Musiqi ruhun qidasıdır.
Zövqlər müxtəlif olduğu kimi, musiqi duyumu da insanlarda fərqlidir. Hər insan
musiqini bir cür qəbul edir, ruhuna daxil edir. Ancaq elə mahnılar var ki, onlar
hər kəsin könlünü oxşayır və hitə çevrilməyi bacarır. Uşaqdan böyüyə hər kəs
həmin mahnıları dinləyir və tez bir zamanda dillər əzbərinə çevrilir.
Təəssüf hissi ilə qeyd edək
ki, yayı başa vurandan bəri şou nümayəndələrinin verdikləri proqnozların əksinə
olaraq, bu mövsüm möhtəşəm hit mahnılara rast gəlmirik. Bu mövsüm nəinki
möhtəşəm performansa, heç hitə çevrilən mahnılara belə rast gəlmədik. Bu
məsələdə kimisi bəstəkarları, kimisi də tənbəl müğənniləri günahlandırır. Mövzu
ilə bağlı ekspertlərə müraciət etdik. Onlar məsələnin kökünün tamam başqa
olduğunu bildirərək, müxtəlif səbəblər gətirdilər. Bəstəkar,
ifaçı Murad Arif bizimlə söhbətində iradlarını bildirdi. Qeyd etdi
ki, pop ifaçılarının özlərini realizə etmələri üçün heç bir imkan və şərait
yaradılmır: "Azərbaycanda nə qədər ki musiqiləri təqdim etmək üçün sanballı bir
musiqi kanalı olmayacaq, siz heç zaman hit mahnılara rast gəlməyəcəksiniz.
Burada söhbət klip kanalından gedir. Necə ki, biz sevərək "Kral TV”, "Ru TV”
izləyirik. Təəssüf hissi ilə qeyd edirəm ki, ölkəmizdə radiolarda səslənən musiqilərin
yalnız 20-30 faizi milli estrada janrına məxsusdur. Bu gün radiolarımızın
repertuarına diqqət etsəniz, görərsiniz ki, ən yaxşı halda səslənən 4-5
mahnıdan yalnız biri Azərbaycan musiqisidir. Belə olan halda, siz bizdən hansı
inkişafı gözləyirsiniz? Təəssüf hissi ilə qeyd edirəm ki, pop ifaçılarının
özlərini realizə etmələri üçün heç bir meydan yaradılmayıb. Belə bir şəraitdə
pop ifaçıları nə hit mahnılar oxuyacaq, nə də kliplər çəkdirəcəklər. Mən bu
işin dərinliyini, incəliklərini araşdırıb, ədəbiyyatını oxumuşam”.
Müsahibimiz deyir nə qədər
ki ölkədə pop musiqisinə meydan verilməyib, o vaxtadək də pop musiqiləri itib-batacaq:
"İndi yeni mahnılar üzərində çalışıram. Hazırda müğənnilərin 99 faizindən də
çox həvəsliyəm. Çünki bu mənim üçün yeni bir sahədir. İstəyirəm ki, yazdığım,
ifa etdiyim hər bir mahnı hitə çevrilsin. Ancaq düşünürəm ki, keyfiyyətli, 3
dəqiqəlik pop bir mahnı yazsam, radiolar onu səsləndirmək üçün məndən pul
istəyəcəklər. 24 saat çalışan televiziyada 3 dəqiqə mənim mahnım səslənəcəksə,
bu mahnı heç bir şəkildə hit ola bilməyəcək. Nə qədər yaxşı mahnı olursa-olsun.
İnternet, sosial şəbəkələr televiziya və radioları üstələyib. Çünki tamaşaçılar
arasında bayağı mahnıların dinləyiciləri üstünlük təşkil edir. Axı
tamaşaçıların əksəriyyəti savadlı, zövqlü ola bilməz. İnternet zövqsüz mahnıları
kütləyə sevdirir. Az-çox keyfiyyətli mahnıları isə mediamız sıxışdırır. Əgər
mətbuat, televiziya mənimlə bir müğənni kimi əməkdaşlıq etmirsə, biz hansı məhsuldarlıqdan
danışa bilərik? Nə vaxt Azərbaycanda sağlam təfəkkürlü, qərəzsiz rəhbərliyi
olan musiqi kanalı açılacaq, yalnız ondan sonra ölkəmizdə pop musiqilər meydana
gələcək, hit mahnılarımızın sayı çoxalacaq, bu sahə inkişaf edəcək”.
Murad Arif deyir ki, artıq
səsi ilə illərə meydan oxuyan ifaçılar klip çəkdirməyə o qədər də həvəsli
deyillər: "Tünzalə Ağayeva, Manana Caparidze, Samira, Mir Yusif, Elnarə
Xəlilova, Natəvan Həbibi, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev,
Röya Ayxan və başqaları. Onların yeni kliplər çəkdirməyə o qədər də həvəsləri
yoxdur”.
Zövqsüz mahnılara gəlincə
isə, bəstəkar bildirdi ki, indi zövqsüz ifaçılar kifayət qədərdir: "Elə bir
dövrdə yaşayırıq ki, onların televiziyaya, radioya ehtiyacı yoxdur. Çünki "Facebook”,
"İnstagram” onları məşhur edir. Sizə əlimizdə olan pop sektorundan danışıram.
Türkiyə, Rusiyanın radio repertuarına
nəzər yetirsəniz, görərsiniz ki, 50 faizdən çoxu milli pop musiqisidir. Hətta Ermənistanda
FM radio stansiyalarının yayımladığı musiqilərin çoxu erməni pop musiqisindən
ibarətdir. Mən bütün bunları araşdırmışam. Azərbaycanda 8-9 FM radio kanalları
var. Onların hamısını üst-üstə toplasaq, görərik ki, cəmi 20-30 faiz milli pop
musiqisi efirə verilir. Bu vəziyyətdə pop sektoru heç vaxt inkişaf edə bilməz.
Təsəvvür edin ki, siz yumurta alverinə getmisiniz. 10 bazar var, heç birində
yumurta satmaq olmaz. Ondan sonra siz yumurta alverinə girişərsinizmi? Hazırda
biz o vəziyyətdəyik. İki ildir ki, ifaçılıq fəaliyyətinə başlamışam. Demirəm ki
Rəşid Behbudovam, milli popun təmsilçisiyəm. Hansı telekanalda mənim kliplərimi
görmüsünüz? Bir-iki radio kanalı müəyyən şərtlərlə yayımlayıb. Mən ən zövqlü tədbirlərin
aparıcısıyam. Diskotekaların, korporativ tədbirlərin hamısında oxuyuram və
hamınız şahidi olmusunuz ki, səhnəyə çıxanda səhnə necə canlanır və gənclər
mahnılarımızı əzbər oxuyur. Belə getsə, bir-iki ilə mən də həvəsdən düşəcəyəm
və klip çəkdirməyəcəm”. Tanınmış
prodüser Təranə Səmədova isə problemi tamam başqa istiqamətdə görür. O bu
işdə bəstəkarları qınadı: "Mən çalışdığım müğənnilərə mahnı almaq üçün hər
hansı bəstəkara müraciət edəndə xeyli götür-qoy edirəm. 2-3 il bundan qabağa
qədər hit mahnı almaq istəyəndə düşünürdüm ki, Murad Arifə, Elçin Cəfərova,
Pərviz Mahmudova, İsmayıl Əsədova zəng edim, onlara müraciət edim. Ancaq indi
son bir ildə aləm dəyib bir-birinə. Keçən il ən hit mahnı İradə Mehrinin "Amma
yenə də” mahnısı oldu. Halbuki həmin mahnı Azərbaycan deyil, Yunan mahnısı idi.
Daha sonra Asif Məhərrəmovun "Gecə-gecə” mahnısı da tez bir zamanda hitə
çevrildi. Həmin mahnı da İran mahnısıdır. İndi bilmirəm, müğənnilər
bəstəkarlara müraciət etmirlər, yoxsa bəstəkarlarımız tükəniblər deyə
müğənnilər xarici mahnılara üz tuturlar”.
Prodüser deyir ki,
müğənnilər repertuarlarını mövsümə görə müəyyənləşdirirlər: "Müğənnilərimiz
mövsümlə çalışırlar. Belə ki, qış gələn kimi həzin musiqi səsləndirirlər. Yeni
həzin janrlı mahnılar alırlar. Yay gələndə isə ritmik mahnılara üstünlük
verirlər. Yay olanda açıq havalarda partilərdə çıxış etmək üçün daha çox bu
janra üstünlük verirlər. Qışda isə düşünürlər ki, yağış, qar yağanda həmin
həzin musiqilər daha çox dinlənilir. Bu artıq dəb halını alıb. Payız fəsli
gələn kimi, həzin mahnılar daha çox alınır. Bu gün insanın damarına işləyən, hisslərinə
toxunan hit mahnılar yoxdur. Təzə mahnılar yazılır, ifa olunur, ancaq onlar
hitə çevrilmir. Müğənni mahnını ifa edir, ancaq görürsən ki, zövqsüzdür, söz
yığınından ibarətdir. Mahnının sözləri düzgün seçilmir. Sanki tükəniblər.
Bəstəkarlar yerlərində saymağa başlayıblar. Mən bütün günahı bəstəkarlarda
görürəm. Bəstəkarların yolladığı mahnıları dinləyirəm. "Bu mahnı ilin hiti olacaq”
deyilə biləcək bir mahnı görməmişəm”.
Təranə xanım deyir ki, hit
mahnıları öncədən proqnoz etmək mümkün deyil: "Bu işdə hər şey 50-nin 50-yədir.
İlk olaraq musiqi zövqü lazımdır. Mənalı, zövqlü mahnıları seçməyi
bacarmalısan. İkinci məsələ isə, mahnının reklamıdır. Burada naxış söhbəti də var.
Gərək bəxtin gətirə. Bəzən görürük ki, mahnını o qədər reklam edirlər ki, əzbərlədirlər,
onda mahnı yadda qalır. Bu məsələdə radio və televiziyanın da böyük rolu var. Onlar
xaricilərin mahnılarını pulsuz yayımlayırlar. Ancaq bizim istedadlı müğənnilərimizin
mahnısını yayımlamırlar. O qədər istedadlı, gözəl mahnıları olan ifaçılar var
ki, maddi imkansızlıqdan radiolara mahnılarını verə bilmirlər. Bu isə tamam
başqa bir mövzudur. Pulu olan insan da var, mahnısını hitə çevirə bilmir. Çünki
hit mahnılar tapa bilmir”.
Prodüser son bir ildə hitə
çevrilən mahnılarımızın barmaqla sayılası qədər olduğunu qeyd etdi: "Məsələn, yayda
hitə çevrilən Mir Yusiflə Röyanın "Səndən bir dənədir” mahnısı. Ümumiyyətlə, bu
işdə bir də zövq məsələsi var. Bu baxımdan, bölgələrdə daha çox sevilən
mahnıları fərqləndirmək olar. Hansı ki, "Youtube”da baxırıq ki, həmin
mahnıların 2-3 milyon baxış sayı var. Onlardan Üzeyir Mehdizadə, Asif
Məhərrəmov, Talıb Taleh efirdə, radioda çıxış etməsələr belə, baxış sayları,
mahnılarının yüklənmə sayı çoxdur. Bir də var ki, müasir pop ifaçıları. Digər
kateqoriyanın ifaçıları. Mən kateqoriyaya bölməyi xoşlamıram. Çünki özüm
bəyəndiyim musiqini xoşlayıram. Ancaq etiraf edim ki, son bir ildə dinlədiyim
super elə bir Azərbaycan mahnısı yoxdur. Misal üçün, Röya "Son söz” mahnısını
ifa etdi. Mən onu Sevda Yəhyayevanın ifasında da bəyənmişdim. Ancaq o mahnı heç
də böyük bir hitə çevrilmədi. Necə ki, vaxtilə Röyanın "Sənə görə”, "Səninəm”
mahnıları da hitə çevrilməmişdi”. Xalq
artisti, əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov isə
klassikanın hər zaman dəb olduğunu deyir: "Hitə çevrilən mahnılar çox az olur.
Bu, dünya incəsənət aləmində də belədir. Yeni mahnılar da çox azdır. Hitə
çevrilən mahnıların çoxu 60-cı illərdə yazılıb. Tofiq Quliyevin, Emin Sabitoğlunun
hələ də sevilərək dinlənilən mahnıları var. Onlar bu gün də sevilir, 20, 30
ildən sonra da seviləcək. Hit mahnılar tez-tez yaranmır. Klassik musiqilərdə "hit”
sözü işlədilmir. O cümlədən də operalar, simfoniyalar. Şopenin 600 mahnısının
ancaq 2-3-ü məşhurdur. İşimlə əlaqədar olaraq bütün mahnıları dinləyirəm. Bu
mənim sənətimdir. Mən hələ də Fikrət Əmirovun mahnılarını böyük zövqlə
dinləyirəm. Mənim üçün onlar hitdir. Hit, yəni gözəl, qulağımıza yatan,
ürəyimizə toxunan musiqilər. 10 ildən sonra da mahnı sevilərək dinlənilirsə,
demək o, hitdir. 80-ci illərdə yazdığım "Yel toxundu yarpaqlara”, "Neylərsən”,
"Vətəndən pay olmaz” mahnıları hələ də oxunur, sevilərək dinlənilir. Elə
mahnılar yazılıb, ancaq azdır. Bu o demək deyil ki, mən mahnı yazmıram, ancaq
belə mahnılar həmişə qalır”. Xəyalə Rəis