Məcburi yumşalma - ŞƏRH
Ekspertlər əmindirlər ki, İşçi Qrupunun fəaliyyətini bərpa etmək üçün
İrəvana Moskva tərəfindən təzyiq göstərilib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş
nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey
Overçuk Üçtərəfli İşçi Qrupun fəaliyyətini yenidən bərpa ediblər. Rusiya
hökumətinin rəsmi saytında yerləşdirilən xəbərə görə, avqustun 17-də Moskvada
keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat
kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan Prezidenti İlham
Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir
Putinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi
məsələləri müzakirə olunub.
Ermənistan ciddi təzyiq
altındadır
Rəsmi Bakı Azərbaycan-Ermənistan sərhədində
delimitasiya və demarkasiya prosesinin başa çatdırılmasının, həmçinin kommunikasiyaların
açılmasının tərəfdarıdır. Bəs Rusiya və Ermənistan necə, kommunikasiyaların
açılmasına, əlaqələrin bərpasına səmimi şəkildə maraq göstərirlərmi? Ümumiyyətlə,
Qarabağ üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətindən müsbət addımlar, konkret
qərarlar gözləmək olarmı?Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə
bölüşən politoloq Fikrət Sadıxov bildirib ki,bu danışıqların
başlamasına Ermənistan məcbur edilib: "Reallıq bundan ibarətdir ki, Ermənistanı
müttəfiqi Rusiya bu danışıqlara başlamağa məcbur edib. Rusiya İşçi Qrupun
tərkibində yer alıb. Onun Cənubi Qafqaz regionunda öz maraqları var. Məhz bu
səbəbdən Paşinyan hökumətinə rəsmi Moskva tərəfindən təzyiqlər göstərilib.
Paralel olaraq Azərbaycan da öz milli-dövlətçilik maraqlarından çıxış edərək
müxtəlif vasitələrlə Ermənistana təzyiq göstərib. Dolayısı ilə onları başa
salmışıq ki, sərhəddəki bütün təxribatlar heç bir nəticə verməyəcək. Bu,
məsələnin bir tərəfidir”.
İrəvan addım atmaq
məcburiyyətində qalıb
Politoloq deyib ki, bütün təzyiqlərə rəğmən, Ermənistanın
qısa zamanda müqaviləyə imza atması inandırıcı deyil: "Ermənistanı delimitasiya
məsələləri, sülh sazişini imzalamaq kimi ciddi qərarların qəbul edilməsi
qorxudur. Onlar başa düşürlər ki, hazırda da işğal altında saxladıqları bir çox
ərazilər Azərbaycana qaytarılmalıdır. İndiyə qədər mövcud olan bütün coğrafi
xəritələr bunu təsdiq edir. Çar və sovet Rusiyası dövrünün xəritələri
deyilənlərə əyani misaldır. Hətta Ermənistan dövlətinin yerləşdiyi ərazi də
tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan delimitasiyaya getsə, sülh
müqaviləsi imzalasa, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, ərazi
bütövlüyümüzə hörmət etməlidir. Ona görə də, sərhəddə təxribatlar törədilir,
delimitasiya prosesi süni şəkildə yubadılır. O ki qaldı kommunikasiyaların bərpasına,
burada da Ermənistan hansısa addım atmaq məcburiyyətindədir. Bu onlara Rusiya
və Azərbaycan tərəfindən ediləcək təzyiqin dərəcəsindən asılı olacaq. Bununla
yanaşı, Ermənistanda da başa düşməyə başlayırlar ki, reallıqla barışmalı,
iqtisadi tənəzzülü aradan qaldırmaq üçün ciddi qərarlar qəbul edilməlidir.
Özlərini bu regiondan təcrid etməklə heç nəyə nail ola bilməyəcəklər.
Ermənistan iqtisadi, siyasi, sosial vəziyyət baxımdan dalana dirənib. Bundan
yeganə çıxış yolu kommunikasiyaların açılması, əlaqələrin qurulması, regiona
inteqrasiyadır. Şübhə etmirəm ki, hətta buna getsələr belə, burada da müəyyən
problemlər yaradacaqlar. Proseslərin inkişafından çox şey asılıdır”.
Avropa alternativ
marşrutların yaranmasında maraqlıdır
Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki,Cənubi Qafqaz həssas
bölgədir və bu bölgənin inkişafı, bütövlükdə dayanıqlı sülhün formalaşması üçün
kommunikasiyaların bərpası olduqca vacibdir. Onun sözlərinə görə, bu, paralel
olaraq aparılmalıdır və kommunikasiyaların açılmasında prioritetlərdən biri
Zəngəzur dəhlizidir: "Nəzərə almaq lazımdır ki, bu dəhliz təkcə Azərbaycan və
türk dünyası üçün deyil, eyni zamanda region üçün çox vacib bir layihədir.
Geniş anlamda isə Avropa İttifaqı və regionda marağı olan digər ölkə və
ittifaqlar üçün də faydalı hesab olunur. Zəngəzur dəhlizinin Şərq-Qərb
nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, Avropa Birliyinin bu
yolla Asiyaya daha çox yük daşıması təmin ediləcək. Nəticə etibarilə bu dəhliz yalnız
Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirmək mənasına gəlmir, həmçinin
bütövlükdə qitədə daşınan yüklərin həcminin artmasına imkan verəcək. Xüsusən,
Süveyş kanalında baş vermiş hadisədən sonra Avropa alternativ marşrutların
yaranmasında maraqlıdır”.
Uzunmüddətli tənəzzüldən
yeganə çıxış yolu
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması
Ermənistan üçün də böyük perspektiv vəd edir: "Bu dəhlizdən Rusiya, İran və
Türkiyə də istifadə edəcək. Bunun sayəsində Rusiyadan Ermənistana daşınan
yüklərin həcmində artımlar olacaq. Nəzərə alaq ki, indiki halda Ermənistanda
iqtisadi tənəzzül var və beynəlxalq reytinq təşkilatları bu ölkənin kredit
reytinqini kəskin şəkildə aşağı salıb. Həmçinin xarici borc ümumi daxili məhsul
həcminin 60 faizindən çoxdur. Bu baxımdan, əgər Ermənistan da öz iqtisadi
inkişafında maraqlıdırsa, Zəngəzur dəhlizi daxil olmaqla bütün
kommunikasiyaların daha qısa zamanda bərpasına çalışmalıdır. Bu, Ermənistanda
müşahidə edilən uzunmüddətli tənəzzülün səngiməsinə köməklik edə bilər”.
Rufik İSMAYILOV