
Moldovada Rusiya-Qərb qarşıdurması
Siyasət
04 Dekabr 2020, 18:32
527
Dnestryanı bölgədə münaqişə
yenidən alovlanacaq?
Postsovet məkanın ən narahat ölkələri sırasında olan Moldovada siyasi
vəziyyət gərginləşə bilər. Prezident seçkilərinin qalibi Mayya Sandunun
qalmaqallı bəyanatları və Kremlin buna reaksiyası, məsələ ətrafında aparılan müzakirələr
gündəmi tutub. "Biz, öz ərazisində xarici hərbçiləri istəməyən müstəqil
ölkəyik”, - deyən Sandu hesab edir ki, sülhməramlıların vaxtı çatıb. Beləliklə,
Moldovanın yeni prezidenti olacaq Mayya Sandunu artıq indidən Rusiya prezidenti
Vladimir Putin üçün yeni başağrısı adlandırmaq var. Bəs Sandunun dekabrın 24-də
keçiriləcək inauqurasiyası ərəfəsində Rusiyanı qəzəbləndirəcək açıqlamaları
nəyə xidmət edir? Onsuz da Moldovanın yaxın gələcəkdə buna nail olması
mümkünsüz görünür. Çox güman ki, bununla Qərbin dəstəyini artırmaq, gələcəkdə
daha çox investisiya əldə etməyə çalışır. Bu, elə onun seçkiqabağı vədlərində
də əsas xətt kimi keçirdi. Hər çıxışını Avropa ilə başlayıb Avropa ilə qurtaran
Harvard məzunu olan 48 yaşlı xanım onu da bildirir ki, ən böyük arzusu Rusiya
və digər ölkələrdə olan moldovalı miqrantların ölkəyə qayıtmasıdır.
Onu da qeyd
edək ki, Moldovanın siyasi spektri müəyyən mənada Ukraynanı xatırladır – burada
da nüfuz və təsir uğrunda mübarizə aparan avropayönümlü partiyalarla yanaşı,
rusiyapərəst partiyalar, varlılar və oliqarxlar fəaliyyət göstərir. Hər iki
ölkədə sağ partiyalar, adətən Avropaya inteqrasiyaya üstünlük verir, sollar isə
Rusiyanı prioritet görürlər. Hər ikisinin ərazi bütövlüyü problemi var. Belə də
baxanda Sandunun rusiyalı sülhməramlılarla bağlı sözlərində sensasion nəsə
yoxdur. Yəni Rusiya qoşunlarının çıxarılması tələbini son onilliklərdə
Moldovanın bütün prezidentləri və baş nazirləri (təbii ki, rusiyapərəstlərdən
başqa-müəl) tələb edib. Özü də Sandu indi Dnestryanı bölgənin dərhal və
tezliklə Kişinyovun nəzarətinə verilməsini də israr etmir. Sadəcə, missiyanın
ATƏT missiyasının nəzarətinə verilməsini deyir. Avropa İttifaqı ilə əlaqələri
yaxınlaşdırmaq tərəfdarı olan Sandu, Qərb və Rusiya ilə münasibətləri
balanslaşdırmaq vədi də verib. Maraqlıdır ki, Dünya Bankının keçmiş iqtisadçısı
olan Sandu Moskva ilə dialoq istədiyini də mütəmadi səsləndirir. Moskvanı
qıcıqlandıracaq başqa bir bəyanatı "Qazprom”un Dnestrayanına qaz tədarükünə
görə yaranan böyük borc öhdəliyini qəbul etməməsidir. Bildirir ki, bu borcu
Moldovanın üzərinə qoymaq ədalətsizlikdir. "Dnestryanıda qaza görə ödəniş
edilməyib. Burada borc çox böyükdür. Əlbəttə, burada bizim ödəniş edəcəyimizi
gözləməyə dəyməz”, - Sandu bildirib.

Rusiyanın reaksiyasına gəldikdə, Kreml Sandunun çağırışına Kişinyovu
hədələməklə reaksiya verib. Regionda vəziyyətin gərginləşəcəyini bəyan edir.
Aydındır ki, Kreml Dnestryanı münaqişənin həllinə çalışmır. Rusiya mövcud status-kvonun
saxlanmasına, yəni Moldovada hərbi kontingentin saxlanmasına çalışır. Rusiya prezidenti Vladimir
Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Kişinyovdakı
hakimiyyətin "konstruktiv” qalacağını gözləyir. Peskovun jurnalistlərə deməsinə
görə, Rusiya Dnestryanı bölgədə "çox vacib rol” oynayır və orada status-kvoda
dəyişiklik, sabitliyi ciddi şəkildə pozar. Dnestryanı region 1990-cı ildə o vaxtkı
sovet Moldovasından ayrılaraq müstəqillik elan edib. Moldova qüvvələri və
Moskvanın dəstəklədiyi Dnestryanı region 1992-ci ildə qısamüddətli müharibə
aparıb. O zaman Moldovanın qonşu Rumıniya ilə birləşə biləcəyi ehtimalı səslənirdi.
Rusiya hərbçiləri regiona girərək separatçıların tərəfini tutdu və münaqişə
atəşkəs razılaşması ilə başa çatdı. Hazırda Dnestryanıda 1400-dək Rusiya
hərbçisi sovet dövründən qalmış silah depolarını qoruyur. Regionun
müstəqilliyini heç bir ölkə tanımayıb, ancaq Moskva rəsmən buradakı separatçı
rejimi dəstəkləyir. Moldovada noyabrın 15-də seçkinin ikinci turundan sonra
Putin Sandunu təbrik edib. Bu seçki Ukrayna və Rumıniya arasında yerləşən
ölkənin Aİ, yoxsa Moskva arasında seçim edəcəyinə dair referendum hesab
olunurdu. Sandu dekabrın 24-də prezident andı içəcək.
Peskovun ardınca Rusiya Xarici İşlər Nazirliyi də Sandunun tələbinə
sərt reaksiya verib. Nazirliyin yaydığı bəyanatda vurğulanır ki, belə bir
çağırışlar Dnestryanı münaqişənin sülh yolu ilə nizamlanması cəhdlərini qıra
bilər. Yeri gəlmişkən, Rusiya siyasi dairələrində də Sandunun bəyanatı ciddi
qarşılanmayıb. Məsələn, senator Aleksey Puşkov bildirib ki, Rusiya
sülhməramlılarının təmin etdiyi təhlükəsizlik Moldovanın yeni prezidentinin səs-küylü
bəyanatlarından daha vacibdir. Federasiya Şurasının tərəfdaşı Andrey Klimov isə
sülhməramlıların bölgədən çıxacağı halda, orada münaqişənin yeni gərgin
mərhələsi başlayacağını istisna etməyib. Deputat Yelena Panina deyib ki, Sandu
tərəfindən təklif olunan ssenari Tiraspolda (Dnestryanın "paytaxtı”) qəbul
olunmayacaq: "Sandunun məsələni sülh yolu ilə həll etmək istəyindən asılı
olmayaraq, münaqişənin gərginləşmə perspektivi var”.

Qərb təhlilçiləri bildirirlər ki, Rusiya bu kimi dondurulmuş
münaqişələrdən keçmiş sovet respublikalarındakı nüfuzunu saxlamaq üçün istifadə
edir.
Azər NURİYEV
Digər xəbərlər