MP3-lərə məğlub olan musiqi bazarı

Zaman dəyişdikcə
zövqlər, dəblər, istəklər, tələbatlar da
dəyişir. Hər zamanın öz tanınmışları, hər dövrün öz məşhur simaları və
yenilikləri var. Misal üçün, bizdən əvvəlki nəslin əldən-ələ gəzən maqnitofon
kasetləri var idi. Həmin dövrün bir çox məşhur müğənnilərinin kasetlərini
dinləyərək böyüyürdük. Hətta bəzilərinin üzünü belə tanımasaq da, kasetləri,
mahnıları ilə məşhur idilər, onları səslərindən tanıyırdıq. Daha sonra
kasetləri disklər əvəz etməyə başladı. Bu disklər musiqi aləmində bir yenilik
oldu. Müğənnilərin şəxsiyyət vəsiqəsi hesab edilən albomların satıldığı disk
mağazaları var idi. Hansı müğənninin diski daha çox satılırdısa, o, gündəmin ən
tələbatlı müğənnisi hesab edilirdi. Hazırkı vəziyyətdə isə müğənninin yeni
mahnısı nə kasetdə, nə diskdə, nə də televiziyada nümayiş olunur. Müğənnilərin
yeni mahnıları, ifa etdikləri klipləri "Youtube” da yerləşdirilir. Texnologiya
sürətlə inkişaf edir. Dünən müğənniləri vallarının, kasetlərinin, disklərinin satış sayına görə
müqayisə edir, populyarlığını müəyyənləşdirirdiksə, bu gün "Youtube”dakı baxış
sayına görə qiymət veririk. Bəs görəsən, sənət adamlarının bu duruma münasibəti
necədir? Kaset, disk satışından gəlir əldə etməyən müğənnilər "Youtube”dakı
baxış sayına görə nəsə qazanırlarmı?

Xalq artisti Faiq Ağayev bizimlə söhbətində bildirdi ki, kasetlərin satıldığı
dönəmdə müğənninin nə qədər aktual, populyar olduğunu müəyyənləşdirmək olurdu:
"Bu məsələ çox müəmmalı suallar doğuran bir platformadır. Müasir dövrdür,
internet əsrdir. Sosial şəbəkələrdə, xüsusən də "Youtube” da yerləşdirilən
mahnıların baxış sayına o qədər də etibar etmək olmur. Çünki orada baxış sayını
süni yolla çoxaltmaq mümkündür. Belə olduğu halda, saxtakarlıq yaranır. Guya
baxış sayı çox olanda, o, artıq çox dinlənilən və brend müğənni hesab edilir.
Ancaq müğənnilərin bəzilərinin "Youtube” da göstərilən o baxış sayı
göstəriciləri real İP-dən gələn baxış sayı ilə eyni deyil”.
F.Ağayev bildirdi
ki, müasir zəmanədə texnologiya yerində dayanmır, daima inkişaf edir, bizə də o
inkişafla ayaqlaşmağa məcburuq: "Açığı, bilmirəm növbəti mərhələdə bizi nələr,
hansı yeniliklər gözləyir. Çox istərdim ki, bu saxtakarlığın vüsət almasına
şərait yaradılmasın. Azərbaycanda çox az, bir əlin barmağı ilə sayılacaq qədər ifaçılar
var idi ki, nə zamansa albomlardan qazanc əldə ediblər. Hətta onların diskləri
ikinci tiraj kimi buraxılırdı. Bu o deməkdir ki, albomlara maraq doğurdan da
olub və o zamanlar alıcı istəyi var idi. İndi isə vəziyyət başqa cürdür. Sonuncu
dəfə 2002-ci ildə albom hazırlamışam. 16
il əvvəl sonuncu albomumu tamaşaçıların ixtiyarına verdikdən sonra albom
çıxarmadım. Çünki heç kim MP3 mahnıları qoyub, gedib sevdiyi müğənnilərin
albomunu almaz. Təəssüf hissi ilə qeyd edim ki, bu gün də həmin problem var.
Biz zəhmət çəkirik, mahnı yazdırırıq. Disk çıxar-çıxmaz, artıq piratlar onun
ucuz və keyfiyyətsiz surətini çıxarırlar. İndi albomdan pul qazanmaq olmur.
Çünki müəllif hüquqları mahnıları çox başdansovdu qoruyur. Bu sahəyə heç də
nikbinliklə baxmıram”.

Bəstəkar, musiqiçi Murad Arif məsələyə dövlət səviyyəsində rəsmi mövqe ortaya
qoyulmalı olmasını vacibliyini vurğuladı: "İnformasiya Texnologiyalar
Nazirliyindən və aidiyyəti qurumlardan bütün sənətçilərin adından
xahiş edirəm ki, MP3 bazarını bağlayıb, sənətçilərin albomlarını satması üçün imkan yaratsınlar. Nə
qədər ki, ölkədə MP3 saytları fəaliyyət göstərəcək, heç bir vətəndaş 5 qəpik pul
xərcləyib bizim yazdırdığımız mahnıları almayacaqlar. Bu, çox acınacaqlı
durumdur. Mahnı satışı olmayınca, müğənnilər məcburdur ki, ancaq toya
işləsinlər. Beləliklə də, musiqi sənəti toyxanaya çevrilir. Bizim rokumuz,
repimiz, cazımız digər musiqi janrlarımız var. Ancaq yaradıcı insanlar MP3
saytlarının mövcudluğuna görə, heç bir gəlir əldə edə bilmirlər. Bir mahnının
ərsəyə gəlməsi üçün aranjemanına 3, bəstəkarına 5, klipinə 15 min pul
xərcləyirik. Bir mahnı bizə təxminən 20 min manata yaxın ərsəyə gəlir. 20 min
xərcləyib, yazdırdığımız mahnını tamaşaçı MP3 saytlarından pulsuz yükləyir. Biz də
gözümüzü toylara dikirik ki, xərclədiyimizi oradan qazanaq. Biz o pulu
toylardan neçə aya çıxarırıq? Bu, müğənnilərə qarşı haqsızlıqdır. Məsələyə
ciddi münasibət göstərilməlidir. 2018-ci ildə yaşayırıq, hansı dövrdür? MP3
saytlarla mübarizə apara bilmirik. İnsanlar rahat şəkildə mahnıları yükləyib
dinləyirlər. Belə olan halda, musiqi sahəmiz heç vaxt peşəkarlığa doğru yön
almayacaq. Nə qədər ki, sənətçi mahnısını sata bilmir, heç vaxt musiqi
sahəsində peşəkarlıq ola bilməz. Bizdə peşəkar bazar yoxdur”.
Murad Arif şərtlərin
dəyişdiyini, texnoloji dövrün tələblərinin başqa olduğunu bildirdi: "Müasir bir
zəmanədə bizə imkan vermirlər ki, mahnılarımızdan pul qazanaq. Qoymurlar öz
mahnılarımızı sataq. Ölkədə öz musiqisini sata bilən müğənni yoxdur, bizə bu
imkanı vermirlər. Dünya internet vasitəsilə mahnı satdığı halda, biz bunu edə
bilmirik. Azərbaycan sənətçiləri bundan məhrumdurlar. MP3 saytları
bağlanmalıdır. Çıxış yolu budur. "Youtube” efiri əvəz edir, satışı yox. Əgər istədiyin
mahnını rahat şəkildə yükləyib qulaq asa bilirsənsə, kimdir sənin mahnılarını
alan? Biz MP3 piratçılığına açıq-aşkar göz yumuruq”.

Aranjmançı, səsyazma studiyası olan müğənni Rübail Əzimov deyir ki, bu gün müğənnilər albom çıxartdırmaqdan
imtina ediblər: "Rəqəmsal sistemə keçidlə, bütün media sahələrində yeni bir
dövrə başlamış olduq. Bu dövrdə müəyyən mənada həm yaxşı, həm də mənfi tərəflər
üzə çıxdı. Bu gün rəqəmsal sistem elə inkişaf edib ki, hər kəsin gəliri
nəzarətdədir. Azərbaycanda hər hansı bir sənətçinin sosial şəbəkədən yüksək gəlir
əldə etməsi mümkün deyil. Blogerlərin bu sahədə bəxti daha çox gətirib. Onlar ay
ərzində 4-5 video çəkirlər və sosial şəbəkələrdə kifayət qədər baxış sayı əldə
edirlər. Ancaq sənətçinin bir klipinin ərsəyə gəlməsi üçün xeyli vəsait
xərclənir. Müqayisə etsək görərik ki, əvvəllər sənətçilər konsert və disk
satışından daha çox gəlir əldə ediblər. Danılmaz faktdır ki, bugünkü gündə "Youtube”
o qədər də gəlir gətirmir”. Rübail Əzimov bildirir ki, az da olsa onlara
sifarişlə müraciət edən sənətçilər hələ də var: "Biz səsyazma və aranjeman
işləri ilə məşğul oluruq. Ehtiyac olarsa, sənətçilərlə işləyirik. Bu gün albom
çıxarmaq istəyən ifaçılar çox azdır. İfaçıların əksəriyyəti, elə mən özüm də
diski yalnız qonaqlara hədiyyə etmək üçün çıxarırıq. Heç bir albom satışından söhbət
gedə bilməz. İndi müğənnilər albom hazırlamaq üçün pul xərcləmir. Artıq albom simvolik
xarakter daşıyır. İndi bu barədə nə qədər danışsaq, yenə də azdır”.
Rübail Əzimova deyir
əvvəllər albomlar müğənnilərin ifaçılığı üçün şəxsiyyət vəsiqəsi hesab edilirdi:
"İndi zəmanə dəyişib. Hazırda səhnəyə çıxan müğənninin şəxsiyyət vəsiqəsi ilə
onun ilk mahnısı olur”.
Xəyalə Rəis
