Mövsümün serialları - SORĞU

Kiminsə
qarşısında yeni yollar, yeni qismətlər olacaq. Keçmişdən gələn bir obraz da
kabus kimi həyatın üzərinə çökəcək
Telekanallar
yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni
serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyim ki, serial süjet xətti
bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial –
"Farevey Hill” 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd
edim ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb.
Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar
tamaşaçıların görüşünə gəlir. Təbii ki,
serialların da öz izləyicisi, auditoriyası var. Bəs kanallar bu il hansı seriallarla
tamaşaçıların qarşısına çıxacaqlar?

"Uçurum”da sağ qalanlar
Üç mövsüm
ARB kanalı izləyicilərinin sevimlisi olan "Uçurum” serialı bu il artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə
gətirən yaradıcılardan biri – quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki,
reytinq cədvəlinə görə, ən çox izlənilən seriallardan biri olan "Uçurum”un çəkilişləri artıq bir aydır ki, davam edir və
efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: "Bu mövsümdə də yeni süjet xətti, bir-birindən maraqlı hadisələr, obrazlarla
tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət
mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini
tapacaq. Ötən mövsümdən Sevda, Cənnət, Mədət, Nərminə, Aynur, Tofiq və digər
sevilən obrazlar qalsa da, yeni
xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir
obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək”.
Serialın
daimi və yeni tamaşaçıları "Uçurum”u həftə
içi dörd gün ARB kanalında izləyə biləcəklər.

"Bir qadın”ın taleyi
ATV
kanalında gedən və tamaşaçı istəyi ilə
üçüncü mövsümünə qədəm qoyan "Bir qadın” serialının da artıq çəkilişlərinə
başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun
sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran
"Bir qadın” serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik
olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə
Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq
bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr,
daha fərqli xarakterlərlə efirdə olacaq. Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən
obrazların həyatında hansı dəyişikliklər olacaq? Kimin qarşısında yeni yollar,
yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə "Bir qadın” serialında
olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə
içi dörd gün ATV kanalında yayımlanacaq.

"Gecə yarısı” havası
ATV
kanalında başqa bir yeni layihə - "Gecə
yarısı” da efirdə olacaq. "Gecə yarısı”nın quruluşçu rejissoru Kənan MM
bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir. Baş rolların ifaçısı Günəş Mehdizadə, Tural Əhməd, Reşat Kəsəmənli, Rada Nəsibova və
Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını
ATV kanalında ekranlara çıxacaq "Gecə yarısı” serialını izləməyə dəvət edirik. Efir vaxtı oktyabr ayına nəzərdə tutulan
serial həftə içi bir gün yayımlanacaq.

Günümüzün serialı
"Space”
kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya
janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzlə səsləşən
pandemiya mövzusunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə
görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn maraqlı, gülməli və eyni
zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru
Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid
Hüseynov və Elnur Hüseynov çəkilirlər. Serialın bir gün – həftə sonu yayımlanması
nəzərdə tutulub.

Serial izlə, sağlam ol
"Covid-19” pandemiyasının tüğyan etdiyi bir
vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan
yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar
çəkdikləri əziyyətə dəysin. İnsanların daha çox "evdə qal” çağırışı zamanı asudə
vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziyalardı.
İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə,
serial izləməyə dəvət edirik. Milli
seriallara baxın, sağlam olun...
Xanım Aydın
