Naxçıvanın dini turizm potensialı - REPORTAJ

Hər il buraya Azərbaycanın bölgələrindən və xarici
ölkələrdən minlərlə zəvvar, turist və qonaq gəlir. El arasında deyirlər ki,
"Əshabi-Kəhf”i yeddi il ardıcıl ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
Qədim oğuz-türk yurdu Naxçıvan tarixi-memarlıq, təbiət
abidələri, ilk insan yaşayış məskənləri, sənət əsərləri, mineral və müalicəvi əhəmiyyətli
su mənbələri ilə zəngindir. Burada dini ziyarətgahlar, pir və imamzadələr də
çoxluq təşkil edir. Təkcə ziyarətgahların sayı 140-a yaxındır. Onlar inanclı
insanların, yerli və xarici turistlərin daim ziyarət etdiyi əsas məkanlardır. Dövlət
Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü
ilə Naxçıvan şəhərinə təşkil edilən media-tur çərçivəsində bu bölgənin dini
turizm potensialı, o cümlədən iki əsas ziyarətgahla daha yaxından tanış olmaq
imkanı qazandıq.

Nuh Peyğəmbərin yurdu
Bu ziyarətgahlardan biri Nuh peyğəmbərin Naxçıvan şəhərindəki
məzarüstü türbəsidir. Rəvayətə görə, təxminən 7500 il bundan əvvəl baş vermiş daşqın
zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunub,
Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya
adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda
Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması, əfsanədə öz əksini
tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal edir. Həzrəti Nuh peyğəmbərlə
bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində
olması barədə məlumatlar öz əksini tapıb. Nuh və ona iman gətirənlərin mindiyi
gəminin ilk dəfə Naxçıvanda quruya çıxması ilə insanların burada məskən salması
da rəvayətlərdə yer alıb. İddia olunur ki, yeni nəsil məhz buradan törəyərək
artıb, təşəkkül tapıb. Təsadüfi deyil ki, "Naxçıvan” sözü "Nuh tərəfdarlarının
çıxdığı yer” mənasında işlədilir, muxtar respublikaya Nuh Yurdu da deyilir.

Tədqiqatçılar məlumat veriblər
"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin
direktoru Rəhim Rəhimovun bizə verdiyi məlumata görə, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü
türbəsi turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Onun sözlərinə
görə, Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə
VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Nuhun türbəsinin Naxçıvanda olması
haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar
məlumat veriblər.Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz
Kəngərli də XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun
türbəsinin naturadan şəklini çəkib. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı, yerləşdiyi
ərazi təsvir edilib.

Qafqazın ən böyük məscid kompleksi tikilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa
edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci
illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub, ərazidə
geniş abadlıq və yenidənqurma işləri aparılıb. 2010-cu ildə türbənin
yaxınlığındakı Köhnəqala - Naxçıvanqala əvvəlki görkəminə qaytarılıb, muzey
yaradılıb. Ali Məclis Sədrinin 2013-cü ildə imzaladığı digər sərəncamla
"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi yaradılıb. Hazırda bu ərazidə
Qafqazın ən böyük məscid kompleksindən biri inşa edilir.

Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf”
Muxtar respublika ərazisində mövcud olan dini
obyektlərdən ən mühümü müqəddəs Qurani-Kərimin "Əl-Kəhf” surəsində haqqında bəhs
edilən "Əshabi-Kəhf” ziyarətgahıdır. "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni
Abidə Kompleksi ilə tanışlıq zamanı bələdçi Ələkbər Məmmədli söylədi ki, müqəddəs
kitabın "Əl-Kəhf” ("Mağara”) surəsinin 9, 10, 11, 12 və 18-ci ayələrində mağara
barədə ayrıca bəhs olunması, bu qədim ziyarətgahın İslama qədərki dövrdə
tanınmasına və məşhurlaşmasına dəlalət edir: "Dini rəvayətə görə, qədim dövrlərdə
şahın zülmündən bezən gənclər təkallahlığa iman gətirib və hökmdarın qəzəbindən
qaçmaq üçün bu mağaraya sığınıblar. Allah onları 309 il yuxuya verib, şahın
zülmündən qoruyub. Sözügedən mağara Naxçıvan şəhərindən, təqribən 12 km aralıda
– Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz
səviyyəsindən 1665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah
gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar
sübut edir ki, Qurani-Kərimdə adı çəkilən "Əshabi-Kəhf” məhz Naxçıvandadır”.

Kərbəla, hətta Həcc ziyarətinə bərabər
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin tapşırığı
və himayəsi ilə 1998-ci ildə "Əshabi-Kəhf”də abadlıq və yenidənqurma işləri
aparılıb. 2004-cü ildən ziyarətgah "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə
Kompleksi adı altında fəaliyyət göstərməyə başlayıb. Son illərdə "Əshabi-Kəhf”
ziyarətgahının ərazisində aparılmış yenidənqurma, bərpa və abadlıq işləri
zamanı zəvvarlar üçün daha rahat şərait yaradılıb və məscid tikilib. Hər il
buraya Azərbaycanın bölgələrindən və xarici ölkələrdən minlərlə zəvvar, turist
və qonaq gəlir. El arasında deyirlər ki, "Əshabi-Kəhf”i yeddi il ardıcıl ziyarət
etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir.
Rufik İSMAYILOV
Bakı-Naxçıvan-Bakı



















