• cümə axşamı, 18 aprel, 21:54
  • Baku Bakı 21°C

Maska taxmayanların cəzalandırılması təqdir olunur

03.06.20 18:20 713
Maska taxmayanların cəzalandırılması təqdir olunur
Ekspertlərin fikrincə, bəzi vətəndaşlar, heç olmasa, öz cibini düşünərək qaydalara əməl edəcək

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Təəssüf ki, əldə edilən pozitiv nəticəni qoruyub saxlaya bilmədik.
Aydın məsələdir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından, virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Belə ki, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
"Sağlam Toplum” İctimai Birliyinin rəhbəri Lalə Mehralı deyir ki, pandemiya hamının əsəblərinə mənfi təsir göstərib. Təcrid müddəti hamıda aqressiyaya səbəb olub: "Maska ilə bağlı yaşanılan neqativ hadisələr, əlbəttə ki, qınanılmalıdır. Bu vəziyyətdə vətəndaş polisə kömək göstərməlidir. Çünki polis də insanların sağlamlığı üçün çalışır. Bizdə insanlar bir qədər özbaşına davranış sərgiləyir. Əgər qadağa tətbiq olunursa və dövlət bunu məsləhət bilirsə, deməli, bu, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Koronavirusa yoluxma sayı artanda hamı dövləti qınayır. Halbuki ən böyük səhv özümüzdədir. Çünki qoyulan qaydalara heç kim əməl etmək istəmir. Bəziləri metroya daxil olanda polisin başını aldadıb maska taxır. Polis nəzarətindən yayınan kimi, platformada əksər insan maskanı ağzından çıxarır. İnsanlar şüurlu şəkildə dərk etməlidir ki, metro qapalı məkandır. Burada yoluxma riski açıq havaya nisbətən daha çoxdur. Ona görə də hamı birmənalı olaraq maska taxmalıdır. Bir fərdin yoluxması isə onlarla insanın yoluxması deməkdir. Hesab edirəm ki, daha ciddi cəza tətbiqinə ehtiyac var. Yalnız bu halda effektiv nəticə əldə etmək olar. Karantin qaydalarını pozan bir neçə insan həbs edilmişdi. Normalda insanlar bundan özünə bir dərs çıxarmalı idi. Amma görünən odur ki, heç kim bundan nəticə çıxarmayıb. Ona görə də həm maarifləndirmə işinin, həm də inzibati tədbirlərin gücləndirilməsinə ehtiyac var”.
Psixoloq Nərgiz Süleymanlı hesab edir ki, dövlət tərəfindən atılan bu addım insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Təəssüf ki, insanlarımız bu məsələyə xeyli laqeyd yanaşır. Bu mənada cərimənin tətbiqi müsbət qərardır. Çünki hər kəs öz məsuliyyətini dərk etməlidir. Əlbəttə, isti aylarda maskanın diskomfortluğu danılmazdır. Amma bu bizə insanların həyatını təhlükəyə atmağa haqq vermir. Virusun yayıldığı bir dövrdə küçədə əksər insanlar maskasız gəzir. Maskaya görə cərimənin tətbiqi artıq son həddir. Bəlkə pul cəzası insanları az da olsa qaydaları əməl etməyə təşviq edə bilər. İnsanlar özünün və başqalarının sağlamlığını düşünmək istəmir. Bunun qarşısı isə yalnız inzibati metodla alına bilər. Bəzi vətəndaşlar bundan sonra öz cibini düşünərək qaydalara əməl etməli olacaq. Ən azından təhlükəli dövr keçib gedənə kimi hamı bu qaydalara mütləq şəkildə əməl etməlidir”.
Sosioloq Sahib Altay qeyd etdi ki, cəmiyyətin əksər üzvləri virus əleyhinə maska taxmaq istəmir. Çünki insanlarımızın çoxu bu virusun olmasına inanmaq istəmir: "Hamı bir-birinə bu sualı verir ki, tanışlarından virusa yoluxan olub? Ona görə dövlətin verdiyi qərarlar birmənalı qarşılanmır. Verilən qərarlar və tapşırıqlar vətəndaşlarda aqressiyaya səbəb olur. Bir çoxları düşünür ki, maska ilə bağlı cərimənin tətbiqi kimlərinsə maddi marağına xidmət edir. Halbuki, bu qərar insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Əgər dövlət tərəfindən hansısa qərar verilibsə, hamı bir nəfər kimi bunu yerinə yetirməlidir. İnsan psixologiyası təcridə müəyyən müddət dözə bilir. Aydın məsələdir ki, hamının səbri daşıb. İnsanların nəyəsə inamı və səbri qalmayıb. Ona görə inzibati metodların tətbiqi vacibdir. Qaydalar sərtləşdirilsə, effektiv nəticə əldə etmək olar”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər