Natamam ailə

Valideynləri boşanan və ya ailədaxili
münasibətlərin gərginləşməsi üzündən mənəvi zədələrə məruz qalan övlad
cəmiyyətə heç də həmişə sağlam insan olaraq qarışa bilmir. Bir çox hallarda onların
aldıqları mənəvi zədələr digər cəmiyyət üzvlərinə qarşı aqressiya olaraq
ötürülür. Beləliklə, ailə problemləri üzərindən kiçik və ya yeniyetməlik
yaşında müəyyən travmalar almış insan nəinki sonralar özünü doğrulda bilmir,
üstəlik, başqalarına da zərər vermək riski daşıyır... Bunu problemə müxtəlif
aspektlərdən yanaşan mütəxəssislər də bildirdilər.
Mənəvi
qidanın əskikliyi
Psixoloq
Ülkər Sadıqova deyir
ki, əgər uşağın gözü qarşısında hansısa proseslər, birbaşa mənfi hallar baş
verirsə, bu, onun sonrakı həyatına təsirsiz ötüşmür. Yəni uşaqların aldıqları
travmalar müəyyən yaş dönəmlərinə təsadüf edir, buna uyğun olaraq isə onların
mənəviyyatını zədələyir. "Hər yaş dövrünün öz keçid bazaları olur. O keçid
bazalarında alınan travmalar insanın formalaşmasında mənfi təsirini mütləq
göstərir. Valideynlərindən birinin itkisi və ya onların boşanması 12 yaşlı
uşaqla 3 yaşlı körpəyə müxtəlif şəkildə təsir edir. Yəni onların aldıqları
travmalar arasında böyük fərqlər yaşanır. Amma ümumi olaraq, ailənin tam
olmaması uşaqda mütləq bir natamamlıq formalaşdırır” - deyə psixoloq bildirir. Onun
fikrincə, belə hallar körpə uşaqda ilk növbədə özgüvən əskikliyi yaradır. Onun
ətraf mühitə, insanlara inamı itir, adaptasiya olması çətinləşir. 12 yaşlı bir
uşaq isə əgər anası ilə gedibsə, məcburən düşdüyü yeni mühitə öyrəşə,
adaptasiya ola, yaşıdları ilə ünsiyyət yarada bilmir.
Əlbəttə, yüngül travmalar özgüvən əskikliyi və yeni
inamsızlıqdır. Lakin uşaqlar ağır mənəvi zədələr də ala bilir. Evdə baş verən
söz-söhbət və davaların yeniyetməyə bir başqa mənfi təsiri var. Ülkər xanım onu
da bildirdi ki, bu, uşağın həssaslığından, baş verənləri necə qəbul etməsindən
də asılıdır. Qadınlar daha emosional olduğundan, qız uşaqları belə hallara daha
həssas olur. Yəni onların travma alma riski daha çoxdur: "Ümumiyyətlə,
yeniyetmələr itkini və ayrılığı daha həssas qarşılayırlar. Ölüm hadisəsi bir
başqa işdir. Ata və ananın övladlarını sevdikləri halda, ayrılmaq
məcburiyyətində qalmalarını uşaq düzgün dərk edə bilər. Lakin onun üçün keçid
dövrlərində boşluqlar yaşandıqda, yəni uşaq lazımi dönəmlərdə ona lazım olan
mənəvi qidanı almadıqda həyatlarında natamamlıq yaşanır”. Başqa sözlə,
valideyn-uşaq münasibətlərində və ya valideynlərin bir-birinə olan
münasibətlərində problem yaşandığı halda, alınan travmalar artıq bir müddətdən
sonra başqa şəkildə üzə çıxır. Yeniyetmə artıq özünü "uşaq” hesab etmir, böyük
sanır, öyüd-nəsihəti eşitmir.
Belə
yeniyetmə ətrafına "nə verir”?
"Burada insanın xarakterinin də rolu böyükdür. Elə
uşaq var ki, yaşadığı bütün problemlərə rəğmən qəddarlaşmır. Eləsi də var ki,
qəddarlaşır və özü çəkdiklərini ətrafına çəkdirmək istəyir”, - psixoloq deyir.
Natamam ailənin övladı çox zaman özünə qapanır, ünsiyyət qura bilmir. Bu zaman
onu mühit də qəbul etmir. Nəticədə o, günü-gündən öz aləminə çəkilir. Eləsi də
var ki, xarakter etibarı ilə qəddardır və yaşıdları, eləcə də onu əhatə edən
ətraf aləm tərəfindən qəbul edilmədikdə onlara qarşı özü durmağa başlayır.
Getdikcə aqressivləşir, amansız olur, "hamının cavabını vermək istəyir”.
Oğlanlar daha çox davaya girir, qisas almağa meyilli olurlar. Belə hallara
əsasən, 9-10-cu sinif şagirdlərində rast gəlinir. Qız uşaqları isə
aqressivləşir, hətta üsyan edirlər. Boşanmadan sonra onun yanında qalmış
valideyndən belə üz döndərirlər.
"Onlar
özlərini başqa yerlərdə axtarırlar”
Ülkər xanıma görə, məktəb 2-ci evdir. "Məlumdur ki,
hər kəsin istiliyini hiss etdiyi bir ocağa ehtiyacı olur. Bu mənada məktəb,
dolayısı ilə hər hansı bir müəllim mənəvi sarsıntıya düçar olmuş uşağa dəstək
ola bilər. Bəzən müəllim bu cür uşaqlara doğma münasibət bəsləmir. O halda,
belə uşaqlar məktəbdən uzaqlaşıb özlərini başqa yerlərdə axtarırlar. Bu isə
ağır fəsadlarla nəticələnir”.
"Sevgidən
doğulan uşaqlar yaraşıqlı olur”
Sosioloq
Əhməd Qəşəmoğlubildirdi ki, natamam ailə məsələsi ciddi problemdir. Mütləq ailənin mahiyyət etibarı
ilə nə olduğunu lazımınca təhlil etmək lazımdır: "Ailədə ən həssas məqam ailə
daxilindəki mühitdir. Ata və ananın hər birinin uşağa göstərdiyi qayğıdan
başqa, övlada verdikləri enerji var. Bununla bağlı elmi araşdırmalar aparılır,
xüsusilə, valeologiya adlı elm
sahəsi var və bu xüsusda kifayət qədər böyük tədqiqatlar aparır. İnsanların
bir-birinə enerji ötürməsi təminatı ilə bağlı elmdə artıq ciddi fikirlər var.
Bu sahədə özüm də araşdırma aparmışam. Statistik göstəricilərə baxmışam və bu
qənaətə gəlmişəm ki, ata-ana arasındakı münasibətlər sevgi və hörmət əsasında
qurulubsa, həmin mühitdə böyüyən uşaqlar əsəb sarsıntısı keçirmir və psixi
cəhətdən sağlam olurlar. Hətta buna da fikir vermişəm ki, sevgidən doğulan
uşaqlar bir az yaraşıqlı olurlar. Sevgi amili uşağın rüşeymindən doğuluşuna
qədər və daha sonra isə bir insan kimi formalaşmasına müsbət təsir edir”.
Mütəxəssis bildirdi ki, natamam ailədə övladın tərbiyəsi məsələsinə bir neçə
aspektdən - sosial, psixoloji, energetik, bioloji tərəfdən yanaşmaq lazımdır.
Normal ailələrdə adətən, bir ahəngdarlıq olur. Bu münasibət iqtisadi amildən
daha üstündür. Yəni elə kasıb ailələr var ki, orada böyüyən uşaqlar özlərini
daha xoşbəxt, firavan, təmin olunmuş hiss edirlər.
Energetik
enerjidən məhrum olma
Əhməd müəllimin sözlərinə görə, natamam ailələrdə
uşaqlar qeyri-adi energetikadan məhrum olurlar, çünki energetik mühit burada
artıq pozulub. Ata-anadan ötürülən qürur, müsbət xarakterlər başqa birisindən,
tutaq ki, əmidən, baba və nənədən alına bilmir. "Deyək ki, tarın üzərindəki
telin biri çatışmayanda, ahəngdar musiqi səslənmir. Ailədə də belədir. Natamam ailə məsələsi bütün Yer üzünün
fəlakətidir. Çalışmaq lazımdır ki, ölkəmizdə bu sahədə bir irəliləyişə nail
olaq. Statistik məlumata əsasən, ölkədə 25 faiz boşanma var. Bu, rəsmi
məlumatdır. Lakin artıq ailə daxilindəki münasibətlər pozulubsa və ya
münasibətlərdə gərginlik varsa, elə bu cür ailələr də bütöv ailə sayıla bilməz.
Yetişməkdə olan gənc nəsil bundan çox əziyyət çəkir, yəni bu, keyfiyyətli
nəslin yetişdirilməsinə bir əngəldir. Əlbəttə, iqtisadi tərəfi də bir kənara
qoymaq olmaz. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”.
Ailə
lazımdırmı?
Əhməd müəllim xüsusi olaraq qeyd etdi ki,
boşanmalar zamanı uşaqlar çox gərginlik yaşayırlar. "Məhkəmə işçiləri ilə söhbətlərdən
məlum olur ki, valideynlər arasında münasibətlərin pozulması, dava-dalaş uşağın
psixoloji sarsıntısına səbəb olur və o, sonradan cəmiyyətə adaptasiya ola
bilmir. Ailənin əsas funksiyalarından biri uşağı cəmiyyətə hazırlamaqdır”.
Sosioloq müasir zaman üçün ailənin vacibliyinin bir
əhəmiyyəti olmadığını deyənlərə də səsləndi: "Kim hesab edirsə ki, müasir zaman
üçün ailə artıq gərək deyil, dağılıb getməlidir, yanılır. Hətta deyərdim ki,
düşmən düşüncəsinin məhsuludur. Ailə olmasa belə, onu təzədən yaratmaq lazım
idi. Min illərdir ki, bütün dinlər, alim və filosoflar ailənin vacibliyi fikri
üzərində dayanıblar. Azərbaycan ailəsində öyrənməli çox yüksək dəyərlər mövcud
olub. Biz qədim ailə dəyərlərimizi bütün dünyaya təlqin edə bilərdik. Təəssüf
ki, əhəmiyyət vermədiyimiz o dəyərlər dağılıb məhv oldu. Qədrini bilmədik”.
Elmi
təminatlar əsasında proqrama ehtiyac var
Əhməd müəllim bu sahədə ciddi elmi təminata ehtiyac
olduğunu bildirdi: "Qərb ölkələrində, Rusiyada bu sahə üzrə elmi tədqiqat
institutları işləyir və bunun da nəticəsində konkret fikir aydınlığı ortaya
çıxır. Bu institutlar sovet dövründə fəaliyyət göstərirdi, hazırda da işləyir”.
Sosioloq bu sahədə elmi əsaslarla hazırlanmış fəaliyyət proqramının vacibliyini
qeyd etdi. Yalnız bundan sonra qanunvericilikdə hansı dəyişikliklərin olması,
nə kimi inzibati işlərin həyata keçirilməsi haqda düşünmək olar. Yəni ailə ilə
bağlı ciddi platformaya ehtiyac var.
Xarici
amillərin təsiri
Sosioloq bildirdi ki, övlad tərbiyəsinə yalnız ailə
daxilindəki proseslərin fonundan yanaşmaq düzgün fikir deyil. Buraya SSRİ-nin
dağılmasından tutmuş və bununla bağlı ölkəyə gələn xaotik proseslər, müharibə
də daxildir. Yəni, "Davranışı formalaşdıran 3 mühüm amil var: bunlardan
birincisi mühit, ikincisi alınan informasiya, üçüncüsü isə üstünlük verilən
dəyərlərdir”.
Əhməd müəllim dedi ki, cəmiyyətdə mənəvi dəyərlər
öndə olanda orada gedən prosesləri tənzimləyir və cəmiyyət inkişaf edir. Mənəvi
dəyərlər basqı altında olduqda isə fəlakət baş verir. Kriminal hadisələr, arzu
edilməyən hallar artır. "20-ci əsrdə iqtisadi məhrumiyyətlərə baxmayaraq,
mənəvi dəyərlər ailəni saxlamışdı. Maddi və başqa tipli dəyərlər önə keçəndən
sonra mənəvi dəyərləri sıxışdırdı. Eybəcər hallar ortaya çıxdı”.
Mütəxəssis dağıdıcı modellər haqda fikir
bildirərkən, qadına qarşı şiddətin süni olaraq qabardılmasını da qeyd etdi.
Məsələni yalnız bu cür deyil, bütövlükdə ailə problemi üzərindən çözmək
lazımdır. "Biz nəticədə Azərbaycan kişisinin vəhşi imicini yaratmışıq. Belə
çıxır ki, Azərbaycan kişisi vəhşiləşib, qadınını daim döyür, əzir, ona əzab
verir. Bu, dağıdıcı modeldir. Bu kimi fikirlərin mahiyyətini yetərincə
anlamadan təbliğ etmək, həyata keçirmək düzgün deyil. Ailə haqda fikir
yürüdərkən, məsələyə kompleks yanaşmaq lazımdır. Hazırda Azərbaycan ailəsində
tarixdə heç vaxt olmayan çox böyük gərginlik var” – deyə Əhməd müəllim vurğuladı.
Şəxsiyyətin
deformasiyası məsələsi
Hüquqşünas-ekspert
Ramil İskəndərli ilk
növbədə valideynlərin uşaqların bir şəxsiyyət kimi formalaşmasında böyük rol
oynadıqlarını bildirdi. "Uşaq yaşlarında valideynlərindən birini itirmiş şəxs
dərin psixoloji travma keçirir və bu, müəyyən şərtlər daxilində şəxsiyyətin
deformasiyasına gətirib çıxarır. Bu isə öz növbəsində uşağın davranışına və
cəmiyyətə münasibətinə təsir edir və nəticədə cinayətkarlığa meyilliliyi
artırır”.
Ekspert qeyd etdi ki, valideynlər övladlarına erkən
yaşlarında mədəniyyətə, incəsənətə maraq aşılamalıdırlar. Belə olduqda uşaq
mənən qidalanır və həyatda müəyyən dəyərlər sisteminə malik olur. "Əgər erkən
yaşlarından uşaqlar evdə və yaxud məktəbdə cinayət törətmənin nəticələri barədə
maariflənsələr, bu, onların gələcəkdə cinayət törətmə baxımından çəkindirici
amil rolunu oynayacaq. Bu cür maariflənmədən kənar qalan uşaqlar isə öz
növbəsində hər gün televiziyada və sosial şəbəkələrdə zorakılığı təbliğ edən
filmlərə baxmaqla, kriminal aləmin məşhur şəxsləri barədə daha çox məlumat
almaqla cinayətə meyilli olmaq riski daşıyırlar. "Oğru dünyası”nın media və
sosial şəbəkələrdə heç də çox zaman mənfi obrazda deyil, neytral və ya müsbət
obrazda işıqlandırılması uşaqlarda bu cür şəxslərə və paralel olaraq onların
törətdiyi əməllərə daha çox maraq oyadır”.
R.İskəndərli onu da qeyd etdi ki, Dövlət Statistika
Komitəsinin 2017-ci ilin yekunlarına əsasən açıqladığı rəqəmlərə görə, 2017-ci
il ərzində 323 nəfər yetkinlik yaşına çatmayan uşaq məhkum olunub. "Onlardan 50
nəfəri natamam ailədən, 2 nəfər isə ümumiyyətlə, valideynləri olmayan
uşaqlardır”.
Ekspertin fikrincə, belə halların qarşısının
alınması yönündə əsas etibarilə düzgün dövlət gənclər siyasəti olmalıdır. Bu,
bu cür ailələrdən olan uşaqlara həm sosial, həm iqtisadi, həm də
mənəvi-vətənpərvərlik dəstəyi olaraq kompleks tədbirlər şəklində həyata keçirilməlidir.
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün hazırlanıb
