• cümə, 26 Aprel, 04:42
  • Baku Bakı 16°C

Nazirlik sözçüsü: Qarabağda yeni layihələr icra olunur

20.10.22 11:50 825
Nazirlik sözçüsü: Qarabağda yeni layihələr icra olunur

Dünən hamılıqla qürurlandıq və tarixi hadisənin şahidi olduq. Qarabağımızda təbiətimizin gözəl incisi olan ceyranlar dövlət başçımızın və birinci xanımın iştirakı ilə yenidən tarixi məskənlərinə qovuşdu.

Bu bir faktdır ki, Azərbaycanda ceyran populyasiyası bərpa edilib və sayları artmaqdadır. Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, bu gün təkcə Şirvan Milli Parkının ərazisində 6228 baş ceyran məskunlaşıb.

2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi üzrə ceyranların təbii areallarına qaytarılması istiqamətində fəaliyyət davam etdirilir və uğurlu nəticələr əldə olunub.

Bu reintroduksiya layihəsi çərçivəsində 293 baş ceyran Şirvan Milli Parkından Abşeron və Ağgöl Milli Parklarının, Gürcüstanın Vaşlovani Milli Parkının, İlisu və Korçay Dövlət Təbiət Qoruqlarının, Qax Dövlət Təbiət Yasaqlığının ərazilərinə, həmçinin Cəngiyə reintroduksiya edilib.

Qarabağ bölgəsində də bu layihələrin icrası həyata keçirilməkdədir.

Ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın öz tarixi areallarına reintroduksiyası planlaşdırılır.

Artıq bu layihə çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran fərdi buraxıldı, proses bu il və gələn illər ərzində davam etdiriləcək.

Bezoar keçisi populyasiyalarının beynəlxalq qorunma statusunun təhlükə həddində olduğu da nəzərə alınaraq 2022-2023 cü illərdə müəyyən sayda Bezoar keçi fərdlərinin Naxçıvan Muxtar Respublikası ərazisindən gətirilərək ölkənin digər uyğun ərazilərinə, o cümlədən Qarabağ bölgəsinə reintroduksiyası həyata keçiriləcək.

Eyni zamanda, Qafqaz nəcib maralları və Şərqi Qafqaz Turlarının da reintroduksiyası layihəsinin reallaşdırılması nəzərdə tutulub.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən "Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində zubrların tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi də uğurla davam etdirilir.

Aparılan işlərin nəticəsi olaraq 2019-2021-ci illər ərzində ölkəmizə 26 baş zubr reintroduksiya olunub, hazırda təbii artımla zubrların ümumi sayı 31 başa çatdırılıb. Noyabr ayında daha 9 zubrun Azərbaycana gətirilməsi nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər