• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

Müəllimlik peşəsinə olan maraq artıb

26.07.19 10:30 24061
Müəllimlik peşəsinə olan maraq artıb
Bu günlərdə təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə göstərən namizədlərlə görüşündə deyib ki, 55 minə yaxın şəxsin müəllim işləmək üçün müraciət etməsi prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir."Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən birinin məhz müəllim amili olduğunu deyən C.Bayramov bu istiqamətdə görülən işlərdən, reallaşdırılan tədbirlərdən ətraflı söz açıb. Nazir həyata keçirilən işlərin nəticəsi olaraq müəllim peşəsinin nüfuzunun əhəmiyyətli şəkildə artdığını, son illər təhsil müəssisələrində daha bilikli, peşəkar müəllimlərin fəaliyyət göstərdiklərini qeyd edib. Müəllimlərin işə qəbulu ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdıran C.Bayramov ötən il 12 mindən çox şəxsin müəllimliyə qəbul olunduğunu və bunun son illər ərzində ən böyük göstərici olduğunu deyib.
Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasına yiyələnməsini diqqətə çatdırıb.C.Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumtəhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Artıq gənclər arasında müəllimliyə olan marağın artması əlbəttə, sevindirici haldır. Bəs görəsən bunun səbəbləri nə ilə bağlıdır?
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, son illər ərzində müəllimlik peşəsinə olan maraq ciddi şəkildə artıb: "Bunun bir neçə səbəbi var. İlk növbədə müəllimlərin əməkhaqqının artırılmasını qeyd etmək lazımdır. Həmçinin, orta ümumtəhsil məktəbləri dövlət başçısının daim diqqət mərkəzindədir. Son 10 il ərzində 3500-dən çox yeni məktəb binası tikilib, yeni infrastruktur formalaşdırılıb. Məktəblərin maddi-texniki bazası gücləndirilib. 15 il bundan əvvəl məktəblərin sinif otaqları tamamilə yararsız idi. İndi məktəblərdə tam müasir şərait yaradılıb. Digər bir səbəb isə işə qəbul prosesinin şəffaflaşdırılması ilə bağlıdır. Müəllimlik ixtisasına yiyələnənlərin işlə təminatı digər ixtisaslarla müqayisədə daha yüksəkdir. Bu da müəllimliyə olan marağın artmasına ciddi şəkildə təsir edir. Məsələn, müqayisə üçün 2010-cu ildə müəllim olmaq üçün 700 nəfər müraciət etmişdisə 2019-cu ildə bu rəqəm 54 minə qədər yüksəlib. Bütün bunlar sosial təminatın göstəricisidir. Hal-hazırda 18 saat dərs deyən müəllim 595 manat əməkhaqqı alır ki, bu da orta statistik göstəricilər arasında yüksək rəqəm hesab oluna bilər. Regionlarda 1200-1300 manat əməkhaqqı alan müəllimlər var. Müəllimlər eyni zamanda, repetitor kimi fəaliyyət göstərməklə də gəlir əldə edir. Yəni belə demək olarsa, indiki dövrdə müəllimlik ən gəlirli sahələrdən biridir. Ona görə də bu peşəyə maraq gün-gündən artır. Təsadüfi deyil ki, 500-dən çox bal toplayan abituriyentlər artıq bu sahəyə meyllənir. Müəllimlik ixtisası üzrə plan yerləri digər ixtisaslarla müqayisədə daha çoxdur. Demək olar ki, bütün ali təhsil müəssisələrində müəllimlik ixtisasları var və keçid balı nisbətən aşağıdır. Ona görə də abituriyentlərdə bu sahəyə meyllilik daha da artıb”.
Pedaqoji elmlər doktoru Hümeyir Əhmədov də bizimlə söhbətində bəzi məqamları qeyd etdi: "Son illər ərzində hökumətin bu sahədə apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir. Müəllimlik peşəsinə verilən dəyər bu sahəyə olan marağın artmasının əsas səbəblərdəndir. Hazırda müəllimlik ən prestijli peşələrdən hesab olunur. Əvvəlki illərlə müqayisədə indi müəllimlərin əməkhaqqı xeyli yüksəkdir. Həmçinin, cəmiyyətdə müəllimə verilən dəyər gün-gündən artmaqdadır. Hökumət müəllimlərin maddi təminatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Bunun nəticəsidir ki, 500-dən yüksək bal toplayan gənclər müəllimlik ixtisasını seçirlər. Amma əsas məsələ onların ali məktəblərdə aldığı təhsillə bağlıdır. Bu gün ali təhsil ocaqlarında verilən təhsilin modernləşdirilməsinə böyük ehtiyac var. Belə demək olarsa, orta məktəbdə verilən təhsil ali məktəbdən daha üstündür. Müəllimlik ixtisasında təhsil alan hər bir kəs bizim gələcəyimizdir. Bu gənclər savadlı kadr kimi, peşəkar mütəxəssis olaraq yetişdirilməlidir. Yalnız bu halda verilən təhsilin keyfiyyətindən danışa bilərik. Bu gün peşəkar, savadlı müəllimə böyük tələb var. Amma ali təhsil müəssisələrində verilən təhsil qaneedici səviyyədə deyil”.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, müəllimlik ən müqəddəs peşələrdən biridir: "Amma bu sahədə həllini tapmayan bəzi məsələlər var idi. Xüsusilə bu peşənin nüfuzu əvvəlki illərə nisbətən xeyli aşağı düşmüşdü. Digər ixtisaslara 500-600 bal tələb olunurdusa, müəllimlik üçün bu göstərici 200 bal idi. Son illər ərzində bu məsələ yenidən aktuallaşdırıldı və önə çıxarıldı. Müəllimlik ixtisasının nüfuzunun aşağı düşməsi səbəbləri araşdırıldı və vəziyyət təhlil edildi. Təhsilə dair 2013-cü ildə dövlət başçısı tərəfindən təsdiq olunan "Təhsilin inkişafı üzrə dövlət strategiyası”nda insan resurslarının inkişafı və müəllimin nüfuzunun yüksəldilməsi əsas prioritet istiqamət kimi irəli sürüldü. Bütün bunlar həmin strategiyadan irəli gələn məsələlərdir. Daha sonra bu yöndə müxtəlif işlər görüldü. Artıq 500-dən yüksək bal toplayan abituriyentlər könüllü şəkildə müəllim olmaq istəyir. Bu sahədə stimullaşdırıcı tədbirlərin də böyük rolu var. Xüsusilə regionlara gedən müəllimlərə əlavə əməkhaqqı və imtiyazlar verildi. Bu yaxınlarda dövlət başçısının imzaladığı sərəncamda əmək haqları yenidən 20 faiz qaldırıldı. O cümlədən diaqnostik qiymətləndirmə ilə bağlı stimullaşdırıcı tədbirlər həyata keçirildi. Bütün bunlar müəllimlik peşəsinə olan marağı daha da artırdı. Ötən illərlə müqayisədə bu peşənin nüfuzunun daha da artdığını heç kim inkar edə bilməz. Düşünürəm ki, bu maraq gələcəkdə də yüksələn xətlə inkişaf edəcək. Yəni bütün bunları təsadüf kimi qiymətləndirmək olmaz. Faktlar bir daha onu sübut edir ki, artan maraq müvafiq tədbirlərin nəticəsidir və bu işlər gələcəkdə də davam etdiriləcək”.
Şəbnəm
banner

Oxşar Xəbərlər