Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?
Ekspertlər deyir ki, quru meyvə sənayesinə ciddi
yanaşmaq zamanıdır
Deyirlər ki, qara kişmişi cibə tökərlər. Yəqin
ki, bu atalar sözü boş yerə deyilməyib. Heç şübhəsiz, bu meyvə qurusunun hədsiz
faydaları atalarımıza hələ qədim dövrlərdən bəlli olub. Tərkibində B2, B3,
tiamin, retinol, dəmir, kalsium, maqnium, mis kimi maddələr var. Əsəb sistemi,
ateroskleroz, ürək xəstəlikləri zamanı, damaq qanamasında kişmişin faydası
əvəzsizdir. 50 qram kişmiş insanın gün ərzində enerjiyə olan tələbatını ödəyə
bilər. Digər çərəzlərlə müqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir.
Bu gün də mətbəximizdə gündəlik olaraq
kişmişdən geniş istifadə olunur. Amma təəssüflər olsun ki, Azərbaycana kişmiş
daha çox xarici ölkələrdən idxal olunur. Yəni hələlik yerli üzüm sortlarından
əlavə dəyər formalaşdıra bilməmişik. Bəs görəsən bunun səbəbi nədir? Niyə öz
kişmişimizi öz cibimizə tökə bilmirik?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, ölkədə istehsal edilən kişmiş hal-hazırda ölkənin daxili
bazarının tələbatını ödəyə bilər: "Burada müxtəlif səbəbləri qeyd etmək olar.
Əsas məsələ odur ki, meyvəçiliyin emal sənayesi geniş inkişaf etməyib və
şaxələndirilməyib. Ona görə də bu sahədə idxaldan asılılığımız qalmaqdadır.
Azərbaycana kişmiş əsasən İran və Orta Asiya ölkələrindən gətirilir. İllik
tələbatımız isə təqribən beş min tona yaxındır. Quru meyvə bazarı inkişaf edən
ölkələr arasında qardaş Türkiyə və İranı misal göstərmək olar. Amma bizdə bu
sahədə vəziyyət yaxşı deyil. Düzdür, son illər ərzində Azərbaycanda üzümçülük
sahəsi geniş inkişaf edib. Üzümçülük sahəsi artaraq 16 min hektardan çox
ərazini əhatə edir. Bu, gələcəkdə meyvəqurutma sahəsinin inkişafına imkan
yaradır. Əslində meyvəqurutma işi zəncir təşkil edir. Bunun üçün xammal tələb
olunur. Emala gedən xammalın marketinq və satış işi təşkil olunmalıdır. Bu
yaxınlarda bu sahə ilə bağlı Samux rayonunda maraqlı bir layihə həyata
keçirildi. Yerli fermerlər birləşərək aqro-biznes dəyər zəncirinin həyata
keçirilməsi istiqamətində addımlar atdı. Üzümün qurudulması, çeşidlənməsi və
bazara çıxarılması ilə bağlı rayonun bəzi fermerləri birləşərək üzümün emal
texnologiyasını həyata keçirdi. Üzümçülük Azərbaycanda ənənəvi sahələrdən
biridir və perspektivləri genişdir. Salyan, Şamaxı, Cəlilabad, Gəncəbasar
zonası üzümçülük bölgələridir. Yəni perspektivlər böyükdür. Amma meyvəqurutma
bir qədər spesifik sahədir. Burada texnoloqların olması vacib məsələdir və bu
iş bazar araşdırması tələb edir. Yəni bazarın tələbi əsasında bu işi təşkil
etmək lazımdır. Həmçinin emal
sənayesinin inkişaf etdirilməsinə ehtiyac var”.
Ekspert
təəssüflə bildirdi ki, regionlarda fəaliyyət göstərən emal zavodları çox olsa
da, meyvəqurutma işinə üstünlük vermir: "Emal sənayelərimiz daha çox cem və cem
məhsulları, şirniyyat sahəsi üçün digər xamalların əldə olunması istiqamətində
fəaliyyət göstərir. Amma quru meyvəyə Azərbaycanda tələbat çox böyükdür.
Xüsusən Novruz bayramı ərəfəsində quru meyvələrə olan tələbat bir neçə dəfə artır.
Buna görə də bazarda quru meyvələrin qiyməti kifayət qədər yüksəkdir. Əgər
yerli istehsalın təşkilinə nail ola bilsək, meyvə qurularının, o cümlədən
kişmişin qiyməti ucuzlaşar. Emal sənayesi formalaşarsa, qiymətlər də
optimallaşar. Son illər bu sahədə müəyyən işlər görülüb. Amma önəmli olan
sahibkarların təşəbbüsləridir. Sahibkarların böyük əksəriyyəti bu sahə üzrə
məlumatsızdır. Bəziləri quru meyvə sənayesinə ciddi yanaşmır. Halbuki emal
sənayesinin inkişafı üçün İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri müəyyən
güzəştli kreditlər də təklif edir. Ən ciddi problemlərdən biri də odur ki, biz
meyvələrin təzə formada alınıb satılmasında maraqlıyıq. Amma meyvə elə bir
nemətdir ki, ondan əlavə məhsul əldə etməklə əlavə dəyər zənciri yaratmaq
mümkündür. Üzümçülük indi yeni inkişaf mərhələsindədir. Amma meyvəçilikdə ən
ağır sahələrdən biri hesab olunur. Çünki xüsusi aqro-texniki qulluq tələb edir.
Düşünürəm ki, satıla bilməyən üzüm emala cəlb oluna və ondan meyvə qurusu
hazırlana bilər”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı xatırladır ki, bazarda ən
ucuz kişmişin qiyməti beş manat təşkil edir: "Qonşu ölkə Türkiyə bu sahədə
lider hesab olunur. Amma təəssüflər olsun ki, bizdə vəziyyət qənaətbəxş deyil. Bizdə
meyvələr əsasən primitiv üsullarla
qurudulur və çox az bir miqdarda olur. Kişmiş daha çox Azərbaycana idxal
edilir. Əslində kişmiş perspektivli sahələrdən və böyük tələbat olan
məhsullardan biridir. Hesab edirəm ki, biz xarici təcrübədən yararlanmalıyıq.
Kişmişin hazırlanması üçün xüsusi emal texnologiyası və müəssisələr fəaliyyət göstərməlidir.
Ayrı-ayrı bölgələrimizdə yerli üzüm sortlarımız əkilərək emal edildikdən sonra
kişmiş hazırlamaq olar. Bununla həm yerli tələbatı ödəyə, həm də məhsul
ixracını təşkil edə bilərik. Kişmiş elə bir məhsuldur ki, dünya bazarında ona
tələbat çox böyükdür. Qiymətlər də kifayət yüksəkdir. Yəni gəlirli sahələrdən
biridir. Bazarda ən ucuz kişmişin qiyməti beş manatdan başlayır. Ona görə də
emal müəssisələri yaradılarsa, bu işin təşkilinə nail ola bilərik. Üzümün
qurudulması çox əziyyətli və maya dəyəri baha olan prosesdir. İbtidai üsullarla
böyük miqdarda məhsul əldə etmək mümkün deyil. Bunun üçün xüsusi texnologiya
tələb olunur. Bu müəssisələr ölkəmizin müxtəlif rayonlarında yaradıla bilər.
Çünki əksər rayonlarda üzümçülük sahələri mövcuddur. Digər tərəfdən,
fermerlərin təşkilatlanmasına, bu sahədə maarifləndirmə işinin aparılmasına və onlara
kreditlərin verilməsinə ehtiyac var. Əgər kişmiş istehsalına nail olsaq,
ölkədən müvafiq valyuta axınının qarşısını ala bilərik”.
Şəbnəm Mehdizadə