AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

NATO sammitinin yekun sənədi alyansın Cənubi Qafqazda yeni reallıqları qəbul etdiyini göstərir - ŞƏRH

NATO sammitinin yekun sənədi alyansın Cənubi Qafqazda yeni reallıqları qəbul etdiyini göstərir - ŞƏRH

Cəmiyyət
15 İyun 2021, 14:00 129
NATO-ya üzv ölkələrin rəhbərlərinin zirvə görüşünün yekununda qəbul edilən sənəddə Cənubi Qafqazla bağlı istinadedici məqamların yer almaması avroatlantik alyansın bölgədə yaranmış reallıqları qəbul etməsi kimi başa düşülməlidir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, məlum olduğu kimi, NATO-nun ötən illərdə keçirilən zirvə görüşlərində, həmçinin alyansın xarici işlər nazirlərinin toplantılarında qəbul edilən sənədlərdə hər zaman region dövlətləri ilə yanaşı Azərbaycanın da müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub:
"Ölkəmizin ərazi bütövlüyü məsələsində avroatlantik alyansın mövqeyi hər zaman birmənalı və açıq olub, əsassız mülahizələrə imkan yaradan ifadələrə yer verilməyib. NATO Cənubi Qafqazdakı münaqişələrin həlli prosesində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürüb, münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həlli prosesinə dəstəyini ifadə edib.
Lakin bəlli olduğu kimi, Ermənistan uzun illər boyu danışıqlar prosesindən müxtəlif bəhanələrlə yayınmağa cəhd göstərib, davamlı təxribatlar törətməklə münaqişəni alovlandırmağa çalışıb, Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edib və Azərbaycan Respublikasının və bütövlükdə bölgənin təhlükəsizliyini təhdid edən davranışlar sərgiləyib. Məhz bu aqressiv mövqe, davamlı təxribatlar və danışıqlar prosesindən yayınmaqla münaqişənin həllini uzatmaq cəhdləri işğalçının sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, Azərbaycanın ərazi bütövlüyü, siverenliyi və müstəqlilliyi ilə bağlı NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların sənədlərində yer almış müddəaların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.
Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinin və digər beynəlxalq sənədlərin, həmçinin ölkə Konstitusiyasının verdiyi hüququdan istifadə etməklə, işğalçının geriyə oturdulması, sülhə məcbur edilməsi istiqamətində Beynəlxalq Hümanitar Hüququn prinsiplərinə əməl etməklə müvafiq hərbi əməliyyatlar həyata keçirib, işğala və onun nəticəsində yaranmış münaqişəyə son qoyub.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərindən irəli gələn status-kvonu, tarixi ədaləti bərpa etməklə yanaşı, regionda sülhə, əminamanlığa, əməkdaşlığa imkan açan, bölgənin təhlükəsizliyinin təmin olunmasına zəmin yaradan yeni reallıqların əsasını qoyub. NATO-nun zirvə görüşünün yekun sənədində daha öncəki sənədlərdə yer alan müddəaların təkrarlanmaması, Alyansa üzv olan dövlətlərin Cənubi Qafqazdakı mövcud reallıqların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun formalaşdığını qəbul etdiklərini təsdiqləyir. Yəni NATO Azərbaycanın qələbəsinin legitimiyini tanıyır və bu qələbənin NATO Nizamnaməsinin də əsasını təşkil edən BMT Nizamnaməsinin tələblərinə uyğun gerçəkləşdirildiyini qəbul edir".
E.Mirzəbəylinin fikrincə, NATO zirvə görüşünün yekun sənədində Cənubi Qafqaza istinad olunmaması, eyni zamanda Alyansın münaqişənin başa çatdığı və hər hansı danışıqlar formatına ehtiyac duyulmadığı barədə açıq mesajı kimi də qəbul oluna bilər:
"Bu bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıq yavaş-yavaş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir və nəzərə alınır. Bununla yanaşı, zirvə görüşünün yekun sənədində Cənubi Qafqaz bölgəsinə, həmçinin ölkəmizə istinad edilməməsi, regionun bundan sonra avroatlantik alyansın diqqətindən kənarda qalacağı kimi dəyərləndirilməməlidir.
NATO-nun ən böyük siyasi və hərbi güclərindən biri olan Türkiyənin regiondakı rolunun artması bunun əksini sübuta yetirir. Həmçinin unutmaq lazım deyil ki, yekun sənəddə, eləcə də üzv dövlətlər arasındakı ikitərəfli danışıqlarda Türkiyənin NATO-dakı mövqelərinin daha da güclənməsinə xidmət edən, qardaş ölkənin Avrasiyadakı statusunu gücləndirən bir sıra mühüm məqamlar nəzərə çarpmaqdadır".