Nağıldan gerçəkliyə - BAŞ REDAKTORDAN

Cəmi 1 il əvvəl
ağlımıza gələrdimi ki, Füzulidə yeni aeroport tikəcəyik, Türkiyə prezidentinin
təyyarəsi ora enəcək, onun rəsmi qarşılanma mərasimi Zəngilanda keçiriləcək? Şəxsən
mənə desəydilər, "nağıl danışırsınız”, "arzularınızı dilə gətirirsiniz, amma reallıq
başqadır” deyərdim. Cəmi 1 il qabaq bütün bunlar bizə nağıl kimi gələrdi.
Amma indi
nağıl deyil, şirin bir reallıqdır.
Dost-düşmənə
verilən mesaj
Şuşa Bəyannaməsindən
sonra Füzuli aeroportunun açılması, Zəngilanda Azərbaycan və Türkiyə prezidentləri
arasında aparılan danışıqlar Cənubi Qafqazdakı yeni geosiyasi reallıqların sahədə
təsdiqi, dosta, düşmənə nümayişidir.
Artıq Zəngəzur
dəhlizinin açılmasına da çox qalmadı.
Bunun üçün
bütün maneələr aşılmaqda, hazırlıqlar başa çatmaqdadır. Prezident İlham
Əliyevin bir neçə ay əvvəl dediyi "ya bu dəhlizi xoşluqla açacaqlar, ya da biz
onları buna məcbur edəcəyik” fikri yadınızdadırmı? Onda Ermənistan rəsmiləri
daş atıb başlarını tuturdular ki, "heç bir dəhliz olmayacaq, bu barədə
danışmağa belə dəyməz”.
Üstündən
çox keçmədi
Üstündən
çox keçmədi, onları başa saldılar ki, bu, olmalıdır. Sənin istəyib-istəməməyindən
asılı deyil. Hətta bəzi qonşularımızın qahmar çıxmağı da köməyə çatmadı. Moskva
səfərindən dərhal sonra Paşinyan Minskdə keçirilən MDB Dövlət Başçıları
Şurasının iclasında özü quzu kimi elan etdi ki, Azərbaycan Naxçıvana həm dəmiryolu,
həm də avtomobil yolu imkanı əldə edəcək. Bundan sonra da yenə öz ölkəsinin
parlamentində bəyan etdi ki, daha onların yeni torpaqlar əldə etmək arzuları
yoxdur, Qafqazı əməkdaşlıq regionuna çevirmək istəyirlər.
Bunun
ardınca Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin bünövrəsini
qoydular. Yolun tamamən açılacağı gün də uzaqda deyil. 8 aya beynəlxalq
aeroport tikməyi bacaran Azərbaycan Türkiyənin də dəstəyi ilə ən qısa zamanda Zəngəzur
dəhlizindən keçəcək dəmiryolu və avtomobil yolunu da istifadəyə verəcək.
Bir sözlə,
nağıllar gerçəkliyə çevrilir.
Xoşbəxt
sonluqlu nağıl
Bütün bu nəhəng
gəlişmələrin fonunda Ermənistan çox gücsüzdür. Onların artıq regionda baş verən
proseslərə real təsir imkanları yoxdur. Hətta xarici havadarları da proseslərə
heç bir müdaxilə edə bilmədiklərini görüb, həvəsdən düşüblər. Onların da gücsüz
olduğunu anlayan Ermənistan, yeganə çıxış yolunun Rusiyanın qoltuğuna sığınıb
Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq olduğunu dərk edib. Zaman
keçdikcə, işğaldan azad olunan ərazilər gülüstana çevrildikcə, Bakıdan
Naxçıvana, Türkiyəyə və Türkiyədən Bakıya şütüyən qatarları, avtomobilləri
gördükcə, nə qədər miskin durumda olduqlarını, dünyanın inkişafından nə qədər
geridə qaldıqlarını, son 30 ili necə fövtə verdiklərini bir daha anlayacaqlar.
Anlayacaqlar ki, neçə onillikdir miflərlə yaşayıblar!
Anlayacaqlar
ki, qarşılarında Azərbaycan deyilən nəhəng bir güc var və artıq onunla zarafat
etmək olmaz!
Bu gün
bölgədə baş verənlər bizim üçün, müttəfiqlərimiz üçün, ümumilikdə region üçün xoşbəxt sonluqlu nağılın başlanğıcıdır!
İlham
Quliyev
