Bakı Slavyan
Universitetinin növbəti qonağı
qardaş Türkiyə Cümhuriyyətinin sevilən sənətçisi Müşərrəf Akay olub. Dekabrın 3-də universitetin
rəhbər heyətinin, müəllim və tələbələrinin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış
sənətçi ilə görüş keçirilib. Qonaq BSU-nun girişində tələbələrin təqdimatında
Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnılar və rəqslərlə
qarşılanıb. Foyedəki kiçik konsert proqramının ardından tədbir universitetin
akt zalında davam edib.
Tədbiri giriş sözüylə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva
universitetin yaranma tarixindən, burada türk dili
və mədəniyyətinə, ədəbiyyat və musiqisinə olan böyük diqqətdən danışıb. Bakı
Slavyan Universitetinin yarandığı gündən dünyanın bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq
qurduğunu dilə gətirən N.Əliyeva qardaş Türkiyə ilə əməkdaşlığın daha dərin
köklərə malik olduğunu bildirib. Sonra N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları
Mərkəzinin fəaliyyətindən danışıb. O, eyni
zamanda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq
üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən
kursların tədris olunduğunu vurğulayıb. N.Əliyeva qonağa bu günlərdə BSU ilə
Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən
"Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı tədbir barədə məlumat verib. O, həmin tədbirdə
Türkiyənin tanınmış elm və siyasət adamlarının, diplomatlarının iştirak
etdiyini, əməkdaşlığın aktual problemlərinin müzakirə olunduğunu bildirib. N.Əliyeva
daha sonra Müşərrəf Akay sənətindən, onun Azərbaycandakı heyranlarından
danışıb.
ATV-nin nəzdində Teleradio
Akademiyasının rəhbəri, BSU-nun Jurnalistika kafedrasının müəllimi,
professor Etibar Babayev çıxışında türk
sənət ustası barədə müsbət öz fikirlərini səsləndirib. E.Babayev Müşərrəf
Akayın Azərbaycan-Türkiyə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm
xidmətləri olduğunu diqqətə çatdırıb, onun Azərbaycan incəsənətinə, milli
ruhuna bağlılığını xüsusi qeyd edib.
Sonra tanınmış sənətçinin Azərbaycanla
bağlı xatirələrini əks etdirən video-çarxın nümayişi olub.
Nümayişin ardından "Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi
Emil Nəsirli Müşərrəf Akaya jurnalın "Fəxri üzvü” olması münasibətilə diplom və
qızıl medal təqdim edib. Çıxış edən Azərbaycanın
əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova yüksək səviyyəli tədbirin
təşkilinə görə BSU rəhbərliyinə minnətdarlığını bildirib.
Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf
Akay bu günlərdə Gəncədə olduğunu, orada çox səmimi qarşılandığını vurğulayıb.
Sənətçi Azərbaycana əvvəlki illərdəki səfərləri ilə bağlı xatirələrini
universitet əməkdaşları və tələbələrlə bölüşüb. Öncəki illərdə Bakıya gəlişini
yada salan müğənni Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf
etdiyini, BSU-da artıq ikinci dəfə qonaq olduğunu söyləyib.
Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: "Azərbaycan
xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim
yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim
üçün olduqca sevindirici haldır”.
Sənətçi
Azərbaycanla Türkiyə arasında mədəniyyət, incəsənət istiqamətində qurulan əlaqələrin
dərin köklərindən söz açıb. Hazırda Türkiyənin "TRT müzik” kanalının efirində
yayınlanan "Əziz dostlar” verilişi barədə məlumat verən M.Akay bildirib ki, bu
layihənin əsas məqsədi Azərbaycan xalq mahnılarını və sevilən sənətçilərini
türk xalqına daha yaxından tanıtmaqdır.