AZE | RUS | ENG |

Mətbuat və ədəbiyyat

Mətbuat və ədəbiyyat
Qəzetlərin sayının azaldığı, elektron medianın gücləndiyi bir dönəmdə ədəbiyyat yaddan çıxmayıb ki?

Mətbuat ədəbiyyatın təqdimatında və təbliğatında, həmçinin oxucunun istiqamətləndirilməsində həmişə böyük nüfuza malik olub. Qəzetlərin sayının azaldığı, elektron medianın get-gedə gücləndiyi bir dönəmdə ədəbiyyat yaddan çıxmayıb ki?  Hazırkı vaxtda KİV ədəbi mənzərəni lazımınca işıqlandıra bilirmi?

«Müzakirə»mizdə iştirak edən ədəbiyyat adamları maraqlı fikirlər söylədilər. 

Həm yazılı, həm də elektron media

Yazıçı Aqil Abbas bu gün ədəbi mövzuların mətbuatda layiqincə işıqlandığını deyir. Belə ki, «525-ci qəzet», «Kaspi» qəzeti bu siyahıda əsas yer tuturlar: ”Bu qəzetlər ədəbiyyat yazılarına xüsusi yer ayırırlar. Həm də nəinki materiallara yer ayırırlar, hətta onların təbliğatı ilə məşğul olurlar. Bundan əlavə, «Ədəbiyyat» qəzeti son illər ədəbiyyatı yüksək səviyyədə təbliğ edir. «Ulduz», «Azərbaycan» jurnalları da ədəbi orqan kimi ədəbiyyatımızı təbliğ edirlər”. Yazıçının fikrincə, ədəbiyyatın təbliğatına elektron media da ciddi yer verir. Məsələn, Kulis.az və s. saytlar ədəbiyyatın təbliği ilə məşğuldurlar? "Ədəbiyyat həmçinin sosial şəbəkələrdə  təbliğ olunur. Amma mövzuların səviyyəsinin necə olması başqa mövzudur. Əsas odur ki, bu gün həm yazılı, həm də elektron media ədəbiyyata biganə deyil”.  

Mətbuatın ədəbiyyat adamına diqqəti

«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs də hesab edir ki, yazılı mətbuatda, sosial şəbəkələrdə ədəbiyyat kifayət qədər təbliğ olunur: «Xüsusən sosial şəbəkələrdə təbliğ olunan materialların sayı yetərincədir. İstər ədəbi orqanlar, istərsə də «525-ci qəzet», «Kaspi» və s. qəzetlər hər həftə ədəbi materiallarla oxucuların görüşünə gəlirlər. Bu mətbu orqanlar demək olar ki, ədəbi mənzərəni layiqincə əks etdirməyə nail olurlar. Əgər yazıların keyfiyyətini müzakirə etsək onda həm yaxşı, həm də zəif nümunələr ortaya çıxar. Həm də tamam başqa mövzu yaranar”. Q.Ağsəsin fikrincə, bu gün ədəbiyyatın ötən əsrin 80-90-cı illərinə qədər olan dövrü ilə müqayisədə çap problemi yoxdur. İstənilən nümunənin çap olunmaq imkanı var: "Heç bir qəzet, jurnal və ya sayt çap eləməsə belə, hər hansı adam öz youtube kanalında, sosial şəbəkədə yazdığı ədəbi materialı yayımlamaqla minlərlə oxucu qazana bilər. Biz sosial şəbəkələrə nə nəzarət edə, nə də haqlarında mənalı fikir yürüdə bilərik. Yəni adam sosial platformalarda profilini açır və istədiyini yayımlaya bilir. Ancaq yazılı mətbuat ədəbiyyata daha diqqətlə və ehtiyatla yanaşır və öz işinin öhdəsindən daha ləyaqətlə gəlir”. Baş redaktor hesab edir ki, ədəbiyyatın təbliğindən danışanda elektron KİV-i də unutmaq olmaz: "Burada mənzərə təəssüf ki, tam fərqlidir. Televiziyaların bu istiqamətdə fəaliyyətindən danışsaq, mənzərə o qədər də ürəkaçan deyil. Azərbaycan Televiziyası, «Mədəniyyət» kanalı və qismən də İTV və "Xəzər” kanallarının bu istiqamətdə fəaliyyəti var. Bu kanallarda ciddi ədəbiyyata yer verən proqramlar var. Digər kanallar nəinki ədəbiyyata yer ayırır, hətta ədəbiyyatı ələ salır, aşağılayırlar. O verilişlərə baxan insanlar çətin ki, ədəbiyyat adamları haqqında yaxşı nəsə düşünə bilsinlər.      

Telekanallar reklam vasitəsilə pul qazandıqlarından onları qınaya bilmərik. Amma təəssüflər olsun ki, onlar ədəbiyyat ətrafı söhbətləri, dedi-qoduları, şayiələri böyük məmnuniyyətlə tirajlayırlar”. Baş redaktorun fikrincə, digər təəssüf doğuran məqam ciddi qələm adamlarının bu tip proqramlarda iştirak etmələridir: "Hesab edirəm ki, əgər hansısa kanalda ədəbiyyat adamı – şair, yazıçı, tənqidçi və ya jurnalist, publisist ələ salınırsa, həmin verilişdə iştirak etmək ədəbiyyat adamına başıaşağılıq gətirir. Dəfələrlə həmkarlarıma səslənmişəm ki, yazıçının, şairin imicinə zərbə vuran bu tip verilişlərə getmək olmaz. Bəziləri özlərinə haqq qazandıraraq: «Onlara cavab verməyə gedirik» - deyirlər. Ancaq montajda elə bir vəziyyətə gətirirlər ki, sonda kimin haqlı və ya haqsız olduğunu ayırd etmək olmur. Televiziyaların əlində montaj kimi təhlükəli silah var. İstənilən fikri kontekstdən çıxarıb elə bir səviyyədə təqdim edə bilərlər ki, haqlı ikən haqsız duruma düşə bilərsən. Həmin silahla istənilən adamı vurmaq olar. Bu baxımdan, yazılı mətbuatdan nə qədər razı qalsam da, elektron KİV-in ədəbiyyata olan münasibətindən narazıyam. Əgər ədəbiyyatla bağlı veriliş vermək istəmirlərsə, bu, onların prinsiplərinə ziddirsə, heç olmasa ədəbiyyatın və ədəbiyyat adamının əleyhinə də veriliş verməsinlər. Təbii ki, bunu məqsədli şəkildə edirlər və yəqin ki, bunun kommersiya tərəfi də var”. 

Baş redaktor televiziyaların ədəbiyyatla bağlı siyasətini uğursuz hesab edir: "Nəsiminin 650 illiyi ilə bağlı «Ulduz» jurnalı ilk dəfə olaraq xüsusi buraxılış hazırladı. Onun təqdimatı ilə bağlı bütün telekanalları Yazıçılar Birliyinə dəvət etsək də heç biri gəlmədi. Ancaq həmin kanalların mikrofonunu istənilən şou adamının tədbirində görə bilərsən. Təəssüf ki, bizim ədəbi orqanlar kimi tirajımız bir televiziya kanalının verilişinin tirajından aşağıdır. Bu da faktdır. Ona görə biz nə qədər yaxşı nəsə etməyə çalışsaq da, bir kanal öz verilişi ilə onu zay edə bilər. Biz nə qədər ədəbiyyat adına işlər görsək, layihələr həyata keçirsək də telekanallar bir dedi-qodu verilişi ilə onların hamısını kölgədə qoya bilər. Buna görə mən  ədəbiyyata göstərdiyi qayğıya görə yazılı mətbuata təşəkkür edirəm. Digər tərəfdən, mətbu orqanlar onlarla əməkdaşlıq edən ədəbiyyat adamlarına qonorar ödəyir. Yəni məbləğindən asılı olmayaraq onlarla əməkdaşlıq edən ədəbiyyat adamlarına ödəniş olunur. Bu da mətbuatın ədəbiyyat adamına bir diqqətidir».  

Azərbaycan mətbuatının ədəbiyyat qarşısındakı borcu

Tənqidçi Əsəd Cahangirın fikrincə, Azərbaycan mətbuatı bu gün heç vaxt olmadığı qədər ədəbi-bədii materiallara öz səhifələrində yer ayırır. Sovet dövründə isə yalnız müvafiq ədəbi qurumların bir neçə orqanı istisna olmaqla digər mətbu orqanlar bədii materialları az dərc edirdilər. Yəni bədii materialları daha çox Yazıçılar Birliyinin orqanları dərc edirdi: "O zaman saytlar da yox idi. Həmçinin mətbuat azad deyildi, senzura var idi. Bu gün mətbuat senzuradan azaddır, bu da ədəbiyyatın azad xarakterinə çox yaxındır. Yazısını bu və ya digər orqanda çap etdirə bilməyən yazıçı başqa bir orqana müraciət edir. Artıq hər bir qəzetin öz oxucu kontingenti var”. Tənqidçi qeyd edir ki, bu gün bizdə Yazıçılar Birliyinin orqanları ilə yanaşı, bir sıra ictimai-siyasi qəzetlər və jurnallar da var ki, onlar öz səhifələrində ədəbiyyat məsələlərinə geniş yer ayırırlar: "Məsələn, 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində ədəbiyyat materiallarını çap etmək baxımından böyük rol oynamış «Ədalət» qəzetinin adını çəkmək istərdim. Bu qəzet təxminən bir neçə il ərzində hər həftə xüsusi ədəbiyyat əlavəsi buraxırdı. Bu əlavələr ayrı-ayrı dünyagörüşləri, estetik platformaları əks etdirən adamlar tərəfindən hazırlanırdı. Yəni qəzet yalnız bir cəbhəni dərc eləmirdi. Bu, o zaman qəzetin baş redaktoru işləyən görkəmli yazıçı Aqil Abbasın ədəbiyyata olan sevgisi və ədəbiyyat adamlarına olan qayğısı sayəsində mümkün olmuşdu. Sonralar Rəşad Məcidin baş redaktoru olduğu «525-ci qəzet» xüsusi şənbə nömrələri buraxmağa başladı və bu günə qədər də o proses davam edir. Hətta, uzun bir müddət bu qəzet ədəbiyyat materiallarını çap etmək üzrə ölkədə ən öndə gedən mətbuat orqanlarından biri idi”. Ə.Cahangir bildirir ki, 90-cı illərdə həmçinin "Yeni Azərbaycan”, «Rezonans», «Həftə içi», "Vətəndaş həmrəyliyi» və bir sıra digər mətbu orqanlar ədəbiyyat səhifələrinə geniş yer ayırıblar. İndi üstün bir cəhət də var: mətbuat yalnız qəzet və jurnallardan ibarət deyil. Mətbuatın elektron variantı meydana gəlib, ədəbi saytlar, portallar fəaliyyətə başlayıb. Bu səhifələrdə də ədəbiyyat məsələləri geniş işıqlandırılır. O cümlədən, ədəbiyyat məsələlərinə son 20 ildə yer ayıran «Kaspi» qəzetini, onun hər şənbə işıq üzü görən "Ədəbiyyat” əlavəsini qeyd etmək lazımdır. Bu qəzetin xüsusi portalı olan ArtKaspi.az qısa bir müddətdə bütün ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Bu baxımdan, Azərbaycan mətbuatı - istər yazılı, istərsə də elektron media ədəbiyyat qarşısında borcunu lazımi səviyyədə yerinə yetirir».  

Əsas ədəbiyyatın yaranmasıdır

Yazıçı Mübariz Örən hesab edir ki, əsas ədəbiyyatın özünün yaranmasıdır: «Fərqi yoxdur, hansı səviyyədə olsun, əsas odur ki, mətnlər ortaya çıxsın. Onda ədəbiyyat öz-özünə yol açacaq. Ədəbi materiallar mətbuatda da öz əksini  tapacaq. Güclü müəlliflər, yaxşı yazılar ortaya çıxsa və rezonans yaratsa mətbuatda yer alacaq. Onsuz da yazılar daha çox mətbuatda meydana çıxır. Bilirsiniz ki, kitab satışı çox zəifdir. Ona görə də ədəbi yazılar az-çox elə mətbuatda görünür».
 
Təranə Məhərrəmova
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964