Şərəflə keçilən keşməkeşli yolun növbəti dayanacağı
Zəngin tarixi ənənələrə malik Azərbaycan milli
mətbuatının bu gün 145 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli
maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan
"Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə
həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl
ideyalarını və mütərəqqi fikirlərini əks etdirib, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mürəkkəb, lakin
şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin
güzgüsü olub. XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində "Əkinçi”
ənənələrini davam etdirən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "Həyat”, "İrşad”,
"Molla Nəsrəddin” və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə
səsləyib, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi
tanınaraq şöhrət qazanıblar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının
gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə,
qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr verib.
XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi
qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin
edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait
yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya
vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək
beynəlxalq standartlara uyğunlaşdırılıb. Heydər Əliyevin fərman və sərəncamları
ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin
gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi
məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib, mətbuat-dövlət münasibətlərində
mütərəqqi ənənələrin əsası qoyulub. Məlumat üçün qeyd edək ki, "Əkinçi” qəzetinin
yarandığı 22 iyul 1875-ci il tarixi ilə əlaqələndirilən "Milli Mətbuat
Günü” Azərbaycanda 1991-ci ildən rəsmi olaraq təsbit olunsa da, onun yaddaqalan
bayram kimi qeyd olunması və bu münasibətlə dövlət səviyyəsində xüsusi
tədbirlərin, jurnalistlərlə çoxsaylı görüşlərin keçirilməsi, fərqlənən yüzlərlə
qələm sahiblərinin ayrı-ayrı dövlət təltifləri ilə mükafatlandırılması və sair
kimi xoş ənənəni 1995-ci ildən Prezident Heydər Əliyev yaradıb. Heydər Əliyevə
qədər Azərbaycanda "22 iyul Milli Mətbuat Günü” ölkə səviyyəsində
jurnalistlərin və dövlət rəsmilərinin birgə təşkilatçılığı ilə, rəsmi bayram
kimi heç zaman qeyd olunmayıb. Yalnız 1995-ci ildən başlayaraq hər il 22 iyul
Milli Mətbuat Günü kimi ölkə səviyyəsində, ali siyasi rəhbərliyin iştirakı ilə,
xüsusi bayram tədbiri kimi qeyd olunmağa başlanıb.
Peşəkar, yeni
nəsil jurnalistlər ordusu
Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il
fərmanı ilə Azərbaycanda senzura ləğv edilib. Sonrakı illərdə bütün ölkə
miqyasında siyasi plüralizm, söz və məlumat azadlığını məhdudlaşdıran süni
maneələr aradan qaldırılıb, azad söz üzərindəki bütün dövlət tənzimləmə
mexanizmləri ləğv edilib. Bunun ardınca KİV-lərin dövlət qeydiyyatı
liberallaşdırılıb, ölkə jurnalistlərinin tənqidi yazı və çıxışlara görə təqib
olunması praktikasına son qoyulub. Prezident Heydər Əliyev 2000-ci il iyulun
27-də və 2001-ci il dekabrın 27-də imzaladığı "Azərbaycanda KİV-ə dövlət
qayğısının artırılması və iqtisadi müstəqilliyinin təmin edilməsi” ilə bağlı
daha iki mühüm sərəncam imzalayıb. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin l
Qurultayında hakimiyyətlə konstruktiv əməkdaşlıq şəraitində mətbuatın
özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin
nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası təsis edilib. Siyasi
plüralizm üçün yaradılmış əlverişli vəziyyət nəticəsində 1995-2003-cü illərdə ölkə
üzrə bütün senzura və kənar müdaxilələrdən azad 370 qəzet, 113 jurnal, 15
teleradio şirkəti, o cümlədən 30 rusdilli qəzet, 60 əyalət qəzeti fəaliyyət
göstərməyə başlayıb, qlobal təfəkkürlü, yüksək qabiliyyətli və peşəkar, yeni
nəsil jurnalistlər ordusu yetişib.
Siyasi
plüralizm və azad media siyasəti
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi
plüralizm və azad media siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev
tərəfindən də uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin 2006-cı il
fevralın 8-də imzaladığı Sərəncama əsasən redaksiyaların "Azərbaycan”
nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə KİV sahəsində yeni bir
pozitiv addım atılıb - "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub. 2009-cu
ildə Konsepsiyanın tələblərinə uyğun olaraq Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bundan
başqa, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən jurnalistlər üçün 410
mənzildən ibarət iki yaşayış binası tikilib və KİV nümayəndələrinin
istifadəsinə verilib. Hazırda 255 mənzildən ibarət 3-cü binanın tikintisi də
başa çatdırılıb.
Medianın
inkişafını şərtləndirən başlıca amillər
Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı,
informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet
resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək
cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol
oynayır. Prezident İlham Əliyev iyunun 30-daimzaladığı "Azərbaycan
milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamda
milli mətbuatın keçdiyi şərəfli yola nəzər salınmaqla bərabər, medianın üzərinə
düşən vəzifələr də diqqətə çatdırılıb. Sərəncamda qeyd olunub ki, ölkəmizdə
müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran,
habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər
tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində
saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata
keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya
mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı,
cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz
səylərini daha da gücləndirməlidir. Sərəncamda bildirilib ki, modernləşmə,
rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi,
aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər
olmalıdır.
Jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşdırılması
Milli jurnalistikanın keçdiyi yola nəzər salan,
müasir dövrdə medianın qarşılaşdığı problemlərdən söhbət açan Bakı Dövlət Universitetinin (BDU)
Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu"Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda bütün sahələrdə
olduğu kimi media sektorunda da inkişaf özünü göstərməkdədir. Onun sözlərinə
görə, bu, sadəcə informasiya texnologiyalarının inkişafı ilə səciyyələnmir:
"Bu, eyni zamanda dövlətin mediaya, jurnalistikaya, bu peşənin daşıyıcılarına
olan diqqət və qayğısından qidalanan bir məqamdır. Azərbaycanda hər bir
jurnalistin sərbəst şəkildə peşə fəaliyyəti ilə məşğul olmaq imkanı var. Bunun
üçün münbit şərait var. Bundan başqa, jurnalistlərin sosial vəziyyətinin daha
da yaxşılaşdırılması üçün də dövlət səviyyəsində mühüm addımlar atılıb.
Jurnalistlərin mənzillə təmin edilməsi, onlara müəyyən köməkliklərin edilməsi
və sair bu qəbildəndir. Medianın inkişafı, jurnalistlərin peşəkar
fəaliyyətlərinin davam etdirilməsi üçün proqramlar həyata keçirilib”.
Sistemli
şəkildə iş aparmalıyıq
V.Zifəroğlu deyib ki, müasir dövrdə Azərbaycanda
ənənəvi jurnalistika ilə paralel olaraq, sosial media, vətəndaş jurnalistikası
inkişaf edir, jurnalistika internet platformaya transformasiya olunur: "Müəyyən
çatışmazlıq və boşluqlar əsasən burada özünü biruzə verməkdədir. Bu, sadəcə
Azərbaycanda deyil, bütün dünyada belədir. Peşəkar jurnalistika ilə vətəndaş
jurnalistikası, həvəskar jurnalistika arasında rəqabətin şahidiyik. İnformasiya
texnologiyalarının inkişafı elə bir səviyyəyə çatıb ki, hər bir insan müasir dövrdə
informasiya alış-verişinin bir tərəfinə, informasiya mübadiləsinin
iştirakçısına çevrilir. Bunun müsbət tərəfləri ilə bərabər, mənfi cəhətləri də
var. Əsasən informasiya təhlükəsizliyi baxımından, Azərbaycana qarşı aparılan
informasiya müharibəsi aspektindən müəyyən mənfi məqamlar özünü göstərməkdədir.
Gələcəkdə sosial medianın fəlsəfəsi, sosial media alətlərindən istifadə,
informasiya təhlükəsizliyi, informasiya müharibəsi ilə bağlı geniş auditoriyanı
əhatə edəcək seminar və tereninqlərin keçirilməsi böyük səmərə verə bilər. Son
günlər cəbhə və sərhəd xəttində baş verən insidentlər də onu göstərir ki, qeyd
olunan istiqamətdə dayanmadan, sistemli şəkildə iş aparmalıyıq”.
Aqressiv
kütlə jurnalistikaya sərt müdaxilələr edir
Azvision.az
saytının baş redaktoru Vüsal Məmmədov isə bizimlə söhbətində bildirib ki, hazırda Azərbaycan mediası bizim
olmayan sosial media ilə rəqabət şəraitindədir. Onun sözlərinə görə, bu,
kifayət qədər ciddi rəqibdir: "Belə bir rəqabət mühitində medianın vəziyyəti
gərgindir. Hətta deyərdim ki, media özünün gələcəyi ilə bağlı çox vacib
sualların cavablandırılacağı mərhələdən keçir. Sosial media ilə bağlı bir çox
məsələlər öz həllini tapmalıdır. Sosial media əslində xəbər platforması deyil
və olmamalıdır. Lakin təəssüf ki, sosial media xəbər müstəvisinə müdaxilə edib,
bununla da onun yaydığı yalan xəbərlərlə Azərbaycan mediası öz ərazisində, öz
sferasında döyüşmək məcburiyyətində qalıb. Azərbaycan mediası sosial medianın
ideoloji təxribatlarının qarşısını almaqla məşğuldur, buna məhkumdur. Hazırkı
durumumuz geniş mənada bundan ibarətdir. Dəqiqləşdirsək ortaya daha çox
problemlər çıxa bilər. Sosial medianın reallıqları və meyarları ilə ictimai
tərbiyələnən kütlə Azərbaycan jurnalistikasının üstünə gəlir və ondan tələb
edir ki, özünün istədiyi kimi olsun. Azərbaycan jurnalistikası bu tələbin
qarşısında duruş gətirməyi bacarmalıdır. Kütlənin tələbinə uymadan, onun
təsirinə düşmədən çatdırılması lazım olan xəbərləri və ideyaları ötürmək işini
görməlidir. Bu isə getdikcə daha da çətinləşir. Çünki, kütlə aqressivdir və
jurnalistikaya sərt şəkildə müdaxilələr edir. Jurnalistlərə qarşı mənəvi
təzyiqlər, hətta müəyyən vaxtlarda ayrı-ayrı adamlara qarşı mənəvi terror
həyata keçirilir. Bütün bu reallıqları nəzərə alsaq, Azərbaycan mediası hazırda
müharibə vəziyyətindədir. Bunu mübaliğəsiz söyləmək mümkündür. Ümid edirəm ki,
yaxın vaxtlarda bu müharibədə üstünlük bizim xeyrimizə dəyişə biləcək”.
İnternet
reallıqlarına adaptasiya olunmuş nəsillər
V.Məmmədovun qənaətincə, medianın ən böyük problemi
özünün formatını indiyə qədər düzgün seçə bilməməsidir: "Misal üçün, bizdə
qəzetlər xəbər dərc edirlər. Bu, absurddur. İnternet reallığında qəzetin xəbər
dərc etməsi heç kimə lazım deyil və belə mətbu orqan alınmayacaq. Qəzetin öz
formatına uyğun öz janrları olmalıdır. Misal üçün, publisistika, təhlil,
araşdırma, oçerk və sair. Bu janrlar hazırda yoxdur Azərbaycanda. Həmin janrda
yazan müəlliflər nəsli yetişmir. Sonuncu belə nəsil 90-cı illərin sonuna doğru
formalaşan jurnalistlərdir. Yeni əsr başlayandan əvvəlki ciddi janrlarda yazan
jurnalist nəsli yetişməyib. Yeni nəsil jurnalistika ya internet reallıqlarına,
ya da telejurnalistikaya adaptasiya olunmuş nəsillərdir. Onlar isə ortaya dərin
məzmunlu, ciddi mətnlər qoya bilmirlər. Mən yeni ciddi müəlliflər nəslinin
yetişməməyini Azərbaycan jurnalistikasının birinci problemi hesab edirəm.
İkinci problem isə bayaq vurğuladığım kimi, medianın öz formatını düzgün
müəyyənləşdirə bilməməsidir. Bu iki problem bir-birini qarşılıqlı şəkildə idarə
edir, müəyyənləşdirir”.