Məişət zorakılığı Cinayət Məcəlləsində yer almalıdır?

Azərbaycanda məişət zorakılığı cinayət əməli kimi Cinayət
Məcəlləsində yer almayıb. Beynəlxalq ekspertlər məişət zorakılığının Cinayət
Məcəlləsinə salınmasını təklif edirlər". APA-nın xəbərinə görə, bunuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə
İbrahimova deyib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda məişət zorakılığına
dair normativ hüquqi aktların bazası əcnəbi ekspertlər tərəfindən təhlil
edilib: "Məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla,
vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı
qanunvericiliyə dəyişikliklərin edilməsini ekspertlər tövsiyə edir".
Təklif olunan dəyişikliyə ehtiyac varmı? Sanksiyaları sərtləşdirməklə
cəmiyyətdəki zorakılıq hallarının qarşısını almaq mümkündürmü?
Millət vəkili Gövhər Baxşəliyeva deyir
ki, hələlik bu haqda danışmaq üçün tezdir: "Təbii ki, cəmiyyətdə ailə-məişət zəminində müxtəlif
cinayətlər və zorakılıqlar baş verir. Bu haqda ayrıca qanun var və burada bir çox şey öz əksini tapır. Lakin zorakılığa
məruz qalanlar çox vaxt hüquq-mühafizə orqanlarını məlumatlandırmırlar. Belə faktlar çox vaxt gizlədilir. Ailə-məişət
zorakılığı adətən evin içində qalır. Bizim mentalitet qaydalarımız belədir ki,
evdəki hadisələr evdən kənara çıxmamalıdır. Bu zaman isə zərər çəkmiş şəxsə heç
kim köməklik edə bilmir. Zorakılığa məruz qalan qadınlar bunu gizlədirsə, bu
zaman nə etmək olar? Dəyişikliyə gəlincə isə deyə bilərəm ki, hələlik bu haqda
danışmaq üçün tezdir. Çünki detallar tam
açıqlanmayıb. Əgər dəyişiklikdə göstərilən məqamlar Cinayət Məcəlləsində əhatə olunubsa, o zaman
belə bir dəyişikliyə ehtiyac olmaz”.
Hüquqşünas Ceyhun Cəfərlidə ayrıca dəyişikliyə ehtiyac görmür: "Məişət
zorakılığının qarşısının alınması haqqında Cinayət Məcəlləsində ayrıca qanun
var. Bu qanun ailə daxili münasibətləri tənzimləmək və ictimai asayişi qorumaq
məqsədi daşıyır. Məişət zorakılığı ilə bağlı müraciət olduqda müvafiq araşdırma
aparılır və zorakılığa məruz qalmış şəxsə mühafizə orderi verilir. Belə bir
orderi olan şəxsə qarşı zorakılıq faktı olarsa, o zaman müvafiq qurumlar
konkret olaraq cinayət işinin qaldırılmasına dair əməli tədbirlər görürlər.
Başqa bir məsələ isə məişət zorakılığının cinayət xarakterli əməl kimi
qiymətləndirilməsi və Cinayət Məcəlləsinə daxil edilməsidir. Çünki məcəllədə
istənilən əməl konkret xarakter daşımalıdır və konkret cinayət cəzası müəyyən
olunmalıdır. Əgər məişət zorakılığı özlüyündə
ailədaxili sıxışdırılma, hüquqlardan
məhrumetmə şəklində ifadə olunarsa, onda
biz bunların hər birinə ayrıca maddə nəzərdə tutmalıyıq. Bütün məişət
zorakılığı cinayət xarakterli deyil. Ona görə də düşünürəm ki, məişət zəminində
baş verən hər bir zorakılığı cinayət
əməli kimi qiymətləndirmək düzgün deyil.
Yəni, problemin həll variantı bu deyil.
Hesab edirəm ki, belə bir dəyişiklik əksinə, ailə institutuna və ailədaxili münasibətlərə
təhlükə yarada bilər. Belə bir dəyişiklik olarsa, məişət zorakılığı adı altında
cinayət məsuliyyətinə cəlb olunan şəxslə ailəsi arasında dərin bir uçurum yaranacaq.
Məsələn, ata öz qızının, yaxud həyat yoldaşının şikayəti əsasında həbs edilir.
Yaxud, ana öz qızının şikayəti əsasında həbs edilir. Bunun qarşısını almaq üçün
profilaktik tədbirlərə əl atmaq lazımdır. Məişət zorakılığı ilə mübarizə
maarifləndirmə yolu ilə aparıla bilər. Gənclər maarifləndirilsə və güclü
təbliğat işləri aparılsa, daha effektiv nəticə olar, nəinki cinayət işinin
qaldırılması ilə”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban
Zeynalovaqəzetimizə
açıqlamasında bildirdi ki, bu təklif uzun müddətdir ki,
səsləndirilir: "QHT-lər də bu təklifin tərəfindədirlər. Bir çox hallarda, məişət
zorakılığını törədən şəxs tam başqa cinayət maddəsi ilə cəzalandırıldığına
görə, ölkədə məişət zorakılığının real vəziyyətini qiymətləndirmək mümkün
deyil. Belə bir cinayət maddəsinin olması imkan verəcək ki, həm cəza tədbirləri
görülsün, həm də mövcud vəziyyəti qiymətləndirmək mümkün olsun. Bir çox
hallarda məişət daxilində baş verən cinayətlər, məsələn, qəsdən adam öldürmə, döymə, xəsarət yetirmə
başqa cinayət motivi ilə qeyd olunur. Məişət zorakılığı kimi qeydə alınmır. Ona
görə də hesab edirəm ki, ayrıca bir maddənin
olması həm də insanları bu cinayətlərdən çəkindirəcək”.
Sosioloq Lalə Mehralıisə hesab edir ki, belə bir dəyişikliyə ehtiyac var: "Məncə lazımlı təklifdir.
Ən azından məişət zorakılığından əziyyət çəkənlərin hüquqlarının müdafiəsi üçün
buna ciddi ehtiyac var. Belə bir qanunun qəbul edilməsi həm də Cinayət
Məcəlləsi ilə ittiham ediləcək davranışların, ailədaxili zorakılıqların
azalmasına səbəb ola bilər. Çünki indi məişət zorakılığı edən, məsələn, həyat
yoldaşını döyən, bədənində siqaret söndürən, övladına əl qaldıran, mənəvi də
olsa zorakılıq göstərən insanlar bu davranışlarına görə hakim qarşısında
dayanacaqlarını bilsələr, daha yumşaq davranar, aqressiv davranışlardan uzaq
olarlar. Bir, iki, lap üç nəfər bu hərəkətə görə ittiham edilsə, başqalarına da
görk olar. Məsəl var, gözü çıxan qardaşdan dərs almaq lazımdır. Çox təəssüf ki,
zorakılığa meylli olan insanlar üçün xəbərdarlıq əhəmiyyət kəsb etmir. Əgər həmin
şəxs davranışına görə həbs olunsa, məhkumluq həyatı yaşasa, bəlkə də etdiyi
səhvi anlayar”.
Şəbnəm Mehdizadə
