• cümə axşamı, 28 mart, 12:29
  • Baku Bakı 16°C

Nağdsız ödənişlərə diqqət artıb... Araşdırma

24.05.13 09:26 14036
Nağdsız ödənişlərə diqqət artıb... Araşdırma
Mərkəzi Bankdan ötən həftə nağdsız ödənişlərlə bağlı verilən açıqlama xeyli diqqətçəkən oldu. Qurum sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, nağdsız ödənişlərin inkişafının stimullaşdırılması, nağdsız ödənişlər üzrə infrastrukturun genişləndirilməsi və hüquqi bazanın möhkəmləndirilməsi üzrə kompleks tədbirlər paketi hazırlanaraq hökumətə təqdim edilib. A.Quliyev beynəlxalq kart təşkilatları ilə birgə reallaşdırılmış layihələr haqqında da danışıb. O, görüləcək kompleks tədbirlərin qısa müddət ərzində ölkənin nağdsız hesablaşmalar üzrə göstəricilərinin yüksək səviyyəyə çatdırılmasına imkan verəcəyini bildirib.
Ötən həftə həmçinin Mərkəzi Bankın dəstəyi ilə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kart sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “Həyat Visa ilə rahatdır” milli marketinq kampaniyasının təqdimat mərasimi keçirilib. A.Quliyev tədbirdə çıxış edərkən yaradılmış geniş infrastruktur imkanlar barədə məlumatı diqqətə çatdırmaqla nağdsız ödənişlərin kütləviləşdirilməsində əhalinin mühüm əhəmiyyət kəsb etdiyini və məhz bu səbəbdən Mərkəzi Bankın ev təsərrüfatı və biznes icmasının maliyyə savadlılığının artırılmasına xüsusi diqqət ayırdığını bildirib.
Qeyd edək ki, “Kaspi” qəzeti olaraq bir neçə dəfə nağdsız ödənişlərin miqyasının genişləndirilməsi istiqamətində maarifləndirici yazılar dərc etmişik. MB-nin açıqlaması mövzunu yenidən gündəmə gətirdiyindən bir daha bu məsələyə qayıtmaq və mövcud vəziyyət, hazırkı təcrübə, rast gəlinən problemlər haqda yazmağı vacib hesab etdir.
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə nağdsız ödənişlərdən istifadə 90 faiz, bəzən 100 faizə yaxın olduğu halda, Azərbaycanda cəmi 10-15 faiz bu imkandan yararlana bilir. Öz müşahidələrimizə əsasən deyə bilərik ki, hətta paytaxt Bakıda nağdsız ödəmələrdən çox az istifadə edilir. Yalnız son vaxtlar bir sıra bankların tətbiq etdiyi kampaniyalar çərçivəsində kredit kartlardan istifadə bir qədər artıb. Lakin vəziyyət hələ də qaneedici deyil.
Durumu qəlizləşdirən məsələlərdən biri də budur ki, heç insanlar özləri də nağdsız ödəniş imkanlarına o qədər də maraq göstərmirlər. Bankların kampaniyalarından yararlanmağın səbəbi isə bankların təqdim etdiyi limitli kredit kartlarıdır. Əslində nağdsız ödəniş sisteminin tətbiqi həm də o deməkdir ki, pullarımız daha etibarlı vasitə olan kartlarda saxlanılır. Nağd gəzdirdiyimiz pulları itirmək və oğurlatmaq ehtimalımız daha yüksəkdir. Kart itdikdə sahibi müvafiq banka müraciət edib yenisini almaqla pullarını geri qaytarmış olur. Amma nağd pul itdikdə və yaxud oğurlandıqda ondan əlimizi həmişəlik üzməli oluruq.
Nağdsız ödənişlər sisteminin birmənalı olaraq prioritetə çevrilməsi plastik kart istifadəsinə keçidi sürətləndirir. Məqsəd həm də kölgə iqtisadiyyatının qarşısını almaq, pul dövriyyəsini tam nəzarətdə saxlamaqdı. Bunun üçün də bank sektorunun önəmli qollarından birini plastik kartlar xidməti təşkil edir.
Plastik kart təcrübəsi: dünyada və bizdə
Dünyada plastik kartların müxtəlif növləri var. Onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidi. Fərq yalnız göstərilən güzəştlərin həcmində və təqdim olunan əlavə imkanlarındadı. Statistikaya görə, Azərbaycanda hazırda 4 milyondan çox plastik kart var. Ölkə əhalisinin yarısı bu kartlardan istifadə edir. Lakin say hesabı ilə passiv istifadəçilərin çoxluq təşkil etdiyi də qeyd olunmalıdı. İstifadəçilərin əksəriyyəti plastik kartlardan yalnız maaş kartı kimi yararlanır. Araşdırmalar göstərir ki, banklardan plastik kart almaq üçün 40 manatdan 200-300 manatadək xərc çəkməlisən. İnkişaf etmiş ölkələrdə isə bu sahədə vətəndaşların xeyrinə olduqca rahat şərtlərlə infrastruktur formalaşdırılıb. Amerikada bir nəfərin 4, Yaponiyada 2 kredit kartı var. Britaniyada adama minimum 1 plastik kart düşür. Türkiyə, Danimarka, Braziliyada və bəzi Avropa ölkələrində əməliyyatların 90 faizindən çoxu nağdsız aparılır. Azərbaycanda isə statistika göstərir ki, plastik kartlarla aparılan əməliyyatların 90 fizindən çoxu nağd pulun çıxarılmasına xidmət edir.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, son illər Bakı şəhərində plastik kartların istifadə imkanlarını genişləndirən bir sıra tədbirlər görülüb: “Paytaxtda nağdsız əməliyyatların aparılması üçün POS-terminalların, bankomatların sayı artırılıb. Bununla belə, statistik göstəricilərə nəzər salsaq, ölkədə istifadə olunan plastik kartların demək olar ki, 95 faizini debit kartlar, qalan 5 faizini isə kredit kartları təşkil edir. Bu da əsas etibarı ilə nağd pulun əldə olunmasına xidmət göstərir. Nağdsız ödənişlərin aparılmasında bu çox aşağı göstəricidi. Ümumilikdə nağdsız əməliyyatlara şəffaflığın və təhlükəsizliyin təməli kimi dəyər verilir: İnsanlar üzərində nağd pul daşımaq məcburiyyətində qalmır, plastik kart insana sərbəstlik, çeviklik, əminlik və geniş imkanlar açır. Bunların reallığa çevrilməsi üçün sadəcə, istifadə imkanları genişləndirilməlidi. Bu sahədə ölkədə infrastruktur hələ tam formalaşmayıb. Eyni zamanda stimullaşdırıcı və maarifləndirici tədbirlər bazası zəif aparıldığından ciddi irəliləyiş müşahidə olunmur”.
Bütün əməliyyatlar rəsmiləşməlidir
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 205-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında da bu məsələ ilə bağlı məqam öz əksini tapıb.
Fərmanın 1.4. bəndinə əsasən, POS-terminalların quraşdırılmasının sürətlənməsi tapşırılır. Həmin bənddə göstərilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müəyyən edilərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin. Göründüyü kimi, məsələ birbaşa ölkə rəhbərliyinin diqqətindədir.
Ekspertlər bildirirlər ki, nağdsız dövriyyə üçün çox vacib şərt bütün əməliyyatların rəsmiləşməsidir. Azərbaycanda dövriyyə obyekti olan bütün subyektlərdə qeyri-rəsmi ödənişlər aradan qaldırılmalıdır. Digər bir tərəfdən vergi intizamı kifayət qədər yüksək olmalıdır, vergi qanunvericiliyi normal işləməlidir ki, heç kim dövriyyədən yayınmağa meyl göstərməsin. Rəylərə görə, nə qədər ki, bu problemlər qalır nağdsız ödəmələrin səviyyəsi artmayacaq. Ümumiyyətlə, təcrübə göstərir ki, kölgə iqtisadiyyatının güclü olduğu ölkələrdə nağdsız dövriyyənin effektiv işləməsi mümkün olmur. Nağdlı dövriyyənin xarakterik xüsusiyyəti odur ki, daha çox kölgə iqtisadiyyatından qidalanan pullar orda əridilir. Rəsmi səviyyədə rəqəm açıqlanmasa da, bizdə kölgə iqtisasiyyatı geniş miqyasdadır. Bu isə nağd dövriyyənin səviyyəsinin yüksək olaraq qalmasına və nağdsız ödəmələrin genişlənməsinə mane olmasına səbəb olur.
Nağdsız ödənişlərin başqa üstünlükləri də var
Mütəxəssislər bildirirlər ki, nağdsız ödənişin tətbiqi həm Mərkəzi Bankın fəaliyyətini yüngünləşdirir, həm də inflyasiyanın qarşısını alır. Kartlardan istifadə zamanı xidmət haqqına görə faizlərin tutulmasına gəlincə, artıq xarici ölkələrdə bu problem həll edilib. Çünki kartlara mərkəzləşdirilmiş şəkildə nəzarət edilir. Müştəri istənilən kartla ödəniş aparır və buna görə əlavə pul tələb olunmur. Hesabların qorunmasına gəldikdə isə bank mütəxəssisi olan Orxan Qafarov bildirir ki, burada məsuliyyət bankların üstünə düşür. Belə ki, banklarda xüsusi proqram təminatları mövcuddur. Bu proqram vasitəsilə banklar öz müştərilərinin hesablarına nəzarət edə bilir və müştərilərə də öz balansını yoxlamasına yardımçı ola bilirlər: “Bank işçisi tərəfindən bu prosesə müdaxil olunması elə də asan məsələ deyil. Çünki orada bu sistemə bir işçi deyil, bir neçə nəfər nəzarət edir. Amma sistemə hakerlər tərəfindən müdaxilə edilə biləcəyini istisna etmirəm”. Mütəxəssis plastik kartlarla ödəniş zamanı bankın qazancının tutulan faizlərdən gəldiyini deyir. Amma bu zaman faizlər müştəridən yox, ticarət obyetklərindən tutulmalıdır. Bizdə mövcud olan hazırkı təcrübədə isə bir çox hallarda faizlər müştərilərdən tutulur. Güman ki, Mərkəzi Bankın hökumətə təqdim etdiyi tədbirlər planında bu və digər məsələlərin həlli yolları da göstərilib.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər