• çərşənbə axşamı, 19 mart, 08:53
  • Baku Bakı 8°C

Moskva görüşünün əsas mesajı - TƏHLİL

23.07.21 17:00 1494
Moskva görüşünün əsas mesajı - TƏHLİL
Azərbaycan, Rusiya və Türkiyə regionun gələcək taleyini həll edir, bu istiqamətdə mühüm qərarlar qəbul edirlər
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Moskvada işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilən görüşdə V.Putin yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırdığını, bu nümayəndə heyətinin sənaye, nəqliyyat, infrastruktur və bəzi başqa məsələlərlə Bakıda məşğul olacağını söyləyib. Prezident İlham Əliyev isə regionda münaqişədən sonrakı vəziyyət mövzusuna diqqət çəkib. O, bu məsələyə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Rusiya ilə daim əlaqə saxlayır və bu, hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Prezident İlham Əliyev deyib ki, qətiyyətli ümumi səylər nəticəsində münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi mümkün olacaq.


Regionun gələcək taleyi
Prezidentlərin görüşündə səsləndirilən fikirlər bir daha onu təsdiq edir ki, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitib. Ermənistandakı revanşist qüvvələrin və Nikol Paşinyan komandasının sərsəm bəyanatlarına, prosesə əlavə böyük dövlətləri cəlb etmək niyyətlərinə rəğmən, münaqişə bitmiş hesab olunur. Moskva görüşündə də dünyaya əsas mesaj bundan ibarət idi. Hazırda Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə regionun gələcək taleyini həll edir, bu istiqamətdə mühüm qərarlar qəbul edirlər.


Status məsələsini yenidən dirçəltmək
Prezident İlham Əliyevin Moskva səfərinin əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, Azərbaycan dövlət başçısının Rusiyadakı son görüşləri əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Onun fikrincə, diqqətəlayiq məqam ondan ibarətdir ki, bu, Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonrakı dövrdə baş tutan ilk rəsmi səfərdir. Siyasi şərhçi söyləyib ki, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin regiona səfərindən dərhal sonra Prezidentin Moskvaya getməsi də Azərbaycanın Rusiya və Qərb arasında diplomatik manevr siyasətinin təzahürü sayıla bilər: "Ukrayna, Moldova, Gürcüstan Avropa İttifaqının xeyrinə qətiyyətli seçim edib. Belə bir dövrdə Azərbaycanın bu məsələlərdə mövqeyi 44 günlük savaşda və ondan sonrakı dövrdə Ermənistana həm hərbi-siyasi müttəfiq, həm də KTMT üzvü kimi gözlənilən dəstəyi verməyən Rusiyanın maraqlarını görməzdən gələrək Qərbin xeyrinə birmənalı və qətiyyətli seçim etməyi istisna edir. Ələlxüsus, Qərb, təəssüf ki, 44 günlük savaşda Ermənistana açıq dəstək verib. İşğaldan azad olunmuş torpaqların qanuni sahibi Azərbaycanın münaqişənin başa çatdığını rəsmən elan etməsinə baxmayaraq, Qərb öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün Minsk qrupunun örtük pərdəsi altında regiondan çıxmamağı üçün təkid edir. Həmin uğursuz Minsk qrupu sülhyaratma missiyası adı altında Azərbaycanın illər əvvəl ləğv etdiyi və artıq müharibədən sonra tamamilə gündəmdən çıxardığı status məsələsini yenidən dirçəltmək məqsədi daşıyır”.


Azərbaycanın Rusiya üçün önəmi

Politoloq qeyd edib ki, Azərbaycandan fərqli olaraq Ermənistana xeyli maliyyə yardımı ayıran Avropa İttifaqı iki ölkə arasında ayrı-seçkiliyə rəsmən rəvac verib. N.Məmmədovanın sözlərinə görə, belə bir fonda Azərbaycanın Rusiya ilə münasibətləri yeni mərhələyə keçməkdədir: "Azərbaycan artıq Rusiyanın təhlükəsizlik və iqtisadi çətiri altında olan KTMT və Avrasiya İqtisadi Birliyi ilə daha yaxından əməkdaşlıq potensialını ortaya qoymuş olur. Nəinki Cənubi Qafqazda, bütövlükdə post-sovet məkanında Qərbin, yoxsa Rusiyanın hegemon mövqedə olmasını həll edən əsas ölkə Azərbaycandır”.


Yeni təhlükəsizlik çağırışları qaçılmazdır
Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqazda həm də müharibədən sonrakı dövrdə iqtisadi-kommunikasiya məsələlərini gündəmdə saxlayır: "Kreml Zəngəzur dəhlizi və sair məsələlərdə Türkiyənin iştirakına müsbət yanaşır. Digər tərəfdən, ABŞ-ın Əfqanıstandan çıxmasından və "Taliban”ın nəzarəti ələ keçirməsindən sonra regionda yeni təhlükəsizlik çağırışları qaçılmazdır. Türkiyənin NATO üzvü və müsəlman ölkəsi olması, həmçinin Əfqanıstanda hərbi iştirakı Rusiyanın ona yaxınlaşmasını labüd edir. Azərbaycanın Xəzəryanı ölkə olaraq Əfqanıstandan Orta Asiya vasitəsilə Şimali Qafqaza sızmaq istəyən terrorçuların qarşısının alınmasında oynaya biləcəyi rol Rusiyanın təhlükəsizliyi üçün olduqca vacibdir. Belə bir şəraitdə Azərbaycanın Rusiya üçün önəmi iqtisadi məsələlərdən tutmuş, təhlükəsizlik məsələlərinə qədər bir çox əhəmiyyətli sahələri əhatə edir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər