Müharibə ehtimalını azaldan görüş - ŞƏRH
Putin Baydenə
bildirib ki, Ukraynaya hücum etmək fikrində deyil, lakin ABŞ-dan NATO-nun
genişlənməyəcəyinə dair yazılı təminat gözlədiyini də vurğulayıb.
ABŞ və Rusiya
prezidentləri - Co Bayden və Vladimir Putin arasındakı onlayn görüş proqnoz
edildiyi kimi gərgin atmosferdə keçib. Ukrayna və onun sərhədləri ətrafında baş
verənlər gərginliyin əsas səbəbi kimi göstərilir. Düzdür, 2016-cı ildə ABŞ-da
baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber
təhlükəsizlik, İranın nüvə proqramı və digər məsələlər gündəmdə olsa da, işğal
olunan Ukrayna torpaqları, yeni müharibə anonsu prioritet olub.
Putinin
triumfu, yoxsa...
Son günlər Ukrayna ilə
Rusiya arasında tezliklə hərbi əməliyyatların start götürəcəyi xəbərləri
fonunda baş tutan görüşün hansı nəticələrə gətirib çıxaracağını söyləmək hələ
tezdir. Görüş Rusiyanın siyasi dairələrində, sosial şəbəkələrdə Putinin triumfu
kimi qələmə verilsə də, rəsmi Kiyev fərqli fikirdədir. Məsələn, prezident
Vladimir Zelenski bu görüşü problemlərin həlli istiqamətində ilk addım kimi
qələmə verib və ABŞ prezidentinə təşəkkür edib. Ən maraqlısı həm də odur ki,
iki ölkə prezidenti əvvəlki administrasiyalar dövründə yaradılmış, lakin
indiyədək heç vaxt istifadə olunmamış təhlükəsiz video əlaqə vasitəsilə
görüşüblər. Danışıqlar, təxminən iki saat bağlı qapılar arxasında davam edib. Bu görüşün ən əhəmiyyətli hissəsi odur
ki, Qərb mətbuatının Rusiya qoşunlarının Ukraynaya gözlənilən hücumu barədə
xəbərdarlıq etdiyi bir vaxtda baş tutub. Şayiə isə Amerika kəşfiyyatından
gəlib.
Görüşün Rusiya üçün önəmi
Artıq Qərb
ekspertləri görüşün Rusiya üçün önəmini qeyd edir və bura ilk növbədə
sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü daxil edirlər. Eləcə də,
Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq baxımından da bu görüş
əhəmiyyət kəsb edib. Lakin bəziləri hesab edir ki, hər iki tərəf Ukrayna
məsələsində ciddi dirəniş göstərib. Bu da onu deməyə əsas verir ki, hələ uzun
müddət Ukraynada sabitlik məsələsi arxa planda qalacaq. Eyni zamanda Rusiya
iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların da tezliklə aradan
qaldırılacağı inandırıcı səslənmir. Maraqlıdır ki, Rusiyaya qarşı iqtisadi tədbirlərin
nə ola biləcəyi ilə bağlı məlumat verməkdən imtina edən Bayden ABŞ-ın bunları
birbaşa ruslara çatdırmağa üstünlük verəcəyini söyləyib. Söhbət, güman ki,
"Şimal Axını-2" layihəsindən gedir. Belə ki, hələ istismara
verilməmiş bu layihə ABŞ və müttəfiqləri üçün "rıçaqı” təmin edib. Digər
mümkün tədbirlərə Rusiya banklarının rublu xarici valyutaya çevirməsinə
məhdudiyyətlər, hətta bu ölkəni "Swift” qlobal maliyyə ödəniş sistemindən
ayırmaq daxildir.
Onlayn görüş əvvəlkindən nə
ilə fərqlənir?
Yeri gəlmişkən, Baydenlə Putinin bu görüşünün iyun görüşündən fərqi
ondan ibarətdir ki, Cenevrədəki danışıqlardan əvvəl müharibə təhlükəsi daha
real idi. Donbasda atışma, Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk
"sərhədlərinə” doğru irəliləməsi. Bu dəfə isə alov Ukrayna və Donbas
separatçıları tərəfindən deyil, Qərb jurnalistləri tərəfindən körükləndi və
hamıya elə gəldi ki, artıq müharibə başlayacaq. Rusiya prezidenti açıq şəkildə
bildirdi ki, vəziyyəti təkcə Zelenski deyil, həm də Qərbin özü gərginləşdirir.
Kiyevə silah tədarükü, Qara dənizdə hərbi təlimlər, NATO qüvvələrinin Şərqi
Avropada yerləşdirilməsi - bütün bunlar Ukraynanı, Rusiyanı təhlükəli addımlar
atmağa ruhlandırır. Bundan əlavə, Putin Baydenə bildirib ki, Ukraynaya hücum etmək
fikrində deyil, lakin ABŞ-dan NATO-nun genişlənməyəcəyinə dair yazılı təminat
gözlədiyini də vurğulayıb. İki prezidentin nümayəndələrinin bəyanatlarına
əsasən, Putin və Baydenin qarşılıqlı iddiaları dinlənildi, lakin inandırıcı
olmadı. Bayden Rusiyanı diplomatiyaya çağırsa da, yenə də Moskvanın Kiyevə
qarşı güc tətbiqini istisna etmir. ABŞ Putinin NATO-nu genişləndirməmək
təklifini də rədd edir. Danışıqlardan sonra Bayden jurnalistlərə deyib ki, o,
heç kəsin qırmızı xətlərini tanımayacaq. Öz növbəsində Kremlin sözçüsü Peskov
qeyd edib ki, heç bir irəliləyiş yoxdur və "ikitərəfli münasibətlərdə
problemləri aradan qaldırmaq üçün daha çox iş görülməlidir”.
Çox mürəkkəb problemlər
Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanovun
rus mediasına dediyi kimi, praktiki baxımdan danışıqlar yalnız fikir mübadiləsi
ilə məhdudlaşıb. "Rusiya-Amerika münasibətləri və Ukrayna mövzusu çox mürəkkəb
problemlərdir və onları bir görüşdə həll etmək mümkün deyil. Keçmiş danışıqlar
hadisələrin gələcək inkişafına cüzi təsir göstərə bilər, çünki hər şey ABŞ-ın
bu məsələyə yenidən baxıb-baxmayacağından asılıdır. Rusiya təzyiqləri və
təxribat xarakterli hərəkətləri dayandıracaq və körpülər tikməyə başlayacaq? Bu,
hələ aydın deyil. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Putinlə Baydenin
bu gərgin informasiya mühitində, əslində, müharibədən əvvəlki vəziyyətdə görüşü
bir qədər rahatlıq gətirir. Bayden təhdid olsa da, hələ də diplomatiyaya
çağırır. Yeri gəlmişkən, danışıqlar zamanı onun İkinci Dünya Müharibəsini xatırlatması,
Rusiya ilə ABŞ arasında müttəfiqlik olması və bu müharibədə iki prezidentin
yaxın qohumlarının həlak olması barədə deməsi çox simvolikdir. Bu cür şeylər, əslində,
etimadın qurulmasında və gərginliyin azaldılmasında çox vacibdir.
Yekun ondan ibarətdir ki, danışıqların nəticəsini belə ümumiləşdirmək
olar: böyük irəliləyiş müşahidə etmədik, amma dialoqun canlanması hiss olunur.
Rusiya açıq şəkildə göstərir ki, Ukraynanı tutmaq fikrində deyil. Ona görə də,
bildirirlər ki, Amerika onları sanksiyalarla qorxutmağı dayandırmalı və
Zelenskini Donbasda diplomatik tədbirlər görməyə daha yaxşı inandırmalıdır.
Beləliklə, Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüş gərginliyin
azaldılmasına gətirib çıxaracaqmı? Buna əmin olmaq üçün bir qədər də gözləmək
lazımdır.
Azər NURİYEV