Modernləşdirilsin, yoxsa müasiri alınsın? - TƏHLİL
Ölkəmizin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədi ilə
arsenalımızda olan köhnə silahlar modernləşdirilməli, eyni zamanda xüsusi
tapşırıqların yerinə yetirilməsi üçün müasir texnologiyalara əsaslanan yeni
silahlar alınmalıdır.
II
Qarabağ savaşında Azərbaycan Ordusunun arsenalında olan silahların uğurlu tətbiqi
düşmən üzərində qələbə ilə nəticələndi. Onu qeyd etmək yerinə düşər ki,
istismarda olan silahların bir hissəsi köhnə olsa da, modernləşmə aparılaraq
effektivliyi artırılıb. Bütün bunlarla yanaşı həm də Ordumuzun arsenalında
müasir silahlar da yer alıb ki, biz bunu Vətən müharibəsində də gördük.
İndi
Rusiya ilə Ukrayna arasında gedən müharibədə də köhnə və yeni silahların təsir
imkanlarını müşahidə edirik. Əgər köhnə silahlar daha çox dağıdıcı qüvvəyə
malikdirsə, müasir silahlar dəqiq atış qabiliyyəti ilə məhvetmə üstünlüyünə
sahibdir. Amma məsələ ondadır ki, dünyanın bir çox ölkələrində köhnə silahların
modernləşdirilməsi də aparılır. Bəs görəsən, təhlükəsizliyimizi daha yaxşı təmin
etmək üçün arsenalımızda olan köhnə silahları modernləşdirməliyik, yoxsa onlardan
qurtulub müasir silahlar almalıyıq?
"Müasir
müharibələrdə yüksək dəqiqlikli silahlar tətbiq edilir”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Müdafiə Nazirliyinin Raket-Artilleriya
Silahları xidmətinin sabiq rəisi Əhəd Əzizov bildirdi ki, həm 44 günlük Vətən
müharibəsində, həm də hazırda davam edən Ukrayna-Rusiya müharibəsində istər
köhnə illərin istehsalı, istərsə də müasir silah nümunələri geniş tətbiq olunub:
"Aparılan döyüş əməliyyatlarının təhlili göstərir ki, şəxsi heyətin hazırlığı və
döyüş ruhu yüksək olduqda, həmçinin silahlardan düzgün istifadə edildikdə onun
istehsal tarixi bir o qədər də rol oynamır. Amma təbii ki, müasir müharibələrdə
yüksək dəqiqlikli uzun mənzilli silahlar daha çox tətbiq edilir və bu da döyüş
fəaliyyətlərinin xüsusiyyətlərinin dəyişməsindən irəli gələn faktordur. Əlbəttə
ki, yeni, yüksək dəqiqlikli və uzunmənzilli silahlar müasir döyüşlərin əsasını
təşkil edir. Belə silahlar, ilk növbədə həm düşmən hədəflərini dəqiqliklə məhv
etmək, həm də öz bölmələrimizin şəxsi heyətinin qorunması əmsalının yüksək səviyyədə
saxlanması üçün vacibdir”.
"Belə
silah nümunələrinin yaradılmasından 40-50 il keçib”
Hərbi
ekspert vurğuladı ki, aparılmış döyüş əməliyyatlarında Azərbaycan Ordusunun arsenalında
olan bu tip silahlardan "LORA” əməliyyat-taktiki raket kompleksi (ƏTRK),
"Polonez”, T-300 "Qasırğa” və 9K58 "Smerç” yaylım atəşli reaktiv sistemləri
(YARS), "Spike” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) və zərbə
pilotsuz uçuş aparatları (PUA) özünəməxsus yer tutub: "Bu silahlar qarşılarına
qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər. Bu arada qeyd etmək
lazımdır ki, sözügedən müharibələrdə iştirak edən tərəflərin arsenalındakı silah
nümunələrinin böyük əksəriyyətinin yaradılmasından, demək olar ki, 40-50 il
keçib. Onlar artıq müasir müharibələrin tələblərinə tam cavab verə bilmirlər.
Belə ki, uzun illər ərzində döyüş fəaliyyətlərinin aparılması xüsusiyyətləri
xeyli dəyişib, həmçinin yeni növ idarə olunan döyüş sursatları yaradılıb ki, bu
sursatların da mövcud silah nümunələrində tətbiqi bəzi hallarda çoxsaylı
texniki səbəblərdən mümkün deyil”.
"Modernləşdirilmə
daima həyata keçirilməlidir”
Ekspert
vurğuladı ki, son lokal müharibələri təhlil edən bir çox silah istehsalı üzrə
aparıcı ölkələrin hərbi mütəxəssisləri hesab edirlər ki, yeni silah nümunələrinin
yaradılması və silahlanmaya daxil edilməsi ilə yanaşı, mövcud olanların modernləşdirilməsi
də daima həyata keçirilməlidir: "Buna misal olaraq, ABŞ-da, İsraildə,
Almaniyada, İsveçrədə, Türkiyədə və Müstəqil Dövlətlər Birliyinə daxil olan bəzi
ölkələrdə uzun müddət istismarda olan, müasir tələblərə cavab verməyən silah
nümunələrinin modernləşdirilməsini göstərmək olar. Ona görə də bu döyüşlərdə
uğurla tətbiq edilmiş və uzun müddət istismar olunan 2S1 "Qvozdika”, 2S3
"Akatsiya” və 2S7 "Pion” özüyeriyən artilleriya qurğuları (ÖAQ), 9K51 "Qrad” və
RM70/85 YARS, 9К114 "Şturm-S”, həmçinin 2S19 "Msta-S”, 2S31 "Vena” və "Dana M1
CZ” ÖAQ, 9K58 "Smerç” YARS, 9K23 "Xrizantema-S” (TƏİRK) kimi özünü müsbət cəhətdən
göstərmiş silah nümunələrini silahlanmadan çıxarmaq düzgün hesab edilmir.
Silahlanmada olan bu sistemlərin hamısı mərhələli şəkildə modernləşdirilməli,
onların bütün köhnə rabitə avadanlıqları və atəşi idarəetmə sistemləri yeni rəqəmsal
sistemlərlə əvəz edilməli, köhnə müşahidə və nişanalma cihazları yeni
optik-elektron sistemlərlə dəyişdirilməli, tərkiblərinə qlobal mövqeləmə
sistemi (GPS) daxil edilməlidir. Eyni zamanda silah nümunələrinin şassisi
modernləşdirilməlidir”.
"Müasir
texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır”
Ə.Əzizov
qeyd etdi ki, modernləşdirmə, ordunun silah nümunələrinin xidmət müddətinin
artırılmasına, rabitə və atəşi idarəetmə vasitələrinin yeni elektron avadanlıq
və element bazasının tətbiqinə, həmçinin alınan məlumatların rəqəmsal işlənilməsi
hesabına müasirləşdirilməsinə vəsilə olacaq: "Bunun da nəticəsində
raket-artilleriya bölmələrinin manevr qabiliyyəti, atəş gücü, atış məsafəsi, dəqiqliyi
və məhvetmə əmsalı yüksələcək, tapşırıqların yerinə yetirilməsinə sərf olunan
vaxtın azaldılmasına nail olunacaq. Həmçinin silahlanmada olan sistemlərlə eyni
təyinatlı, lakin yeni markalı silah nümunələrinin alınmasına ehtiyac
qalmayacaq. Ümumilikdə onu deyə bilərəm ki, ölkəmizin təhlükəsizliyini daha
yaxşı təmin etmək məqsədi ilə arsenalımızda olan və ümumqoşun döyüşünün əsasını
təşkil edən köhnə silahlar müasir döyüşün tələblərinə uyğun şəkildə modernləşdirilməli,
eyni zamanda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün müasir
texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır”.
Bəxtiyar
Məmmədli