Nizami sözümüzün və ədəbiyyatımızın Qarabağıdır
1423
09 yanvar 2021 | 10:00
Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi, 2021-ci ilin "Nizami İli”
elan edilməsi sənətkarları böyük işlər görməyə sövq edəcək
"Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir
salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən
bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini
qoruyub saxlamaqdadır”. Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ilin
"Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamında yer alan bu fikirlər
dahi şairin irsinin bundan sonra da tədqiq və təbliğ olunmasının vacibliyini
gündəmə gətirib.
Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin
anadan olmasının 880 illiyidir. "Nizami Gəncəvinin geniş şöhrət tapmış
"Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox
sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür
sənətinin inkişafına da təkan vermişdir” deyə sənəddə qeyd edilib. Nizami
dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğu qeyd edilən
sərəncamda ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində
xeyli iş görüldüyü də əksini tapıb: "Nizaminin, əsərlərinin nizamişünaslıqda
yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis
tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və
incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Nizami Gəncəvinin yubileyləri
ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir”.
Ədəbiyyatçılar, mədəniyyət və incəsənət adamları
bildirirlər ki, dövlət başçısının sərəncamı Nizami yaradıcılığının tədqiqi və
təbliği üçün yeni perspektivlər açmaq, dahi şairin adını dünyada daha da
tanınması baxımından böyük əhəmiyyətə malikdir. Bu baxımdan, ölkə başçısının
sərəncamı mütəfəkkir şairin 880 illiyinə layiqli töhfədir.
Zamandan-zamana
keçən klassik
Filologiya elmləri doktoru,
professor Buludxan Xəlilov hesab edir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami İli”
elan olunmasının böyük mənası var: "Biz böyük bir sınaqdan çıxdıq. Dağlıq
Qarabağı işğaldan azad etdik. Dünyaya sübut etdik ki, mədəni şəkildə müharibə
aparmağı bacarırıq. Bu o demək idi ki, biz dərin mədəni köklərimiz, adət-ənənəmiz,
insani dəyərlərimiz olan bir xalq olduğumuzu dünyaya nümayiş etdirdik”.
B.Xəlilovun sözlərinə görə, bundan sonra artıq ölkədə ikinci bir mərhələ -
dirçəliş, quruculuq mərhələsi başlayır. Bu mərhələləri müvəffəqiyyətlə aparmaq
üçün biz mütləq yaddaşa qayıtmalıyıq: "Prezident bütün dünyaya mesaj edir ki,
mənəvi dəyərlər, insanın kamilliyi Azərbaycan insanı üçün prioritet istiqamətlərdəndir.
Kamil olmaq üçün mütləq Nizami Gəncəvi kimi böyük şəxsiyyətləri oxumaq, onlardan
öyrənmək lazımdır. Çünki Nizaminin özü bir tarixdir. Biz Nizami Gəncəvini təkcə
bir klassik kimi öyrənmirik, onun yaradıcılığından tariximizi, mədəniyyətimizi,
etnoqrafiyamızı, məişətimizi öyrənirik. Bunların hamısı o deməkdir ki, biz
Nizami Gəncəvi vasitəsilə dünyaya "Görün, 880 il bundan qabaq bizim necə bir düşüncə
sahibimiz olub və dünyaya çıxa bilib” deyə mesaj edirik”.
Nizami Gəncəvinin
əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunduğunu deyən alim bildirir
ki, Prezident bu sərəncamla Nizaminin əsərlərinin yenidən dünyanın bütün
dillərinə tərcümə olunmasını mesaj edir. Belə ki, böyük mütəfəkkirin əsərləri
dünya dillərinə tərcümə olunmalıdır ki, bizi həm də zəngin mədəniyyəti, mədəni
nümunələri olan bir xalq kimi tanıda bilsin: "Fars dilində yazmaqla Nizami türk
mədəniyyətini, tarixini, həyat tərzini, etnoqrafiyasını, müxtəlif elmlərlə
bağlı öyrəndiklərini, həyat təcrübəsini təbliğ edib. Bu, əslində bir azərbaycanlının
o dövrün ədəbiyyat dilini bilməyi deməkdir. Bu mənada Nizami Gəncəvi fars
dilində yazmaqla türk düşüncəsi, mənəviyyatı və əxlaqının kamilliyini ortaya
qoymaq istəyirdi. Çünki o dövrdə yazı və oxunaqlı dil fars dili idi. Dahi şair
məhz bu dil vasitəsiylə türk dilinin keyfiyyətlərini dünyaya və farsdilli
oxuculara yaya bildi. Ona görə biz Nizami Gəncəviyə konkret olaraq bir tarixi
dövrün klassiki kimi baxa bilmərik. O, zamandan-zamana, dövrdən-dövrə keçən və
Azərbaycan xalqının mədəni səviyyəsini əks etdirən klassikimizdir”.
Filoloq
qeyd edir ki, vaxtilə Nizami Gəncəvinin yubileyi münasibəti ilə ulu öndər
Heydər Əliyev görkəmli şairin əsərlərini rus dilinə tərcümə etdirib: "Hətta
Heydər Əliyev "mən Nizaminin əsərlərinin tam şəkildə tərcümə olunmasına vaxt
tapa bilmədim” dedi. Çünki o, SSRİ Nazirlər Sovetinin birinci müavini
vəzifəsinə təyin olunmuşdu. İkinci dəfə hakimiyyətə qayıdanda qeyd edirdi ki, Nizaminin
əsərlərinin tərcüməsi sona yetməyib. Sevindirici haldır ki, yarımçıq qalan bu
iş Prezident İlham Əliyevin verdiyi sərəncam əsasında həyata keçiriləcək”.
Alim
Nizaminin əsərlərinin yenidən rus dilinə və dünyanın müxtəlif dillərinə tərcümə olunmasının vacibliyini qeyd edir.
Belə ki, bu, bir daha Azərbaycan xalqının əxlaqi-mənəvi keyfiyyətlərini ortalığa
çıxaracaq: "Nizami İli” hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət
qoyur. Bu o deməkdir ki, hər birimiz öz sahəmizdə kamilliyə doğru can
atmalıyıq. Bundan sonra peşəkarlıq üzdə olmalıdır. Mənim fikrimcə, Prezident bu
sərəncamla həmçinin Azərbaycan cəmiyyətində hər bir kəsin öz sahəsində peşəkar,
kamil olması məsələsini də ortalığa qoyur. Bu baxımdan, bizim ziyalıların,
alimlərin üzərinə ciddi vəzifələr düşür. Ədəbiyyatşünaslar yenidən Nizamini
tədqiq edib öyrənməlidirlər. AMEA-nın müvafiq bölmələri bu istiqamətdə ciddi
fəaliyyət göstərməlidir. Biz Nizamini olduğu kimi dünyaya təqdim etməliyik”.
Ədəbiyyatşünas alim qeyd edir ki, ölkə başçısının sərəncamı həmçinin Azərbaycanın
mədəniyyətin beşiyi olduğunu dünyaya göstərən sənəddir: "Gəncə şəhəri
mədəniyyətin beşiyi olub - orda Nizami kimi dahi doğulub. Hətta bədxah
qonşularımız Nizamiyə də daş atmaq, onu özününküləşdirmək istəyirlər. Ona görə
də keçmişi, bu günü olan bir xalqın gələcəyə doğru gedən yolunu aydın görmək
üçün Nizami kimi dahi insanlara söykənməli, onları tədqiq edib öyrənməliyik. Bu
mənada Prezidentin sərəncamı dünyaya təqdimatımız üçün mühüm rol oynayan
sənəddir”.
"Nizamisi olan bir
xalqa...”
Tənqidçi Əsəd Cahangir "Nizami
İli”ni Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyada təbliği kimi
dəyərləndirir: "Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı
meridianına çıxış nöqtələrindən biridir. Nizaminin əsərləri hələ sağlığında
bütün Şərq aləmində, sonralar da Qərb dünyasında tanınıb və yüksək qiymətləndirilib.
Onun təsiri ilə Şərqin bir sıra ölkələrində və qərbi Avropa ölkələrindəki
şairlər əsərlər yazıblar. Bu gün Azərbaycan xalqının mədəniyyətinin,
ədəbiyyatının dünyada təbliği bizim nə qədər qədim mədəni və ədəbi ənənələrə
malik olduğumuzu göstərir. Biz düşməni olan ölkəyik. O düşmən bütün gücünü işə
salaraq guya bizim hər cür mədəniyyətdən uzaq, barbar vəhşi bir xalq olduğumuzu
dünyaya sübut etmək istəyir. Biz Nizamini və bu qəbildən olan ədəbiyyat və
mədəniyyət adamlarımızı dünyada təbliğ etməklə
qədim mədəniyyətə malik xalq olduğumuzu sübut edirik. Dünyaya bildiririk
ki, bizim Nizami kimi dünya miqyasında tanınan dahimiz olub. Nizamisi olan bir
xalqa vəhşi xalq demək olarmı?”
Tənqidçi məsələnin bu kimi siyasi tərəfi ilə yanaşı, sırf mədəni,
ədəbi və mənəvi tərəflərini də olduğunu bildirir: "Çünki dahinin əsərlərinin
hər dəfə yenidən nəşri, yeni tərcüməsi, təbliği və tədqiqi onun mənəvi dünyası
ilə yeni tanışlıq deməkdir. Ona görə dahilər vaxtaşırı tədqiq və təbliğ
olunmalıdır. Onlara yenidən qayıdılmalıdır ki, hər bir yeni nəsil onunla
yenidən tanış ola bilsin, yəni nəsillərin yaddaşında özünün silinməz izlərini
qoysun”. Ə.Cahangirin sözlərinə görə, zaman keçdikcə dahilərlə tanışlığın da
yeni səviyyəsi tələb olunur. Belə ki, dahi sonsuz idrak və mənəviyyat
sahibidir: "Zaman keçdikcə ona hər dəfə müraciət olunması vacibdir. Amma
məsələnin konkret olaraq bu günlə bağlı bir tərəfi də var. Bu da ondan
ibarətdir ki, bizim təkcə torpaq iddiasında olan qonşularımız yoxdur, həm də
ədəbiyyat və mədəniyyətimizə iddialı olan qonşularımız da var. Nizamini öz
adlarına çıxmaq istəyirlər. Biz Qarabağ uğrunda döyüşdüyümüz kimi Nizami
uğrunda da mübarizə aparmalıyıq. Nizami də bizim sözümüzün və ədəbiyyatımızın
Qarabağıdır. Onu başqalarına vermək olmaz. Ona görə də Prezidentimiz tərəfindən
"Nizami İli” elan olunması bir daha təsdiq edir ki, Qarabağ Azərbaycan olduğu
kimi Nizami də Azərbaycandır. Ona görə də alimlərimiz, ədəbiyyat adamlarımız,
bəstəkarlarımız ölkə başçısının verdiyi qərara uyğun olaraq hər biri öz sahəsində
elə işlər görməlidirlər ki, bütün dünya "Nizami Azərbaycandır!” deyə təsdiq
etsin”.
Yenidən "Xəmsə”yə müraciət
Xalq artisti Mərahim
Fərzəlibəyov ilk növbədə işğalda olan torpaqlarımızın düşmən işğalından azad
olunması ilə bağlı sevincini bölüşdü: "Sevinirəm ki, Qarabağımız düşmən
işğalından azad oldu. Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi elan olunması isə
məni ikiqat sevindirdi. O torpaqdan böyük xanəndələr, şəxsiyyətlər çıxıb. Xan qızı
Natəvan ilk dədə rus canişini ilə görüşüb. Torpaqlarımız haqqında söhbət olanda
"bir qarışını da verə bilmərik” deyib. Pənahəli xan, İbrahim xan kimi
qəhrəmanlar yetişib bu yurdda. Mən onların haqqında əsərlər səhnələşdirmişəm.
İbrahim xan haqqında da film çəkildi və o, bizim Qarabağın tarixini göstərən
bir film oldu.
Xalq artisti qeyd edir ki, "Nizami İli”nin elan olunması dahi şairin
əsərlərinin başqa dillərə tərcümə olunması, təkrar nəşri baxımından əhəmiyyətli
olacaq. Belə ki, xalqımız yenidən böyük şairin "Xəmsə”sinə müraciət edəcək, nəsihətamiz
sözləri bir daha yadlarına salacaqlar: "Nizami İli” bir daha dahi şairi dünya
xalqlarına və öz insanlarımıza tanıdacaq. Sevinirəm ki, Məmməd Səid Ordubadinin
"Qılınc və qələm” romanının "İnanc xatun” hissəsi haqqında tamaşa hazırlamışam.
Əsərdə baş qəhrəmanlar Nizami və Fəxrəddindir. İndi isə Bakı Bələdiyyə
Teatrının baş rejissoru kimi həmin romanın
"Nizami-Fəxrəddin” hissəsini, yəni qələm və qəhrəman hissəsini
səhnələşdirmək haqqında düşünürəm. Mənə elə gəlir ki, Nizamini bu yöndə
tamaşaçılara çatdırmağımız dahi şairin həyatı, məhəbbəti, başqa insanlarla münasibəti
haqqında insanlara geniş məlumat verəcək. Həmçinin Mehti Hüseynin "Nizami” adlı
əsəri də var. Bu əsər 40-cı illərdə səhnələşdirilib. Yəqin ki, bu əsərlərdən
birini səhnələşdirəcəyik”. Rejissorun fikrincə, bu yolla tamaşaçıları Nizaminin
yaradıcılığı ilə tanış etmək olar: "Bizim nəsil Nizaminin əsərlərini oxuyub,
onun haqqında məlumatlıdır. Hazırkı nəsil isə klassik şairlər haqqında o qədər
də məlumatlı deyillər. Hesab edirəm ki, belə bir əsərin hazırlanması və tamaşaçılara
göstərilməsi yaradıcılığını tanıtmaq baxımından mühüm addım olar. Ayrıca, həm
Şuşanın mədəniyyət mərkəzi elan olunması, həm 2021-ci ilin "Nizami İli” elan
edilməsi biz sənətkarları böyük işlər görməyə sövq edəcək”.
Təranə
Məhərrəmova