• çərşənbə axşamı, 19 mart, 06:10
  • Baku Bakı 8°C

Mariana Vasileva: "Bu vəzifə azərbaycanca daha yaxşı danışmağıma kömək edəcək"

07.12.21 16:15 318
Mariana Vasileva: "Bu vəzifə azərbaycanca daha yaxşı danışmağıma kömək edəcək"
"Hələ 2008-ci ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibindən yığma komandanı Pekin Yay Olimpiya Oyunlarına hazırlamaq üçün dəvət almışdım. Bu, Azərbaycana ikinci səfərim idi. İlk səfərim 2007-ci ildə Bolqarıstan millisi ilə Bakıdakı Avropa çempionatına təsadüf etmişdi".
"Report"un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində deyib.
O, xaricdə işləmək üçün ilk dəvətlərdən imtina etdiyini xatırladıb: "Azərbaycanda qızlara bir həftəlik məşq keçdikdən sonra komandada qalmağa və onları olimpiadaya aparmağa çağırdılar. Lakin mən həmin vaxt imtina etdim. Bir neçə səbəbim var idi. Ən əsası isə bu idi ki, heç vaxt xaricdə işləməyə can atmırdım. Digər tərəfdən, həmin vaxt yetirmələrimdən ikisi Bolqarıstan millisinin heyətində İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırdılar. Üstəlik, "Levski" klubunun gimnastları ilə işləyirdik. Bütün bunlara görə dəvətdən imtina etdim. Bir həftə sonra məlumat aldım ki, Azərbaycan yığması olimpiadaya Sofiyada hazırlaşmaq istəyir. Beləliklə, biz Gerena şəhərində çalışmalara başladım. Paralel şəkildə hər iki ölkənin yığması ilə işləyirdim. Avropa çempionatında güclü çıxış etdik. Azərbaycanın iki finalı oldu, olimpiadada isə çoxnövçülükdə finala yüksəldilər".
47 yaşlı nazir müavini sonradan dəvəti qəbul etməsinin səbəbini isə belə izah edib: "Daha sonra Azərbaycanın bütün milli komandaları ilə işləmək dəvəti gəldi. Üç aydan sonra razılaşdım və ailəmlə birgə Bakıya yollandım. Uyğunlaşma prosesi asan olmadı. İlk 3-4 ildə həmişə Bolqarıstana qayıtmaq istəyirdim. Amma elə anlar olur ki, başqa yerdə daha faydalı olduğunu anlayırsan".
Vasileva Azərbaycandakı həyatının dinamik olduğunu vurğulayıb: "İş, ev, ailə, dostlar, yarışlar və mübarizə. Vəziyyətə, yeni dəyişikliklərə tez uyğunlaşmalısınız. Pandemiyanın bizi tam başqa şəraitdə işləməyə məcbur etdiyini görə bilərsiniz. Azərbaycanda bolqarlar çoxdur. 2008-ci ildə buraya gələndə tez-tez Bakıda bütün bolqarların toplantılarını keçirirdik. Azərbaycan müxtəlif ölkələrdən, millətlərdən və müxtəlif dinlərdən olan mütəxəssislərdən istifadə edən ölkədir. Yaxşı haldır ki, dilindən, irqindən, dinindən asılı olmayaraq burada özünü azad hiss edirsən. Bolqarlar daha əvvəl çox idi, indi bir qədər azdır. Amma iqtisadiyyatın demək olar ki, bütün sahələrində və hər yerdə işləyirlər. İdmanda bolqar mütəxəssislər, hətta Azərbaycan üçün yarışan idmançılar da var".
Nazir müavininin fikrincə, yeni vəzifəsi ona azərbaycanca öyrənməkdə yardımçı olacaq: "Azərbaycana gəlməmişdən əvvəl yalnız bolqarca danışırdım. Bu, təbii ki, təqdirəlayiq hal deyil. Amma indi cəsarətlə deyə bilərəm ki, rusca səlis danışıram. İngilis və azərbaycanca danışmaq çətindir. Bu dillərin qrammatikası çətindir, bolqar dili ilə heç əlaqəsi yoxdur. Əlifbanın biri latın, digəri kirildir. Amma düşünürəm ki, mənimlə bağlı hər şey yaxşıdır. Təbii ki, bu vəzifə indi mənə daha yaxşı danışmağa kömək edəcək. Çünki məşğul olmalı olduğum çoxlu sənədlər var. Söhbətlərin bir çoxu yalnız azərbaycanca olacaq".
banner

Oxşar Xəbərlər