Məktəbdən ailə dəyərlərinə dəstək
Bu mövzunun ayrıca fənn kimi tədris edilməsi təklif edilir
Rusiya Federasiyasının uşaq hüquqları üzrə müvəkkili Anna Kuznetsova da ailə dəyərlərinin tədrisinin yaxın gələcəkdə məktəb, lisey və gimnaziyaların təhsil proqramlarına modul kimi daxil edilə biləcəyini söyləyib. Onun sözlərinə görə, bu, ailələrin vəziyyətinin hərtərəfli yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.
Qeyd edək ki, ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı mövzuların ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil edilməsi keçən il Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda da əks olunub. Əsas məqsəd ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılmasından ibarət olan sənədin icrası təhsil və səhiyyə nazirliklərinə tapşırılıb.
Ekspertlər hesab edir ki, daha çox ailə dəyərləri, ailə bərabərliyinə söykənmək, uşaqların insan kimi, şəxsiyyət, humanist bir vətəndaş kimi yetişdirilməsi üçün məktəblərin üzərinə böyük vəzifə düşür. Bu baxımdan, dərsliklərdə milli-mənəvi dəyələrə söykənən mövzu və mətnlərə daha çox diqqətin yetirilməsi vacibdir.
Bağa baxarsan...
Təhsil eksperti Kamran Əsədovun fikrincə, gələcəyimizin savadlı kadrlarının yetişdirilməsində mühüm faktor rolunu oynayan məsələ ailə - məktəb əməkdaşlığıdır: "Heç şübhəsiz ki, valideynlər uşaqların təhsilində müəllimlərin birbaşa tərəfdaşı kimi çıxış etməlidirlər. Və təbii haldır ki, ilkin olaraq öz ailəsi tərəfindən üzərində xüsusi diqqət və nəzarət görən şagird, ən azından bu öhdəliyi hiss edir və onu doğrultmaq üçün təhsilində uğur qazanmağa çalışar. Təəssüf ki, valideynlər bəzən bütün məsuliyyəti məktəb üzərinə atmaqla özlərini "sığortalanmış” hiss edirlər. Nəticədə genetik və ya fərdi istedad kimi istisna halları çıxmaqla, bu cür diqqət və nəzarətdən kənar qalan şagirdlərin təhsilində geriləmə müşahidə olunur. Necə deyərlər, "bağa baxarsan bağ olar, baxmazsan dağ”. Ekspert aparılan beynəlxalq araşdırmalara əsasən qeyd edir ki, şagirdin təhsilində əldə etdiyi uğur ailənin təhsilə verdiyi önəmlə əlaqəlidir. Belə ki, ailənin məktəbə və şagirdə göstərdiyi diqqət gələcək uğura zəmin yaradır: "Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir. Bir təhsil tədqiqatçısı olaraq məktəblərdə müəllim, şagird və valideynlər arasında araşdırma apararaq, kimin " öz bağına necə baxması” ilə maraqlandım. Nəticələrə keçməzdən öncə dünya ölkələri üzrə mövcud valideyn-məktəb münasibətlərinə nəzər salmaq istəyirəm. Amerika Birləşmiş Ştatlarında məktəb-valideyn və cəmiyyət münasibətləri mühüm amillərdən hesab olunur. Bu məqsədlə ölkədə valideyn-məktəb dərnəkləri yaradılıb. Həmin dərnəklər isə milli valideyn-müəllim dərnəkləri konfederasiyasına tabedir. Dərnəklərin fəaliyyətinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. ABŞ-da şagirdlərə pedaqoji rəhbər təyin edilməsi üçün valideynlərə xüsusi təhsil verilir. Bu isə özlüyündə "yalnız savadlı valideynlər bilikli rəhbəri seçə bilərlər” anlamı daşıyır. Həmçinin, şagirdlərin sağlam yetişdirilməsi üçün ailə dərnəkləri də fəaliyyət göstərir. Qonşu və qardaş ölkə olan Türkiyədə valideyn-müəllim əlaqələrinə xüsusi əhəmiyyət verilir. Bunun üçün ildə iki dəfə valideyn-müəllim görüşü təşkil edilir, bu görüşlərdə şagirdlər iştirak edə bilməz. Görüş öncədən müəyyənləşən vaxtda və məktəbdəki sinif otaqlarının birində baş tutur. Hər valideyn övladının müəllimləri ilə 2, yaxud 3 dəqiqə müddətində təkbətək söhbət edir. Digər valideynlər də həmin söhbət zamanı sinifdə ola bilərlər. Görüş zamanı şagirdlə bağlı fikir mübadiləsi aparılır. Bununla yanaşı, ayda bir dəfə də olmaqla müəllim-şagirdin fərdi, ayda 2 dəfə isə şagird-valideyn-müəllimin üştərəfli görüşü təşkil edilir. 10 ildən çoxdur bu sahədə apardığım araşdırmalarım əsasında deyə bilərəm ki, şagirdin təhsilində əldə etdiyi uğur ailənin təhsilə verdiyi önəmlə əlaqəlidir. Şagirdin ehtiyaclarını müəyyənləşdirmək və buna uyğun düzgün təhsil proqramı seçmək üçün ailənin məktəblə sıx əlaqəsi vacibdir”.
K.Əsədov hesab edir ki, şagirdlərə ailədəyərini aşılamaq üçün ayrıca fənnin tədrisinə ehtiyac var: "Düzdür, "Həyat bilgisi” fənində zəruri informasiyalar verilir, amma bu, yetərli deyil. Son illər ailədaxili baş verən ağır hadisələr, orta məktəblərdə bu mövzuya daha çox müraciət etməyi zəruri edir. Araşdırmalara əsasən deyə bilərəm ki, daha çox aşağı sinif şagirdlərinin valideynlərinin, bu sahədə fəal olduqları, yuxarı siniflərə doğru isə şagirdlərə qarşı ailə tərəfindən diqqətin azaldığı bildirilir. Həmin mərhələdə bu iş daha çox müəllimlər tərəfindən həyata keçirilir. Yəni valideyn maraqlandı-maraqlanmadı, davamiyyət, dərsə hazırlıq və bu kimi məsələlərlə bağlı məlumatları daha çox müəllimlər telefon vasitəsi ilə olsa belə, onlara çatdırmağa çalışır, onları öz övladları ilə maraqlanmağa sövq edirlər. Valideynlərinin məktəblə mütəmadi əlaqə qurduğunu və onların təlim-tədrisi və bütün psixoloji davranışları (bura daxildir, aqressivliyi, əxlaqi davranışları, ictimai işlərdə fəallığı, utancaqlığı, müəllimlə rəftar qaydaları, sinif yoldaşları ilə münasibətləri və.s. ) ilə yaxından maraqlandığını söyləyən şagirdlərə də rast gəldik. Hətta şagirdlərin dediyinə görə, dərs prosesini izləyən valideynlər də var. Bəzilərinin ailəsindəisə, ata-ananın vaxtı olmadığı təqdirdə, bu missiyanı evin böyük qardaşı, yaxud dayı, nənə kimi yaxın qohumlar öz üzərinə götürür. Ona görə də orta məktəblərə xüsusi olaraq ailə mövzularına yer vermək lazımdır ki, şagirdlərdə bu dəyərlər və anlayışlar formalaşsın”.
Modul kimi də olsa...
Təranə Məhərrəmova