AZE | RUS | ENG |

Nikolun komandası dağılır

Nikolun komandası dağılır
Milli Təhlükəsizlik Xidmətinin direktorunun ardınca, polis rəisi də vəzifəsindən getdi

Ermənistanın baş naziri Nikol Paşinyan böyük ümid bəslədiyi ABŞ səfəri bu həftə reallaşır. O, hakimiyyətə gələndən sonra ümid edirdi ki, ABŞ Ermənistana dəstəyini əsirgəməyəcək. Necə ki, bunu Gürcüstanda etmişdi. Nikol ümid edirdi ki, amerikalılar qollarını geniş şəkildə açıb onu bağırlarına basacaq. Lakin sən saydığını say, gör amerikalılar nə sayır. Baş nazir elə bilirdi ki, ikili oyunu onlarla da oynaya biləcək. Amma onun bu planı baş tutmadı. Əksinə, ABŞ-ın Ermənistana həm maddi, həm də mənəvi dəstəyi azaldı. Ardınca da, rəsmi Yerevan Rusiyanın Suriyadakı hərbi kontingentinə hərbi heyətlə yardım da göstərdi. Nikol məhz belə bir vəziyyətdə ABŞ-a səfərə hazırlaşır. Sözsüz ki, onun bu səfərində əsas məqsəd ABŞ prezidenti Donald Trampla görüşə nail olmaqdır. Onun buna nail olacağını demək çətindir.
Beləliklə, erməni mediası Paşinyanın ABŞ-a səfərinin gündəliyini açıqlayıb. Bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, sentyabrın 21-də N.Paşinyan ABŞ-a işgüzar səfərə yola düşəcək. Sentyabrın 22-də Los-Ancelesdə, şəhərin mərkəzində mitinqdə iştirak və çıxış edəcək. Baş nazirin Kaliforniya ştatı və şəhərinin rəhbərliyi, erməni icmasının nümayəndələri və erməni KİV-in təmsilçiləri ilə görüşləri gözlənilir. Onun yerli iş adamlarının iştirakı ilə keçiriləcək biznes foruma da qatılması planlaşdırılıb. Nikol San-Xosedə yüksək texnologiyalar sahəsinin təmsilçiləri, erməni etnik qrupunun nümayəndələri olan mütəxəssislərlə görüşəcək. Onun Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışı nəzərdə tutulub. N.Paşinyan BMT-nin baş katibi Antonio Quterreş ilə də görüşəcək. Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib.
Qeyd etdiyimiz kimi, baş nazir ABŞ-a elə də xoş əhvalla getmir. Paşinyanın bir vaxtlar sarsılmaz, vahid və təkmil adlandırdığı komandası artıq ciddi böhran içindədir. Ölkəni bürüyən etirazlar, qalmaqallı insidentlər artıq öz "bəhrəsini” verməkdədir. Bildirilir ki, Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan Təhlükəsizlik Şurasının iclasında baş nazirlə sərt mübahisə edib və istefa ərizəsi yazıb. Bu haqda erməni KİV-ləri yazır. Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və "Amulsar” qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub. Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə, bu,  müəyyən nəticələr doğuracaq.
Bu cavab Paşinyanı qəzəbləndirib. Deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə, kənara çəkilsin, onun əvəzindən bu əməliyyatı polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir. Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib. Xatırladaq ki, V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəisinin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın polis rəisi vəzifəsinə təyin edilib.
Öz növbəsində Ermənistan müdafiə naziri David Tonoyan istefaya getməsi haqqında yayılan məlumatların həqiqət olmadığını bildirib. Tonoyan bunu jurnalistlərə açıqlamasında deyib. O, baş nazirlə bununla bağlı heç bir müzakirə aparılmadığını deyib. Tonoyan həmçinin N.Paşinyanla heç bir fikir ayrılığının olmadığını da söyləyib. Qeyd edək ki, bundan öncə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan istefaya göndərilib. MTX rəhbərinin sözlərinə görə, onun istefa qərarı "hazırkı və gələcək situasiyalarla bağlıdır”. Həmin situasiyalara aydınlıq gətirməyən Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib və əlavə edib: "Mənim istefam insanı yuxudan ayıldan bir addımdır və mənə "dayan” deyir”.
Müəmmalı istefanı şərh edən Paşinyan isə bildirib ki, MTX direktorunun fəaliyyətini qiymətləndirə bilməz, çünki bu vəzifə ictimai müzakirələrdən kənarda qalmalıdır. O qeyd edib ki, Vanetsyan bundan sonra futbol yığması ilə məşğul olacaq. Ekspertlər isə iddia edirlər ki, Ermənistanda "inqilab” komandası sürətlə parçalanır və bu, parlamentdəki "Mənim addımım” fraksiyasına da aiddir. Onu da qeyd edək ki, bu həftənin əvvəlində Ermənistan parlamentinə təqdim olunmuş qanunvericiliyə dəyişikliklər nəzərdə tutulan dəyişikliklərə görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru və polis rəisi vəzifələri siyasiləşir. Yəni, parlamentə üzvlük kriteriyalarına uyğun gələn hər bir kəs bu iki vəzifəyə də namizəd ola bilər. Müşahidəçilər baş verənləri Paşinyan komandasındakı fikir ayrılıqları ilə əlaqələndirirlər. Onların qənaətincə, bu ziddiyyətlər çoxdan qızışıb. Rusiyapərəst kurs tərəfdarları və qərbyönümlülər məsələsi burada hər zaman olub. Lakin ziddiyyətlər parçalanmaya gətirib çıxarmayıb. İndiki durumu isə artıq böhranlı adlandırmaq olar.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289