Maşın bazarında “canlanma”: satış yüksəlməsə də, qiymətlər yüksəlir

Azərbaycana idxal edilən minik avtomobillərinə
tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. APA-nın məlumatına görə, bu,Nazirlər
Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini
tapıb.
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara
əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən
çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal
gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar,
istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri
üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800
kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin
silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də
idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40
dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1
kubsantimetri üçünsə 0,70 dollardır.
Yeni qərara əsasən, mühərrikinin silindrlərinin
işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox
olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin
3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000
kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün
idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik
avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri
üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin
həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.
Qeyd edək ki, mühərrikinin silindrinin işlək
hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin
işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox
olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu
kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin
həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə
avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.
İdxal rüsumuna edilən dəyişikliyin avtomobil
bazarına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
"VİP”
Escort MMC-nin baş direktoru, avtomobil satışı üzrə ekspert Rəşad
Quliyevbildirir ki, avtomobil bazarında vəziyyət o qədər ürəkaçan olmasa da, alqı-satqı
davam edir: "Öncələrdə qeyd etdiyimiz kimi, gömrük və vergi rüsumlarının
qaldırılması haqda şayiələrinə inanan insanlar yeni ili gözləmədən artıq
işlənmiş və ya yeni avtomobil almağa başlayıblar. Lakin bu gün həmin şayiə öz
təsdiqini rəsmən tapdı. İndiyə qədər qüvvədə olan idxal və ixrac gömrük
rüsumlarının dərəcələriləğv edilərək dəyişdirildi.
İdxal rüsumlarının dəyişməsi hər bir sektor kimi, avtomobil bazarına da öz
təsirini faiz dərəcəsindən asılı olaraq qismən və ya kəskin şəkildə göstərəcək.
İdxalda artıq "dizini yerə qoymaq"la üzləşən avtomobil bazarında yeni
ildən hansı qiymətlərin olacağını dəqiq demək olmasa da, qiymətlərin artacağı
qaçılmazdır”.
Ekspert artımın səbəblərindən də danışdı: "Buna
səbəb həm milli valyutamızın xarici valyuta qarşısında getdikcə dəyər itirməsi,
həm də gömrük rüsumlarına edilən yeni dəyişiklikdir. Yeni qanunun qüvvəyə
minəcəyi tarixə kimi köhnə, yəni - indiki rüsumlarla gömrükdən keçmək istəyən
insanlar dayanmadan ilin sonuna qədər avtomobil və ya digər malları ölkəyə
idxal edəcəklər. Təbii ki, bundan faydalanan yalnız avtomobil dəllalları və iş
adamları olacaq. Sonradan isə bazarda süni qiymət artımının yaranması labüddür.
Köhnə qiymətlə gömrükdən keçirilərək ölkəyə gətirilən avtomobil və ya digər
mallar stokda saxlanılaraq, yanvar ayının 1-dən sonra yeni qiymətlə satışa
çıxarılacaq. Nazirlər
Kabineti gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici
iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətə davamlı
məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun
davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal
rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə
"Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında”
Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq
barədə” qanuna uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası
(XİFMN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına
uyğunlaşdırılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun
tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli fərmanına və "Gömrük tarifi
haqqında” qanunun tətbiqi barədə” 2013-cü il 4 iyul tarixli fərmanına əsasən
belə bir qərar qəbul etdiyini bildirir”.
Müsahibimiz
sonda onu da qeyd etdi ki, dəyişikliklər yalnız
idxal və ixrac gömrük rüsumlarının faizlərinə şamil edilib. Aksiz və ƏDV kimi
vergi rüsumlarının dəyişdirilib-dəyişdirilməməyi hələ də sual altındadır.
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynlidə idxal rüsumunun
artmasının avtomobil bazarında bahalaşmaya səbəb olacağını deyir: "Ümumiyyətlə,
Azərbaycanda maşın bazarı idxaldan asılı vəziyyətdədir. Ölkəmizdə nəqliyyat
vasitələri demək olar ki, istehsal edilmir, istehsal edilənlər də böyük tələbat
olmayanlardır. İdxal rüsumunun artırılması, təbii ki, avtomobil bazarında
bahalaşmaya səbəb olacaq. Bu gözlənilən məsələ idi. Azərbaycan nəqliyyat
bazarında satışın böyük bir hissə yerli valyuta ilə aparılır. Çox az satış
məntəqələrində xarici valyutadan istifadə olunur. Amma avtomobillərin dünya
bazarından alışı həm dollar, həm də avro ilə həyata keçirilir. Və avronun da
məzənnəsində daimi olaraq yüksəliş müşahidə edilir. Avronun və eyni zamanda
idxal rüsumunun artması maşın bazarında bahalaşmaya zəmin yaradır”.
Günel Azadə
