Masallıda vətəndaşlarla daha bir görüş olub
Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq
növbəti səyyar görüş - qəbulu Sərçuvar kəndində keçirilib. Səyyar görüş-qəbulda Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor
müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə,
təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və 130-dan çox
kənd sakini iştirak edib.
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin
sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən
tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması,
sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və
sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə
çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən,
cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə
ətraflı məlumat verib.
Sonra kənd sakinləri onları narahat edən məsələlər barədə məlumat və
təkliflər veriblər.
Ərazi sakinlərindən
Nəsrəddin Nəcəfquliyev, Rahib Qafarov, Cəbrayıl Bayramov, Şəhla Abdullayeva,
Ağacamal Ağarəhimov, Həbib Abıyev və başqaları çıxış edərək onlara göstərilən
diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirib,
sonra təkliflə çıxış edərək yararsız işıq və telefon dirəklərinin
dəyişdirilməsi, payıbəlli torpaq sahəsinin ayrılması, Viləş çayından gələn
suyun əkin sahələrinə verilməsi, yeni tikilmiş uşaq bağçasının qaz xəttinə
qoşulması, çəltik məhsulunun satılmasına kömək göstərilməsi kimi məsələləri
gündəmə gətiriblər.Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor
müdiri Dəyanət Abdullayev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi islahatlardan, ölkəmizdə, o cümlədən Masallı
rayonunda sosial-iqtisadi inkişaf
sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Masallı rayon icra hakimiyyətinin
başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli
istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll
olunub, digərləri nəzarətə götürülüb.