Milli Şura: “Bizim işimiz hökuməti şərləməkdir”

"Zoom konfrans”da
qeybətləşən "demokratlar” növbəti dəfə özlərini cəmiyyətə tanıdıblar
Özlərini demokratik qüvvələr adlandıranların Milli
Şurası "xüsusi əhəmiyyətli” iclası ilə yenidən gündəmə gəlib. Videokonfrans
şəklində keçirilən iclasda radikal müxalifət təmsilçiləri dedi-qodu xarakterli
söhbətlər edərək öz səviyyələrini növbəti dəfə nümayiş etdirib, gülüş hədəfinə
çevriliblər. Antimilli dərnək üzvləri budəfəki söhbətlərində hökumətə "ilişmək”
üçün mövzu tapa bilməməkdən gileyləniblər.Milli Şuranın Koordinasiya Mərkəzinin və AXCP Rəyasət
Heyətinin üzvü Vahid Məhərrəmli bekarçılıq olmasın deyə, təklif edib ki, hökumətdən
karantinə görə 300 deyil, bu dəfə 500 manat tələb olunsun. O, bu təşəbbüsün nədən
qaynaqlandığını da dilə gətirib. Bildirib ki, onsuz da bu qeyri-real təklifdir
və reallaşmayacaq. Lakin görüntü üçün bunu dilə gətirmək lazımdır ki, xalq
Milli Şuranın onların qayğısını çəkdiyini, qeydinə qaldığını görsün. Onun bu təklifini
Milli Şura üzvü, vaxtilə nəşr olunan "Azadlıq” qəzetinin baş redaktor müavini
Rahim Hacıyev dərhal dəstəkləyir, hətta qurumun bu xüsusda bəyanatla çıxış etməsini
zəruri sayır.Vaxtilə "Azadlıq” qəzetinin baş redaktoru olmuş Qənimət
Zahidov bu yerdə söhbətə qoşularaq, R.Hacıyevin canlı yayımlara çıxmaqdan
yayınmasına dair Koordinasiya Mərkəzinin xüsusi qərar çıxarmasını tələb edir.
O, bunun nə səbəbdən baş verməsinə aydınlıq gətirilməsini istəyir. Koordinasiya
Mərkəzinin digər üzvü Gültəkin Hacıbəyli söhbətə "kurs” olaraq, R.Hacıyevin keçəl
olduğunu, buna görə kompleks yaşadığını dilə gətirir, canlı yayımlara
çıxmamasının səbəbini də bununla əlaqələndirir. R.Hacıyev işinin çoxluğunu,
sosial şəbəkə üzərindən yazışmaların çox vaxt apardığını dilə gətirib, özünə bəraət
qazandırmaq istəsə də, Q.Zahidov onun iş, daxili yazışma adı altında qeybətlə məşğul
olduğunu söyləyərək, ağzından vurur. Ünvanına səsləndirilən ittihamlar
qarşısında deməyə söz tapa bilməyən R.Hacıyev əqidədaşı Q.Zahidovun gəlib
hay-küy saldığını, təklif səsləndirmədən çıxıb getdiyini qeyd edir. Ardınca da
ona tövsiyə edir ki, efirdən səsləndirdiyi rəqəmlərdə diqqətli olsun,
yanlışlığa yol verməsin, faktları təhrif etməsin. Buna cavab olaraq Q.Zahidov "bizim
işimiz hökuməti şərləməkdir”, - deyərək, özü-özünü ifşa edir.

Antimilli dərnək üzvlərinin bu davranışları sosial
şəbəkədə növbəti dəfə tənqid, lağ-lağı obyektinə çevrilib. Azərbaycan cəmiyyətinə
ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlərinin ağıla ehtiyacının
olduğu, həmçinin Milli Şuranın iclaslarının ciddi müzakirə meydanı deyil, qeybətxana
şousu olduğu qeyd edilib.Milli Məclisin
deputatı Cavid Osmanov özlərini
demokrat adlandıran, əslində isə ermənipərəst dairələrin əlində alətə çevrilən,
bununla da sanki Azərbaycanda Ermənistan səfirliyi funksiyasını yerinə yetirən
antimilli şura üzvlərinin öz davranışları ilə özlərini ifşa etdiyini dilə gətirib.
O, bu barədə qəzetimizə açıqlamasında deyib ki, antimilli qüvvələr indiyə qədər
Azərbaycana qarşı şər-böhtan kampaniyası aparıblar: "Ölkədə həyata keçirilən
siyasət, iqtisadiyyatın inkişafı, beynəlxalq əhəmiyyətli tədbirlərə ev
sahibliyi edilməsi və sair bu kimi uğurlu addımlar hər zaman antimilli şura
üzvləri tərəfindən inkar edilib, görməzlikdən gəlinib. Əksinə olaraq, həm ölkə
daxilində, həm də xaricdə Azərbaycan əleyhinə şər-böhtan xarakterli məlumatlar
ictimailəşdirilib. Beləliklə, onlar ölkəmizin mənfi imicinin formalaşmasına cəhdlər
ediblər. Antimilli şuranın "zoom konfrans”ında edilən söhbətlərin məzmunu deyilənlərə
daha bir sübutdur. Onlar Azərbaycan reallıqlarını görmək istəmir, radikal
mövqelərini davam etdirirlər. Təsəvvür edin, deməyə sözləri, ittiham etməyə
tutarlı arqumentləri olmadığından, "zoom konfrans”da özləri nə isə bir şey
uydurur, daha sonra onun ətrafında müzakirə açırlar. Adını da qoyurlar ki, guya
xalqın təəssübünü çəkirlər, demokratiya uğrunda mübarizə aparırlar. Halbuki, həmin
o "demokratların” "zoom konfrans” müddətində etdikləri söhbət bir-birlərini keçəl
olduqlarına görə ələ salmaqdan, digərinin keçəl olmasına rəğmən "simpatiçni”
görünməsi barədə fikirlərdən, başqa birisinin "Facebook”da mesajlaşıb qeybət
etməsindən ibarətdir. "Siyasi mübarizə” və "fikir mübadiləsi”nin kulminasiya
nöqtəsi isə "bizim işimiz hökuməti şərləməkdir” sözləridir. Bununla onlar iç
üzlərini, əsl mahiyyətlərini açıb ortaya qoyur, xalqa təqdim edirlər”.

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilən daxili və xarici siyasət, iqtisadi tərəqqinin
yaşanması, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafı, ölkəmizin beynəlxalq
birliyin layiqli üzvünə çevrilməsi dünyadakı ermənipərəst dairələri, eləcə də
onların uzantılarını daim narahat edib: "Antimilli şuradakı "demokratlar” da bu
narahatlığı bölüşərək daim şər-böhtan atmağı özlərinə həyat tərzi, fəaliyyət
növü seçiblər. Onların 27 illik "fəaliyyətləri” yalnız bundan ibarətdir: ağa
qara demək, iqtidarın, hökumətin ünvanına şər-böhtan yağdırmaq. Antimilli
şurada toplaşanların mütləq əksəriyyəti 90-cı illərin əvvəlində əldə etdiyimiz
müstəqilliyimizə, yenicə qurulan dövlətçiliyimizə xəyanət edərək, yalnız öz şəxsi
maraqları və havadarlarının mənafeyi naminə məkrli siyasət yürüdüblər. İndi də
bu xəyanəti davam etdirirlər. Onlar Azərbaycan xalqını, milli-dövlətçilik
maraqlarını, müstəqilliyimizin davamlı olmasını, dövlətçiliyimizin güclənməsini,
ərazi bütövlüyümüzün bərpasını, beynəlxalq miqyasda diplomatik nailiyyətlər,
nüfuz, etibar qazanmağımızı düşünmürlər. Onlar 90-cı illərdə olduğu kimi, müxtəlif
təxribatlarla Azərbaycanı xaosa, qarşıdurmaya, tənəzzülə sürükləməyə
çalışırlar. Bu isə yalnız işğalçı Ermənistanın maraqlarına xidmət edən, ermənipərəst
düşüncədən qaynaqlanan xəyanətkar yoldur”.
Rufik İSMAYILOV
