Neft niyə ucuzlaşır?
Ötən ilin noyabrında Vyana konqresində OPEK-ə üzv
ölkələr neft hasilatını 1,2 milyon barrel azaltmaqla bağlı razılığa gəldilər.
Uzun müzakirələrdən sonra əldə edilən bu razılıq, öz növbəsində neftin
qiymətində müəyyən qədər artıma gətirib çıxardı.
Bu ilin birinci rübündə neftin qiymətində 56
dollara qədər müşahidə olunan artım, artıq azalmaqdadır. Dünya bazarında
"AzəriLayt” markalı neftin bir barreli 53,04 dollara satılır. Qeyd edək ki,
"Layt” markalı neftin bir barreli 48,62, "Brent” markalı neftin bir barrelinin
qiyməti isə 51,36 dollar olub. Bəs neftin
qiymətinin azalmasını şərtləndirən amillər hansılardır? Növbəti dövr üçün daha
da azalma, yoxsa artım gözlənilir?
Mövzuyla bağlı qəzetimizə
açıqlamasında Neft Araşdırmaları
Mərkəzinin rəhbəri, enerjiməsələləri üzrə ekspertİlham Şaban bildirdi ki, bu ucuzlaşmanın olması gözlənilən
idi: "Aprel ayının orta qiymətini mart, fevral və yanvarla
müqayisə etsək, təbii ki, azalmanı müşahidə edəcəyik. Amma digər tərəfdən bu
gözlənilən idi. Çünki ötən ilin 30 noyabrında OPEK-ə üzv ölkələrin neft
hasilatının 1,2 milyon barrel azaldılması ilə bağlı qəbul etdiyi qərar və
dekabrın 10-da qeyri OPEK ölkələrinin 558 min barrel neft hasilatının
azaldılması ilə bağlı razılaşması bazar üçün kifayət qədər pozitiv siqnallar
idi. Həmin qərar bu ilin yanvarından qüvvəyə minəcəkdi, amma buna baxmayaraq,
artıq gözlətmədən dekabr ayından neftin qiyməti 50 dolları keçdi.Qeyd edim ki, noyabr ayında neftin orta qiyməti 44
dollar idi. Bu ilin birinci rübü ərzində "Brent” markalı neftin orta qiyməti
54,5 dollar oldu. Bu da ötən ilin birinci rübü ilə müqayisədə böyük artım idi.
Bazar iştirakçıları bunu çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Ancaq
analitiklər daim qeyd edirdilər ki, bazara verilən bu şans maksimum 3 ay
çəkəcək. O enerji bazarın qızışdırılması üçün idi. Sonradan sönəcəkdi. O enerji
davamlı olmalıydı ki, qiymət həmin 55-60 dollar arasındakı dəhlizdə
saxlanılsın. Artıq martın 5-dən sonra neftin qiyməti 55-dən aşağı doğru hərəkət
etməyə başladı”.
İ.Şaban deyir ki, indi müəyyən qiymət artımlarının
olması üçün neft bazarı pozitiv siqnallar gözləyir: "Aprel ayında hətta neftin
qiyməti 51 dollara qədər azalmışdı. Pozitiv siqnallar gəlmədikcə, neftin
qiyməti azalmaqda davam edəcək. İndi 52 dollar ətrafında bərqərar olub. Ancaq
bu 52 dollar ətrafında bərqərar olması da onunla əlaqədardır ki, müəyyən
pozitiv siqnallar var. Bu isə onunla əlaqədardır ki, mayın 25-də OPEK-in Vyana
konfransında hasilatın yenidən azaldılmasıyla bağlı qərarlar qəbul edilə bilər.
Bu, qəti gələcək zamanda deyil, amma belə siqnallar gəlir. Bu, bazarda neftin
qiymətinin 50 dollardan aşağı düşməsinin, yaxud 50-yə doğru irəliləməsinin hələ
ki qarşısını alır”.
Ekspertin sözlərinə görə, OPEK-ə üzv olmayan ölkələrin hasilatı
artırması qiymətin düşməsinə səbəb olur: "Qeyri OPEK ölkələrində neft hasilatı
artır. Ən yüksək artım ABŞ-dadır. Gündəlik hasilat aprel ayının yekunlarına görə
artıq 9 milyon 227 min barrelə çatıb. Ancaq faktiki olaraq ilin əvvəlindən bu,
270 min artımdır. Oktyabr ayına qədər Amerikada gündəlik hasilatın 9,4 milyon
barrel olacağı proqnoz edilir. Bu da şist neft quyularının açılaraq yenidən
istifadə edilməsi ilə əlaqədardır. Bundan əlavə, Qazaxıstanda hasilat getdikcə
artır. Eləcə də Rusiya OPEK qarşısında hasilatın 300 min barrel azaldılması öhdəliyinin
həyata keçirildiyini qeyd edir. Amma bunun hamısı oktyabr göstəricisi ilə
bağlıydı. 2016-cı illə bağlı reallıq onu göstərir ki, hasilat 2017-ci ildə
artacaq. O cümlədən də İran hasilatı artıracaq”.
OPEK-ə üzv ölkələrin hasilatı azaltmaqla bağlı yenidən razılığa gəlməsi
mümkündürmü? Çünki ötən dəfə bu razılıq çox çətinliklə əldə olunmuşdu. İ.Şaban
deyir ki, həmin razılıq ölkələr üçün xeyirli olub. Bu yenidən hasilatın
azaldılması ilə bağlı qərar verərkən önəmli faktordur: "Hasilatı 1,2 milyon
azaltmalarına baxmayaraq, noyabr ayındakı göstəricilərlə müqayisədə təqribən 20
faizə yaxın neftin qiyməti artdı. Nəticə etibarilə həmin ölkələrin gəlirləri
artdı”.
Ekspert deyir ki, OPEK-ə üzv ölkələr qeyd etdikləri kimi, hasilatı
azaltsalar, ədalətli qiymət 55-60 dəhlizidir. Bugünkü hasilat çərçivəsində
neftin qiymətini ondan yuxarı qaldırmaq faktiki olaraq mümkün deyil: "Çünki
buna bir çox amillər təsir edir. Biz görürük ki, birinci rüb ərzində Çin kimi
enerjiyə böyük tələbatı olan bir ölkədə son 5 ildə ən yüksək iqtisadi aktivlik
müşahidə olundu. 6,9 faiz ÜDM artımı olub. Ancaq bu, aprelin ikinci ongünlüyündə
açıqlandı. Bazara isə hər hansı müsbət istiqamətdə təsir etmədi, əvəzində
neftin qiyməti aşağı düşməyə başladı. O cümlədən Amerikada, Avropada artım
oldu. O ölkələrdə, o iqtisadi zonalarda ki, onlar böyük həcmdə neftin
istehlakçılarıdırlar. Əvvəllər statistikadakı
hər 0,1 faiz artım o saat neftin birjalarda sıçrayışla qiymətinin
artımına təsir edirdi. Biz bu gün bunu görmürüksə, bu o deməkdir ki, artıq
bazar kifayət qədər neftlə zəngindir. Bu il üçün ortalama qiymət hələ ki 52
dollar proqnoz edilir. Bu, ötən ilki ilə müqayisədə pis rəqəm deyil. Faktiki
olaraq 50 dollar dünyanı qane edəcək orta qiymətdir”.
Aygün Asimqızı