Milli dəyərlərimizin fundamenti - ailə dəyərlərimiz

Milli dəyərlər bir cəmiyyətin, bir
millətin həyat psixologiyasını özündə ehtiva edən ənənələr toplusudur. Təsadüfi
deyil ki, bu və ya digər millətin təşəkkül tarixini, psixologiyasını, onun
yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar ilk növbədə həmin millətin milli dəyər
və adətlərini araşdırırlar. Bu baxımdan milli dəyərlər xalqın düşüncə
keçmişini, indisini və gələcəyini formalaşdıran bir genofonddur desək,
yanılmarıq.
Milli dəyərlərimizin
fundamentini ailə dəyərləri təşkil edir. Aydındır ki, hər bir azərbaycanlının
xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı
psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və
uzunömürlüdür. Yəni ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, fərdlər
ailədən uzaqlaşmır, əksinə, daim əlaqələrini genişləndirir. Həmçinin ailədə hər
bir fərdin öz yeri və üzərinə düşən öhdəlikləri vardır. Azərbaycanlı
psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir ki,
milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq. Başqa
sözlə, Azərbaycan ailəsinin dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş,
qanuniləşmiş və bugünkü milli dəyərlərimizi meydana gətirmişdir. Milli dəyərlərimizi
ailə fərdlərinin ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və vəzifələrini
qısa şərh etməklə belə səciyyələndirə bilərik. Ata, ilk növbədə, ailədaxili
qanunları tənzimləyən və ailəni həyatın müxtəlif çətinliklərindən qorumaqla
idarə edə bilən şəxsdir. O, öz ədaləti və iradəsi ilə ailədə böyüməkdə olan
övladları, xüsusilə oğul üçün nümunəvi olan və onun gələcək həyatında meyar
rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə namuslu qadın, ləyaqətli həyat
yoldaşı, qayğıkeş, mərhəmətli ana, xanım-xatın, ailəcanlı, ismətli, yeri gələndə
mərd və döyüşkən olmağı bacaran Azərbaycan xanımıdır. Ailənin digər üzvləri
olan övladlar isə ata-ananın sözündən çıxmamaq, onların haqqını ömrün vəfası
bitənə qədər uca tutmaq, ailə dəyərlərinə qarşı gəlməmək, nəticə etibarilə
valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı ailəsini təşkil edirlər
ki, bu nüanslar Azərbaycan xalqının milli dəyərlərində geniş şəkildə və
ümumxalq formatında yaşamaqdadır. Böyüyə hörmət, böyüklük göstərmək və onu
qorumaq kimi ailədə təlqin və tələb olunan yüksək keyfiyyətlərin Azərbaycan
xalqında özünəməxsus şəkildə ifadə olunması da milli dəyərlərimizin əsas
prinsiplərindəndir.
Bəs milli dəyərlər
deyəndə nə başa düşülməlidir? Milli
ideologiya, milli tarix, dil, milli mədəniyyət, mili ədəbiyyat, mili özünüdərk,
milli əxlaq və ailə, bir sözlə, milli olan bütün mənəvi sərvətlər milli dəyərlərdir.Hər
bir xalqın milli dəyərləri onun milli mənəviyyat göstəricisidir. Bu mənəviyyatın
qaynaqlandığı mənbə isə milli tarix və onun gerçəklikləri, milli mədəniyyət,
milli adət və ənənələrdir.
Mədəni-mənəvi
kökümüzə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil,
həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə mətbuatın,
televiziyanın rolu olduqca böyükdür. Qəzet və telekanallar yalnız məqalə və
veriliş yayımı ilə kifayətlənməməli, paralel olaraq bu məqalə və verilişlərdə
milli dəyərlərin təbliği və qorunmasına xidmət etməlidir.
Bütün siyasi,
ictimai,mədəni, ədəbi proseslər, o cümlədən yayım prosesləri daim
inkişafda və yenilənməkdədir. İstənilən inkişafın bazasında isə mütləq ümumbəşəri
və qlobal elementlər dalğası hökm sürməyə can atır. Bu dalğanın törətdiyi fəsadlar
isə istənilən prosesi milli kökündən, milli adət-ənənəsindən, milli mənəviyyatından
uzaq sala bilər. Məhz buna görə də kütləvi auditoriyası olan qəzet və televiziya,
mütləq mənada, ümummilli ahəng üstündə köklənməli, yaradıcı güc, işlək qüvvə,
jurnalist bazası daha çox milli dəyərlər kontekstində yüklənməlidir.
Yüksək dövlətçilik
fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü vətəninə
və xalqına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev milli dəyərlərimizin
qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük
dövlət xadimi olmaqla yanaşı, həm də öz mahiyyətinə, siqlətinə və dəyərinə görə
milli sərvət olan kulturoloji irsin müəllifidir. Milli dəyərlərlə zəngin bu tükənməz
irsin öyrənilməsi, təbliği, onun tətbiqi bu gün də aktualdır və sabah da aktual
olaraq qalacaq. Ulu öndərin azərbaycançılıq fəlsəfəsinin, humanitar siyasətinin
konseptual əsaslarını əks etdirən zəngin mədəniyyətşünaslıq irsinin və
maarifçilik fəaliyyətinin tədqiqi, eyni zamanda mənimsənilməsi müasir
qloballaşma dövründə xüsusilə əhəmiyyətlidir. Bu dövrdə məhz çoxəsrlik mədəniyyətimiz
və milli dəyərlərimiz ulu öndərin qürur duyduğu azərbaycançılığımızı, milli
kimliyimizi qoruyub yaşatmağa imkan verəcək zəmindir. Mədəniyyətimizin bütün
dövrlərini və sahələrini əhatə edən Heydər Əliyev irsi, onun yaratdığı azərbaycançılıq
ideologiyası məhz bu amala xidmət edən müstəsna dəyərdir.
Xalqımızın dahi oğlu Heydər Əliyevin milli dəyərlərimizin
qorunması və intişarına, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti hələ
sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Azərbaycanda
60-cı illərin sonu-70-ci illərin əvvəllərindən başlayaraq vüsət almış quruculuq
işləri, ölkənin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin milli təəssübkeşliyindən
doğan əzəmətli fəaliyyətinin nəticəsidir. Dahi şəxsiyyət böyük qətiyyət və cəsarətlə,
müdrikliklə, uzaqgörənliklə respublikamızın iqtisadi və sosial tərəqqisi ilə
yanaşı, təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafına, milli mənliyimizin,
ana dilimizin qorunmasına nail olmaqla milli dəyərlərimizin mənimsənilməsinə,
yaşadılmasına müvəffəq oldu. Məhz ümummilli lider Heydər Əliyevin milli təəssübkeşliyi
sayəsində və onun rəhbərliyi altında sovet dövründə respublikamızda əsl mədəni
intibah başladı, incəsənətimizin müxtəlif sahələri inkişaf etdi, yeni,
demokratik meyillər formalaşdı, sənətkarlarımızın əsərləri ümumittifaq və dünya
səviyyəsinə çıxarıldı, ana dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, təhsilimizə
hərtərəfli qayğı göstərildi.
Faktlar və
ümumiləşdirmələr xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi həmin illərdə milli dilimizin dövlət dili kimi rəsmən təsbit edilməsinin,
mötəbər məclislərdə səslənməsinin, folklorumuzun və klassik yazılı abidələrimizin,
xüsusən "Kitabi-Dədə Qorqud”un öyrənilməsinin mühüm ümummilli əhəmiyyətini bir
daha aşkarlayır.
Tarix göstərdi
ki, bütün bunlar milli mənlik şüurunu oyadaraq,
müstəqilliyimizi yetişdirən əsas amillərdən oldu, digər tərəfdən, müstəqilliyimizin
ilk illərindən dövlət quruculuğu milli ideologiyanın yaradılmasını
aktuallaşdırdı. Və bu tarixi-milli vəzifəni də məhz ulu öndər Heydər Əliyev
yerinə yetirdi, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı
və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürərək böyük uğurla həyata
keçirməyə başladı. Görkəmli mədəniyyətşünas, filoloq alimlərimizdən olan Timuçin
Əfəndiyev Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibətini onun yaradıcısı
olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi şərh edir. Onun
yazdığı kitabda haqlı olaraq göstərilir ki, vətəndaşlıq idealını, dövlətçilik əqidəsini,
millilik və digər mədəniyyətlərə açıqlığı, tarixi ənənə və tərəqqinin vəhdətini
ehtiva edən azərbaycançılığın təməl anlayışlarından biri də xalqımızın eyni
tarixi köklər, dil, mədəniyyət və mənəviyyat ortaqlığı ilə bağlandığı türk və
islam dünyası ilə birliyinin prioritetliyidir. Türk xalqlarının birliyini, "bir
millət – iki dövlət” formulu ilə ifadə olunan konseptual ideyasını ilk növbədə
gerçək fəaliyyət, əməkdaşlıq, tərəfdaşlıq proqramı kimi təqdim edən Heydər
Əliyevin bu birliyin ideoloqu və təşkilatçısı kimi həyata keçirdiyi tədbirlər,
ümumtürk mənəvi sərvətləri olan ana dili, mədəniyyət abidələrimiz, ədəbiyyat və
sənətimizlə bağlı imzaladığı fərmanlar, sərəncamlar bu baxımdan müstəsna rol
oynamış tarixi hadisələr kimi şərh olunur. Haqqında danışılan kitabda göstərilir
ki, islamı Azərbaycan xalqının, bütün müsəlmanların ən ali əxlaq mənbəyi hesab
edən Heydər Əliyev bütün fəaliyyəti boyu milli-mənəvi və dini-əxlaqi meyarlara əsaslanır
və bu meyarlar onun dövlət siyasətinin milliliyində və humanistliyində
aşkarlanırdı. Azərbaycan mədəniyyətinin və mənəviyyatının təcəssümü olan
klassik abidələrə və sənətkarlara həssas münasibət də ulu öndərin fəaliyyətinə
xas keyfiyyət idi. Kitabda Füzulinin 500, "Kitabi – Dədə Qorqud”un 1300
illiyinin beynəlxalq miqyasda qeyd edilməsi, görkəmli sənətkarlarımızın
yubileylərinin dövlət səviyyəsində keçirilməsi ümummilli əhəmiyyəti olan tədbirlər
sırasında xatırlanır. Heydər Əliyevin mədəniyyət nəzəriyyəsinə xüsusi diqqət
yetirən müəllif bunun prinsipial əsasları kimi dövlətçilik mövqeyini, azərbaycançılıq
ideologiyasını qeyd edir. Burada ümummilli liderin çoxəsrlik milli mədəniyyətimizin
konseptual məqamlarını dəqiq cizgilədiyi, öz dövlətçilik fəaliyyətində və mədəniyyət
quruculuğunda istifadə etdiyi göstərilir. Bu anlamlar sırasında milli mənlik
şüuru, ana dili, dini və milli-mənəvi dəyərlərə sadiqlik, əxlaq və ədalət,
türk-islam birliyi, klassik irs və müasirlik arasında varislik, xəlqilik və bəşərilik
kimi mühüm məsələlər sadalanır və təhlil olunur. Ulu öndər tərəfindən bir sıra
yeni ənənələrin bərqərar edilməsi, qədim adətlərin və atributların bərpa
olunması da milli kimlik şüuruna xidmət edən hadisələr kimi qiymətləndirilir.
Heydər
Əliyevin hələ Naxçıvanda işləyərkən öz sərəncamı ilə milli bayrağa rəsmi status
verməsi, Dünya Azərbaycanlılarının Həmrəylik gününün elan edilməsi, Novruz,
Qurban bayramlarının yeni ruhda və dövlət səviyyəsində qeyd olunması və digər
bu kimi qərarlar milli-mənəvi dəyərlərimizin qorunmasına və mədəniyyətimizin
inkişafına yönəlmiş addımlar idi.
Timuçin Əfəndiyev
ulu öndərin mədəniyyət sahəsində fəaliyyətinin geniş əhatə dairəsini, rəngarəngliyini
də gerçək faktlar, sənədlərlə təsbitləyir. Kitabın müxtəlif fəsillərində Heydər
Əliyevin incəsənətin müxtəlif sahələrinə dair dərin düşüncələri, konseptual
müddəaları, şərhləri və həm də bütün bu sənət növlərinə və sənətkarlara diqqət
və qayğısı geniş təsvir olunur.
Səyyar MƏMMƏDOVBu məqalə "Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
