AZE | RUS | ENG |

Müasir yolun köhnə prinsipləri

Müasir yolun köhnə prinsipləri
Turist kimi İspaniyada səfərdə olarkən diqqətimi ən çox çəkən məqam ölkənin ictimai nəqliyyat sistemi oldu. Qatar, metro, tramvay, trolleybus və avtobuslar təkcə saat dəqiqliyi ilə işləməsi ilə deyil, həm də təmizliyi və rahatlığı ilə sözün həqiqi mənasında məndə heyranlıq yaratdı. Məsələn, Madrid-Toledo avtobusunun terminalda saniyəbəsaniyə dəqiq dayanması, komfortu, sürücünün nəzakətli davranışı ilə bərabər, salonun ideal təmizliyi, sərnişinlərin mədəniyyətini sakitcə seyr etdim. İstər-istəməz ölkəmizin şəhər nəqliyyatı, bölgələrə sərnişin daşınması mənzərələri gözümün qabağından gəlib keçdi. 

90-cı illərdən – tələbəlik vaxtlarımdan yollarda olduğumdan bu müqayisəni aparmaq əslində mənimçün o qədər də çətin deyil.  Universitetdə oxuduğum illərdən Bakı-Lənkəran avtobusunun az qala daimi sərnişini olmuşam. Bu marşrut xətti ilə hərəkət edərkən bərbad yolları da görmüşəm, 272 km-lik məsafədəki 2 saat yarımlıq yolu 6 saata başa vuran narahat, yararsız avtobusları da. Pərdələri və oturacaqlarının üstü çirkdən az qala şaqqıldağa dönmüş, döşəməsi zibilli avtobusların boğuq havasını uda-uda, hətta bəzən ürəyimdə "bir də bu avtobuslara minmərəm” desəm belə, bu yolları qət etmişəm. Təkcə mən yox,  digər sərnişinlər də taleləri ilə barışıbmış kimi səslərini çıxarmadan mənzil başına tez çatmaq arzusu ilə belə mənzərəyə kirimişcə dözüb, səbir ediblər. 

Əslində müəyyən fasilədən sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində dəfələrlə edilən "yaxşılığa” doğru cəhdlərdən sonra hər hansı dəyişikliyin olacağına ümidim vardı. Desəm ki, heç bir dəyişikliklə qarşılaşmadım, yalan olar. Müəyyən dəyişikliklər var. Məsələn, Tarif Şurasının qərarından sonra Bakı-Lənkəran avtobus reysinin qiyməti 6.50 qəpiyədək qalxıb (əvvəllər bu xidmət üçün kassadan bilet alacağın təqdirdə 4.50 qəpik ödəməli olurdun). İkinci dəyişiklik biletlərin yalnız kassadan satılmasıdır. Yəni əvvəllər olduğu kimi avtobusun qarşısında pul yığan vasitəçilərə və ya sürücülərə rast gəlmirsən. Artıq onlayn aldığın biletlə avtobusa yaxın düşməmək kimi qorxular da aradan qalxıb. Uzun illərdən sonra bu yenilik sərnişinlər üçün az qala kosmosa uçmaq kimi bir şeydir. Dəyişməyən şey isə xidmət səviyyəsi və 90-cı illərin sürülməkdən nimdaş vəziyyətə düşən avtobuslarıdır. Belələrinə isə dünyanın çox yerində rast gəlməzsən. Bu avtobuslar müxtəlif istiqamətlərə gün ərzində bir neçə dəfə sərnişin daşıyır. Əksəriyyəti də eyni vəziyyətdə - köhnə, səliqəsiz, çirkli... 

Sual yaranır: bir neçə saatlıq yola çıxan istismara yarasız, havası boğuq, salonu çirkli avtobuslarla bağlı gileyləri kimə deyək? Sükan arxasında yol boyu siqaret çəkən, mobil telefonu qulağından ayırmayan, sərnişinlərlə dolu avtobusu yanacaqdoldurma məntəqəsinə sürən sürücüdən kimə şikayət edək? Avtovağzal rəhbərliyinəmi? Ya şirkət sahibinəmi? Əlbəttə, belə bir qəliz vəziyyətin sözlə və ya şikayətlə düzələcəyinə qətiyyən inamım olmasa da, Bakı Avtovağzal Kompleksinə telefon açdım. Sərnişin kimi hüquqlarımdan danışdım, yolçusu olduğum avtobusun texniki vəziyyətinə etirazımı bildirdim. Kompleksin mətbuat xidmətinin rəhbərinin təqsiri müqavilə bağladıqları şirkətdə axtarması təəccüblü görünmədi. Yəni onların təqdim etdiyi avtobuslar budur. Kərbəlaya, İrana zəvvarlar aparan bir tanışımın sözləri yadıma düşür: "Ziyarətgaha gedən yollarda avtobus dəfələrlə xarab olur. Sükan arxasından düşüb avtobusun altında uzanıb xarab olan hissələri düzəldirəm. Sərnişinlər narahat olsalar da, gileylənsələr də, bəziləri dalaşsa da sonunda gözləyirlər - başqa yolları yoxdur. Ancaq bu, şirkət rəhbərini qətiyyən narahat etmir. Onun üçün əsas olan zəvvarlardan yığılacaq yol puludur”. 

Sərnişinlərə münasibət eynidir: istər Kərbəlaya gedən olsun, istər Lənkərana. Cavab axtarılacaq sual da oxşardır: Nə üçün avtovağzal rəhbərliyi sərnişinlərin rahatlığını düşünməyərək bərbad xidmət təklif edən şirkətlərlə müqavilə bağlayır? Nə üçün sərnişindaşımada xarici təcrübəni öyrənmir? İndi iş elə gətirib ki, ölkədə turizmin inkişafından, bölgə turizmini irəli aparmaqdan danışdığımız, bunun üçün yollar axtardığımız bir vaxtda sərnişindaşımada geriləmədən, yığılıb qalaqlanan və həllinə çalışılmayan problemlərdən söhbət açırıq. Yaxşı, deyək ki, pul qazanmaq hərisliyi şirkətlərin gözlərini tutub və Nuh əyyamından qalan avtobusları texniki vəziyyəti nəzərə alınmadan xəttə buraxırlar. Bəs sabah o reyslərdən istifadə edəcək və narazı qalacaq turistlərin və ya mənim  kimi sərnişinlərin şikayətlərini kim həll edəcək? Belə vəziyyəti görən turistlər və ya sərnişinlər bir də həmin avtobusların qapısını açarlarmı? Digər tərəfdən, elə yollarda baş verən qəzaların çoxu da səriştəsiz sürücülərlə yanaşı köhnə avtobuslar ucbatından yaranır. Buna isə heç bir kommersiya gəliri haqq qazandıra bilməz. Uzaga getməyək, qonşu Rusiya köhnə avtobuslarla baş verən qəzaları nəzərə alaraq, məktəblilərin bu cür nəqliyyatda uzaq yollara çıxmasını qadağan edib...  

Uzun illərdən sonra Bakı-Astara magistral yolu təmir olunub –bu yolla mütəmadi hərəkət edən sərnişinlər yenicə rahatlığa qovuşublar. Ancaq müasir yolun köhnə prinsiplərlə işləməsi həmin sevinci alt-üst edir. 

Uzun, rahat yolda təzə, müasir avtobuslarda hərəkət etmək sərnişinlərin arzusu yox, tələbidir. Ölkənin iqtisadi inkişafı da buna imkan verir. Bəs sərnişin daşımalarında düşüncəsi elə Nuh əyyamında qalan və kommersiya maraqları hər cür xidmətə üstün gələnlərdən müasir idarəetməni necə tələb edək?  
 
Təranə Məhərrəmova
Əməkdar jurnalist 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946