Məhəmmədin taleyi - ARAŞDIRMA
Qanun valideynlərini
itirmiş əlilliyi olan şəxslərin peşə təhsili müəssisələrində oxumalarına şərait
yaratsa da, bu kriteriyalara uyğun gəlib, cəmiyyətə inteqrasiya arzularını reallaşdıra
bilməyənlər də var
Peşə təhsili
mərkəzlərinin boş qalan yerlərinə qəbulun
ikinci mərhələsi də başa çatdı. Əlavə təhsil almaq istəyən, əmək bazarının yeni
peşələri ilə tanış olmaq arzusunda olan, yaş baryeri tanımayıb yenidən peşə öyrənməyi
hədəfləyən müsabiqədən keçmək üçün müraciət etdilər.
"Peşə təhsili
haqqında” qanun valideynlərini itirmiş uşaqların, əlilliyi olan şəxslərin, şəhid
ailəsinin üzvlərinin də peşə təhsili müəssisələrində oxumalarına şərait
yaradır. Həmçinin, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil
haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qanunla reallığın uyğunsuzluğu
Təəssüf
ki, bəzən qanunda göstərilən məqamlarla müsabiqənin seçimi və nəticələri uyğun
gəlmir. Peşə təhsil müəssisələrinin hamısının tələblərə uyğun olmaması,
personalın hazırlıqsızlığı sosial həssas təbəqələri, sağlamlıq imkanları məhdud
olanları və s. bəzən təhsildən kənarda qoyur.
Məsələn, Lənkəran İnteqrasiya Təlimli İnternat
Tipli Gimnaziyanın
şagirdləri peşə təhsili almaqla bağlı problemlə üzləşiblər. Məktəbin məzunu Məhəmməd Məhərrəmov gimnaziyanı tam
orta təhsil attestatı ilə bitirsə də, peşə təhsili üçün müsabiqədən keçə bilməyib.
Valideyni övladı ilə bağlı müraciətinə "Təəssüf ki, müsabiqədən keçə bilmədiniz”
mesajını alıb. Qeyd edək ki, Məhəmməd kimi peşə təhsilindən kənarda qalan
şagirdlərin sayı kifayət qədərdir.
Yaraya məlhəm olmayan cavab
Peşə Təhsili Agentliyinin Məhəmmədin və onun timsalında inteqrasiya təlimli
məktəblərin məzunlarının üzləşdiyi oxşar problemlə bağlı sualımıza verdiyi
cavab isə ortadakı vəziyyətlə üst-üstə düşmür. "Peşə təhsili müəssisələrinə
ümumi orta və tam orta təhsili başa vuran, xəstəliyinin xüsusiyyətləri seçdiyi
peşə üzrə təhsil almağa və işləməyə imkan verən, bacarıq və maraqları nəzərə
alınmaqla sağlamlıq imkanları məhdud şəxslər qəbul edilirlər”. Qeyd edilib ki, əlilliyi olan, sağlamlıq
imkanları məhdud şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.
Təbii ki, Agentliyin cavabı qanunda qeyd edilən bəndləri əks etdirmək
baxımından humanist görünür. Amma reallıq başqadır: fakt budur ki, peşə təhsilinə
ehtiyacı olan Məhəmməd müsabiqədən kənar qalıb.
Regionlarda çatışmayan şərait
Qeyd edək
ki, inteqrasiya təlimli məktəbləri bitirən uşaqlar üçün xüsusən regionların peşə
mərkəzlərində şərait yoxdur. Paytaxtın bir neçə peşə təhsili mərkəzlərində inklüziv
təhsilə, sağlamlıq imkanları məhdud insanlara hesablanan layihələr icra edilsə
də, təəssüf ki, bu, regionlara şamil edilmir. Məsələn, paytaxtın bəzi peşə məktəblərində
incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər,
peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor
müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi
proqram keçirilib. "Məqsəd qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri
olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub”.
Təəssüf ki, region məktəbləri bu qayğıdan kənarda qalıb. Bu isə geniş mənada peşə təhsilinə ehtiyac hiss edən, cəmiyyətə
inteqrasiya olunması vacib olan təbəqələri diqqətdən kənarda saxlayıb. Elə Lənkəran Peşə Təhsili Liseyinin timsalında
bu faktı aydın görmək olur. Mərkəzin
direktoru Afər Kərimov "Təcrübəmizdə bu tip uşaqların oxuması faktı yoxdur.
Hərçənd təhsil almaq hər bir vətəndaşımızın haqqıdır. Amma bizim məktəbdə belə
uşaqlara dərs verəcək müəllimlər də yoxdur” - deyə sualımızı cavablandırdı.
Məhəmməd nə etsin?
Məhəmməd
10-cu sinif üzrə inteqrasiya təlimli gimnaziyanı bitirib. Ancaq peşə məktəbinin
qapıları onun üçün bağlı olduğundan hansı istiqamətə gedəcəyini bilmir.
Valideynləri onun vaxtını daha çox küçədə keçirməsindən narahatdırlar. Məhəmmədin
sağlamlıq imkanları ali məktəbə daxil olmasına imkan vermir. Yeganə yolu peşə təhsili
almasıdır ki, sabah cəmiyyətə bağlana bilsin. Ən əsası, əməyin vacibliyini hiss
eləsin. Buna isə elektron "seçim” imkan vermir. Elə isə Məhəmmədin və onun kimi
uşaqların taleyi necə olsun?
Təranə Məhərrəmova