• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

Nazir: “Ermənistanın kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini təmin edəcək”

12.11.20 20:05 474
Nazir: “Ermənistanın kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini təmin edəcək”

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) onlayn formatda keçirilən 22-ci Nazirlər Görüşündə iştirak edib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə Foruma sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.
Çıxışda COVID-19 qlobal pandemiyasının dünyada enerji sektoruna və təbii qaz sənayesinə təsiri, iqlim dəyişmələri və hidrogen enerjisindən istifadə kimi mövzulara toxunulub, aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasındakı mühüm rolundan bəhs edilib. Ölkəmizin apardığı enerji siyasəti çərçivəsində həyata keçirilən transmilli layihələrin enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etdiyiqeyd edilib və buna bariz nümunə kimi Cənub Qaz Dəhlizi göstərilib. Bildirilib ki, yaxın vaxtlarda açılışı olacaq və Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq Transadriatik Boru Kəməri təchizat mənbələrini şaxələndirməyə imkan yaradır: "Avropanın cənubu Xəzər regionu ilə ilk dəfə birləşir və bu, 3500 kilometrlik dəhliz ətrafındaregionların, ölkələrin inteqrasiyası, inkişafı, enerji təhlükəsizliklərinin möhkəmləndirilməsi deməkdir”.
Pərviz Şahbazov çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində avropalı, eləcə də digər ölkələrdən olan istehlakçıların neft-qaz təchizatlarının erməni təxribatlarının hədəfinə çevrilməsi məsələsinə də toxunub. Ermənistan tərəfindən məhz Azərbaycandan Avropaya gedən enerji dəhlizlərinin üstündə yerləşən məntəqələrin bombalandığı, bir neçə dəfə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru kəmərlərinin, Qərb İxrac Boru Kəmərinin, Azərbaycanla Rusiya arasında mühüm enerji bağı olan Bakı-Novorossiysk neft kəmərinin, eləcə də regionun ən böyük istilik və su elektrik stansiyalarının bombalanmasına cəhdlərin edildiyi, Səngəçal neft və qaz terminalına hücumla bağlı təhdidləri diqqətə çatdırıb. "Bütün bu dağıdıcı niyyət və məqsədyönlü vandalizm aktları göstərdi ki, biz qlobal enerji, qaz bazarında sabitlik istəyiriksə, həm də münaqişəsiz bir geosiyasi mühitə nail olmalıyıq. Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti qətiyyətlə bərpa etməsi, 30 illik münaqişəyə, işğala son qoyması həm də bu ali məqsədə xidmət edir.Bu aspektdə ərazilərimizin işğaldan azad edilməsi nəticələnən Ermənistanın hərbi kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini, nailiyyətlərimizin davamlılığını təmin edəcək”.
Qaz İxrac Edən Ölkələr Forumu Nazirlərinin 22-ci Görüşü iki sessiyada işini davam etdirib.

Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu ilk dəfə 2001-ci il 19-20 may tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Oman, Qətər, Rusiya, Türkmənistan və Norveçin nümayəndələrinin iştirakı ilə keçirilən 1-ci Nazirlər Görüşü zamanı təsis edilib, 23 dekabr 2008-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş 7-ci Nazirlər Görüşü zamanı isə beynəlxalq təşkilat statusu alıb.
banner

Oxşar Xəbərlər