklə, intensiv şəkildə tərcümə edilməlidir, ixtisaslı nəşriyyat və onların nəzdində tərcüməçilər olmalıdır, həm də ən keyfiyyətli əsərlər nəşr edilməlidir ki, müqayisə üçün oxucu kitab, mətn qıtlığı çəkməsin. Başqa bir fakt: ədəbiyyatla bağlı beynəlxalq tədbirlərə qatılma intensivliyi yüksəlməlidir. Məsələn, poeziya ilə bağlı tədbirə 5 nəfər gedir, onlardan ikisi bəlli məqamda özünün ədəbiyyat anlayışı haqqında danışa bilmirsə, səviyyə bu nöqtədən araşdırılmalıdır. Analiz, təhlil... üstümüzdə olan, adımıza yazılı qüsurlar üzərindən aparılmalıdır, məziyyətlərin sərgilənməsi ilə yox! Mənfilər müsbətə çevrilməsə, hər şey daha da çətin olacaq.
Konkret olaraq "Buker” mükafatını alan hər hansı yazarı götürün, David Diop bu mükafatı birdən-birə almayıb ki? Bir ədəbiyyat yolu keçib. Başqa mükafat yarışmalarına qatılıb. Fransada "Qonkur” mükafatı qazanıb. Çox prestijli mükafatdır. Olsun ki, bizim nasirlərin mətnləri ingilis dilinə çox çevrilib, ancaq onları kimlərsə oxuyubmu? Tərcümələrin səviyyəsi necədir? Bunlar hamısı ciddi faktlardır.
Ən böyük problem nədir? Yaxşı yazmağın texnikasını öyrənmək olar, professionallıq da əldə ediləndir, ancaq öz taleyindən necə yazmağı kimsəyə öyrətmək mümkün deyil. Bizdə alabəzək mətnlər çoxdur. Müşahidələr göstərir ki, məsələn, hər hansı sorğu keçiriləndə, statistika aparsan, məlum olacaq ki, demək olar, hamı eyni nöqtələrə vurur. "Əzbər” üstündə fikir söyləmək, "əzbər” üstündə yazmaq... Nə mənada? İnsanların ədəbiyyata, öz oxuduqlarına münasibətdə tənqid baxışı qətiyyən yoxdur. Bu təfəkkürlə nə isə qazanmaq olarmı? Qətiyyən mümkün deyil! Bu mənada indi yazılan nəsr əsərlərinin böyük əksəriyyəti üslubsuzdur, sadəcə texnika ilə yazılan şeylərdir. Bu nöqtə çox ciddi şəkildə araşdırılmalıdır”.
Şair, tərcüməçi Qismət "Buker”lə bağlı dolğun məlumat verib, fikirlərini bölüşdü: "Əvvəla ondan başlayaq ki, çox adam "Buker" mükafatının ildə bir neçə dəfə gündəmə gəlməsinə görə çaşır. Məsələ sadədir: "Buker"in iki qolu var, biri ingiliscə yazılan əsərlərə verilən "Booker prize", o biri isə ingilis dilinə tərcümə edilmiş əsərlərə verilən və mükafatı müəlliflə tərcüməçi arasında bölüşdürülən "Beynəlxalq Buker". Demək, hər mükafatın iki qolu ilə bağlı dünya mətbuatında altı xəbər gedəcək, uzun siyahı, qısa siyahı və qalib. Fikir qarışıqlığını çözdüksə, keçək suallara. Azərbaycan yazıçılarının A kateqoriyalı beynəlxalq ədəbi mükafatlarda təmsil olunmamağının bir neçə səbəbi var: birincisi, əsərlərinin xarici dillərə mütəmadi peşəkar tərcümə olunmamağıdır; ikincisi, xaricdə çap olunanda normal nəşriyyatlarla əlaqə qurmamaq, təki "xaricdə kitabım çıxdı” xəbərini burda tirajlamaq üçün öz kitabını necə gəldi, harada gəldi çap etməkdir. Böyük mükafatlar təqdim olunan əsərlərin hansı nəşriyyatda çıxması da ciddi faktdır. Bir başqa məsələ isə sırf yaradıcılığın təbiəti ilə bağlıdır. İstər "Buker" mükafatı olsun, istərsə də İMPAC Dublin kimi, hər birinin təqdimat mətnlərində, açıq-saçıq olmasa da, qiymətləndirmə meyarları ilə bağlı bəzi ipucu var. Bu ipucuna və qısa siyahıya düşən, sonra isə qalib olanlara baxanda görürük, əsas meyarlardan biri forma, struktur məsələlərində yeniliklər etmək, eksperimentallıq yüksək qiymətləndirilir. Bizim yazıçılarımız üçün təəssüf ki, formal məsələlər, üslub söhbətləri maraqlı deyil.

Şair, tərcüməçi Cəlil Cavanşir isə hesab edir ki, "Buker” kimi dünya səviyyəli mükafatlarda adımızın hallanması üçün, yazıçıya və ədəbiyyata ciddi və qarşılıqsız dəstək olmalıdır: "Buker-2021” uzun siyahısında qonşu Rusiyadan Mariya Stepanova "Yaddaşın xatirəsinə", Gürcüstandan Nana Ekvtimişvili "Armudlu düzəngahı" əsərləri ilə təmsil olunurdu. Mənim diqqətimi Nana Ekvtimişvilinin "Armudlu düzəngahı" romanının uzun siyahıya düşməyi çəkmişdi. Nana xanım Azərbaycanda yaşasa, onu "gənc yazar" deyib məclislərdə gözdən salar, müftəxorluğa öyrədərdilər. Ancaq gürcülər bu xanımın təbliğatı üçün ciddi pullar xərclədi və nəticədə gürcü qızı "Buker”in qapısını döyməyi bacardı. Dəfələrlə bu barədə demişəm, ədəbiyyatımızın və mədəniyyətimizin dünyaya çıxması üçün ciddi layihələr həyata keçirilməlidir. Yoxsa ədəbi mükafatları dost-tanış arasında bölüb, "Buker” iddiasında olmaq gülməlidir. Nə vaxt bizdə ciddi ədəbi layihələrə dəstək olsa, o zaman nüfuzlu müsabiqələrdə iştirak edə biləcəyik.

Bir çox beynəlxalq mükafatların qalibi, yazıçı Varisin də fikirləri maraqlı oldu: "Ölkədə oxucu sayının az, tirajların məhdud olması səbəbindən, yazıçı özünü dolandıra bilmir ki, qazancı hesabına keyfiyyətli tərcüməyə, peşəkar redaktəyə roman verə bilsin. Hətta xarici nəşriyyatların sifarişlərini də, tərcüməyə maliyyə tapmırıq deyə, əldən veririk.
Cəmiyyətimizdə kitaba və yazıçıya, əksərən neqativ münasibət kök salmaqdadır. Çağdaş yazıçılar o yana, bu gün klassiklər belə topa-tüfəngə tutulur. Hazırda Azərbaycan, dünya ədəbi məkanından uzaq düşmüş bir ucqardır. Ayrı-ayrı yazıçılar öz gücləri ilə birtəhər xarici nəşriyyatlarda çap edilsələr belə, bu, heç nəyi dəyişmir. Biz dünyadakı ədəbi proseslərdən təcrid olunmuşuq. Böyük ədəbi qurumlar, ədəbi mükafatlar, nəşriyyatlar bizə ağız büzürlər. Belə şəraitdə nələrəsə nail olmağımızın özü böyük hünərdir”.
Gənc yazıçı, ssenarist Çinarə Nüsrətli məsələni mahiyyətini daha çox nüfuzlu nəşriyyat problemində görür: "Yazıçılarımızın əsərləri bir çox dünya dillərinə tərcümə edilir, müxtəlif ölkələrdə yayımlanır. Mövcud mənzərəyə baxanda, belə təəssürat yaranır ki, Azərbaycan ədibləri bir sıra ölkələrdə kifayət qədər təbliğ olunurlar. Amma beynəlxalq mükafatlar qazanmaq məsələsinə gəldikdə isə ədəbiyyatımızın vəziyyəti o qədər də ürəkaçan deyil. Bu işdə problem yaradan səbəb nədir? Əvvəla, təəssüf ki, yazarlarımızın dünyanın müxtəlif ölkələrində təbliğatı işlərində dünya ədəbi prosesini dərindən bilən ədəbi menecerlər iştirak etmirlər, yəni bu işi bütün ciddiyyəti ilə bilən və reallaşdıran adamlar, demək olar, yoxdur. Eyni zamanda yazarlarımızın əksərinin xarici ölkələrdə çap olunan əsərlərinin çoxu dünya kitab bazarlarını formalaşdıran nəşriyyatlarda buraxılmır. Əgər yazarlarımız nüfuzlu nəşriyyatlarda çap oluna bilsələr, daha uğurlu nəticələr əldə edə bilərlər. Əks təqdirdə dünyanın önəmli ədəbi mükafatlarından təcrid olunmağımız, ədəbiyyatımızın bəşəri səviyyədə qiymətləndirilməsi xeyli gecikəcək. Sonuncu "Buker” mükafatı laureatı Seneqal əsilli David Diap bir sıra mükafatlara layiq görülüb. Onun "Gecə bütün qanlar qaradır” əsəri "Qonkur” ödülündə də əsas namizədlər arasında seçilirdi. Bunu ona görə xatırladıram ki, beynəlxalq mükafatlar, sanki biri-birinə qapı açır. Ümid edirəm ki, gələcəkdə o qapılar Azərbaycan ədəbiyyatının da üzünə açılacaq. Amma bunun üçün beynəlxalq ədəbi mükafatlar qazanmaq yolunda düzgün istiqamətdə işlər görülməlidir”.

Hazırladı: Xanım Aydın

banner

Oxşar Xəbərlər