• şənbə, 21 Dekabr, 04:16
  • Baku Bakı 9°C

“İtaliya çəkməsinin dabanı”ndan reportaj

22.07.23 01:30 11991
“İtaliya çəkməsinin dabanı”ndan reportaj

Adriatik dənizinin sahilində yerləşən kiçik, füsunkar Alberobello kəndi YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Bu kəndin konusvari damı olan kiçik evlərinə dünyanın heç bir yerində rast gəlinmir.

İtaliyanın ən cənubunda, Adriatik dənizinin sahilində kiçik, füsunkar bir kənd var. Adı “ağac” və “müharibə” kimi tərcümə olunan Alberobellodır. Yerləşdiyi əraziyə görə “İtaliya çəkməsinin dabanı” adlanır. Bu kəndin yerində vaxtilə güclü hərbi texnika istehsalında istifadə olunan palıd bağları yerləşib. Amma kəndə şöhrət gətirən hərbi texnika deyil, günbəzli ağ daş evləri – trullilər olub. Trulli konusvari damı olan kiçik evlərdir (yunan dilindən tərcümədə “günbəz” deməkdir). Belə evlərə dünyanın heç bir yerində rast gəlinmir və bu orijinallığına görə 1996-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Səyahətini Bari şəhərinə planlaşdıran bütün turistlər Alberobelloya baş çəkməmiş dönmürlər. Məxsusi bu qədim kəndin adını tutub gələn turistlər də çoxdur. Kəndə çata bilmək üçün ən əlverişli yol Baridən qatar (10 avro) və avtobuslardır (6 avro). 1.5-2 saat məsafəni qət etmək üçün biletləri əvvəlcədən onlayn və ya yerində almaq olur. Yolboyu yamyaşıl zeytun, üzüm sahələri, albalı bağlarını geridə qoyursan.

Günbəzli evlərin maraqlı tarixi

“Alberobello heyrətamizdir! Yayda başqa hara tətilə gedəcəyinizi bilmirsinizsə, Pugliaya gedin! Bu unikal memarlıq və ənənələrə malik gözəl bir bölgədir!”- deyə turistlər bu kəndə səyahət etməyi bir-birinə məsləhət görürlər. Kəndin küçələrində dünyanın hər yerindən gələn turistlərin izdihamı yaşanır. Trullilərdə unikal hotellər, restoranlar açılıb. Evlərin böyük bir hissəsinin turist ehtiyacları üçün yenidən təşkil edilməsinə baxmayaraq, hələ də 1400 trullidə 14 min sakin yaşayır. Kəndin hündür hissələrinə qalxıb yüksəklikdən baxanda Misir piramidaları tərzində bükülmüş konus damları olan, ağardılmış, oyuncaq kimi minlərlə kiçik evlərin unikal panoraması adamı heyran edir.

100 ildən çoxdur dəyişməyən küçə və meydanlar

Günbəzli evlərin maraqlı tarixi var. Trullilər daimi yaşayış yerlərinin vergiyə cəlb edilməyə başlandığı 15-ci əsrdə yaranıb. Heç kim vergini ödəmək istəmədiyindən evlər yoxlama gələnə qədər tez sökülmək üçün tikilib. Bütün struktur tək bir “açar daşı” üzərində dayanır - onu çıxarsaq, trulli dərhal dağılacaq. Bununla da kəndlilər özlərini vergidən qorumağa çalışıblar. Əvvəlcə evlərin tikintisinin bu üsulu ətraf şəhər və qəsəbələrin sakinləri tərəfindən qəbul edilməyib. Ancaq trulli yüz illər boyu, hətta kənd müstəqil əraziyə çevrildikdən və vergilərdən azad edildikdən sonra da tikilib. Alberobellonun unikal memarlıq görünüşünü qorumaq üçün 20-ci əsrin əvvəllərində kəndin ərazisində yeni binaların tikintisini qadağan edən qanun qəbul edilib. Nəticədə, yüz ildən artıqdır ki, kəndin küçə və meydanlarının görkəmi dəyişməz qalıb.

Məşhur insanların trulli evləri

Hər günbəzin altında yalnız bir otaq var, ona görə də Alberobellodakı evlərin çoxu kiçikdir. Evin bir neçə otağı varsa, damı bir neçə konusdan ibarətdir. Yüz illər əvvəl yalnız damın növünə görə ev sahibinin nə qədər varlı olduğunu müəyyən etmək mümkün idi. Trulli günbəzləri sahibləri üçün talisman hesab edilir. 1925-ci ildən İtaliya hakimiyyəti bütün ölkədə belə evlərin tikintisini qadağan edib. Bu qanun bu gün də qüvvədədir: trulli evi yalnız içəridə yenidən qurulmalı və bərpa edilməlidir. Belə evlər satıla bilər. “Alberobellonun dar küçələrində gəzəndə hansısa məşhurla qarşılaşanda təəccüblənməyin. Çoxlarının burada evi var”, - deyə tur bələdçiləri bildirir. Trullilər yayda buz kimi sərin, qışda isti olur. Tarixi trullilər arasında 12-ci əsrə aid “Chiesa di Sant Antonio” kilsəsini kəndə gələn bütün turistlər ziyarət edir.

Maraqlı festivallar il ərzində davam edir

Alberobellonun unikal memarlığı ilə yanaşı, rəngarəng mədəni həyatı var. İl ərzində burada ənənəvi və müasir mədəniyyətin müxtəlif sahələrinə həsr olunan çoxlu festivallar keçirilir. Ən məşhur festivallardan biri qışda keçirilən Alberobello İşıq Festivalıdır. Bir ay davam edən festival günlərində şəhərdə möhtəşəm işıq şouları təşkil olunur. Tarixi binaların qar kimi ağ və güllərlə bəzədilmiş divarları gözəl təbiət mənzərələri kimi maraq doğurur. Milad bayramından dərhal sonra Alberobelloya baş çəkən turistlər möhtəşəm karnavalı izləmək fürsəti qazanırlar. Kənd olduqca kiçik olmasına baxmayaraq, burada keçirilən karnaval İtaliyanın ən böyük və maraqlı əyləncələrindən sayılır. Karnavalın tarixi 600 ildən çoxdur. Festival günlərində kəndin küçələri karnaval geyimləri geyinmiş yüzlərlə insanla dolur. Hər yerdə musiqi səslənir və ənənəvi yeməklərin ətri ətrafa yayılır, rəngarəng yarmarkalar və maraqlı əyləncə proqramları təşkil olunur. Aprelin sonunda kənddə ənənəvi Apuliya musiqisinin sədaları altında “Simit və şərab” festivalı keçirilir. Həmçinin, “Caz festivalı”, iyunun əvvəlində çiçək və yaşıl bitkilərin yarmarkası, iyulun sonunda ərazinin feodal idarəçiliyindən azad edilməsinə həsr olunmuş bayram təşkil olunur. Meydanlarda musiqi və rəqslərlə tamaşalar təqdim olunur. Avqustda “Yay pizza festivalı” dünya turistlərinin ən çox xoşladığı bayramdır. “Müqəddəs Kosmas və Damian bayramı” təxminən iki əsrdir ki, hər il sentyabrın sonunda keçirilir. Bayramın sonunda atəşfəşanlıq olur.

Unuda bilməyəcəyin təəssüratlar

İtaliyanın hər bir bölgəsi kimi, Alberobellonun da özünəməxsus xüsusiyyətləri və delikatesləri maraq doğurur. Yerli əhali əl ilə xüsusi növ makaron hazırlayır və bu, əksər yerli restoranlarda müştərilərə təklif olunur. Kəndin mərkəzi meydanında və ara küçələrində turistlərin yerli mətbəxin dadına baxa biləcəyi, ətri uzaqdan yayılan “Espresso” qəhvəsini içəcəyi, yerli şərabının dadına baxacağı kafelər var. Günbəzli kəndə səyahət edənlər buradan yerli sənətkarların əl işlərindən ibarət keramika, qurudulmuş kolbasa, zeytun yağı, müxtəlif növ makaronlar alırlar. Məhsullar o qədər gözəl dizayn edilir ki, yanından laqeyd ötə bilmirsən. Alberobelloya gələn turistlər ən əsası kənddən özləri ilə heç zaman unuda bilməyəcəkləri zəngin təəssürat aparırlar.

Təranə Məhərrəmova

Bari-Alberobello

banner

Oxşar Xəbərlər