“Ölüm növbəsi”ni gözləyənlər... - FOTOLAR
Yaxud gerçəklə yuxunun arasındakı məqam
Qədim Yunan
mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm
tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt
günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya” anlayışına oxşar bir
məkandır. Yuxu tanrısı yumşaq qəlblidir və insanların arasında da dolanır. Ölüm
tanrısı isə ürəyində zərrə qədər də mərhəməti olmayan qəddardır. Buna görədir
ki, insan yuxudan ayıla bilər, ölümdən yox...
Fantasmaqorik üslubda çəkilmiş "Ölüm növbəsi" filminin süjet xətti
sürrealelementlərlə
zəngindir. "Sınaq Film Prodüser Mərkəzi”nin istehsalı olan bu filmin
ssenari müəllifləri yazıçı-dramaturq İlqar Fəhmi və eyni zamanda filmin
quruluşçu rejissoru olan Fikrət Əliyev, quruluşçu operatoru Rafiq Quliyev,
quruluşçu rəssamı Mais Ağabəyovdur. Qeyd edim ki, fantasmaqoriya fantastik filmə bənzər, lakin daha
çox mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalarla zəngin bir film
janrıdır. "Ölüm növbəsi" filmi də yerlə göy arasında olan bir
fəzadır. Və burada çox şey real görünsə də, onların həlli, sübutu yoxdur.
Film Bakı kəndlərinin
birində baş qəhrəman Şamilin (rolun ifaçısı Şamil Süleymanov) uzunmüddətli
yuxudan ayılması, dama çıxıb yağışın altda Allaha dua etməsi, təmizlənmək istəyi
ilə başlayır. Bu xəbər bir anın içində kəndə yayılır və hər kəs onun tamaşasına
gəlir. Yuxudan həqiqətləri açıq-aydın görə bilən insan qismində oyanan Şamilə
adamlar qəribə baxırlar. Dediklərinin həqiqət olduğunu görəndən sonra isə bunun
özlərinə sərf etmədiyini anlayıb,
bir az da qıcıqlanırlar ona qarşı.
Keçək yağışın
altda insanın təmizlənmək istəyinə. Belə bir inanc var ki, yağış yağanda Allahın
dərgahı açıq olur və dualar daha tez qəbul edilir. Şamil indiyə kimi
yaşadıqlarının o biri üzünü artıq tül-pərdədən baxan kimi görür. Yəni
günahlarını da, savablarını da. Və Allaha dua edibtəmizlənmək istəyir. Amma
Şamil indi kənd sakinlərinin də bütün pis əməllərindən xəbərdardır. Və onun
dediyi həqiqətlər heç kimin ürəyincə deyil. Sanki insanlar bu həqiqətlərdən
qaçır, amma Allahdan qorxmurlar.
Filmdə insan
nankorluğu məsələsi xüsusi diqqət cəlb edir. Uzun illər öncə məcburi köçkün
kimi ailəsi ilə birlikdə kənddə sığınacaq tapan kişi – Murtuz, əli çörəyə çatmayanda ona çörək
verən, qahmar çıxan, evinə gətirən adamlara qarşı dəyişir, onları alçaldır,
evindən qovur. Bu adam – elindən-obasından, torpağından uzaq düşən biri, bu
elin-obanın torpağını satır, pul qazanır, bununla varlanır. Şamil ona deyir ki,
bu torpaq müqəddəsdir, biz onu heç çirkli ayaqqabı ilə də tapdalamazdıq. Mənəviyyatını
itirmiş bu adam üçün müqəddəs heç nə yoxdur. O, hər kəsə qarşı aqressiv,
qəddardır, onu ancaq pul, var-dövlət maraqlandırır. Bu adam istəklərinə o qədər
aludə olur ki, qızı Baharın Laçına (nə vaxtsa evlərində onlara sığınacaq verən
adamın oğlu) olan sevgisinə də qərəzlə baxır. Və sonda onların saf məhəbbətinin
məhvinə bais olur.
Filmdə
Qorxmaz Əlilinin canlandırdığı
Əmirqulu obrazı var ki, o da özünəməxsusluğu ilə fərqlənir. Əmirqulu kəndin
bərbəridir. Hamıya da eyni sözü deyir: "Allah mənim ömrümdən kəssin, sənin
ömrünə calasın!" Və bir gün yarıyuxulu-yarıgerçək bir məqamda Əzrail onu
aparmağa gəlir. Qorxudan rəngi saralan Əmirqlunun "məni niyə tez aparırsan”
sualına Əzrail belə cavab verir: "Özün o qədər dedin ki, Allah mənim ömrümdən kəssin, səni ömrünə
calasın, Allah da kəsdi”. Təbii ki, Əmirqulu qorxuya düşür. Sözünü geri
götürür. Sonda yuxudan ayılır, amma özü də gördüyünün tam yuxu və ya gerçək
olduğunu anlaya bilmir. Bu detal
dualarımıza, arzularımıza diqqətli yanaşmalı olduğumuza sətiraltı işarədir.
...Amma
Murtuz verdiyi sözdən, bağladığı əhddən də üz döndərmişdi. Qayıdaq Əmirquluya.
Özündən zümrəcə kiçik olanlara yumşaq-yumşaq da olsa sözünü deyir, amma
məsələn, Cahangir Zeynalovun yaratdığı polkovnik Zeynala heç nə deyə bilmir. Böyük
məbləğdə rüşvət alır, ancaq sadə bərbərin zəhmətinin haqqını vermir.
Ümumiyyətlə, bu filmdə zümrələr arasındakı təbəqələşmə, ayrı-seçkilik də ön
planda verilir. Bu qəhrəmanın beli donqardır. "Donqarı qəbir düzəldər” misalına
uyğun olaraq, bu adam da filmin sonuna qədər düzəlmir, hətta ölümlə üz-üzə
gəlib geri qayıdandan sonra da.
Filmdə sevgi
xətti də "Leyli və Məcnun" misalı əlçatmaz, ünyetməz bir məqamdadır.
Varlı olan Murtuz qızı Baharı özünün elə uşaq vaxtı ad elədiyi, "kürəkənim”
dediyi Laçına vermək istəmir. Onu alçaldır, qovur... Sözünə naxələf çıxır. Və
sonda sevginin aliliyini, müqəddəsliyini hər şeydən üstün bilən bu iki gənc
əl-ələ verib qayalardan – real yüksəklikdən səmavi yüksəkliyə – buludlara
ucalırlar. Əslində bunun özü də gerçəklə yuxunun arasındakı məqamlardan
biridir. Yəni hadisələr Xəzərin sahilindəki qayalıqda baş versə də, onlar
özlərini dənizə atmırlar, aşağı enmirlər, əksinə, aliliyə ucalırlar. Burda da rejissor,
bunun nə dərəcədə real və qeyri-real olduğunu, onların hara yoxa çıxdığını
tamaşaçı düşüncəsinin öhdəsinə buraxır.
Ümumiyyətlə,
Şamilin bütün həqiqətləri bilməsi də sual doğuran məqamdır. Yəni bir insan yuxu
görüb hər şeyi necə bilə bilər?
Qayıdıram
yenə də əvvələ – ölüm və yuxuya. Şamil yuxudan ayılır, onunku ölüm deyildi,
yuxu idi. Yuxuya həm də qısametrajlı ölüm də deyirlər axı. Amma ölümdən
ayılmayanların yuxusu, artıq tammetrajlı, heç vaxt oyanmayacaqları yuxudur.
Şamil oyanır və hər şeyi görür. Gördüklərinin içində həqiqətlərdən başqa, ölüm
növbəsində dayanan bütün kənd sakinləridir. Əslində bu kənd sakinləri ancaq
simvolikdir. Bütün dünya ölüm növbəsindədir – uşaqlı, böyüklü. Biz – sadə
insanlar, zamanını bilməsək də, hərənin öz getmə – bu dünyanı tərketmək vaxtı
var. Qəbirlərin arasında gəzən, tütək çalan, Əmirqulunu qorxudan uşaq – filmdə
onu "Əzrail” adlandırırlar, mənə həmin bu ölüm tanrısını xatırlatdı. Bu uşaq
kəndin ortasında qarşısında bir adam oturdub onun üçün həvəslə tütək çalır. O
da "qulaq asır". Məlum olur ki, onu dinləyən adam kardır, əslində,
heç nə eşitmir. Və bunu o da bilir, amma tütəyi çalır, dayanmır. Görəsən, bununla
rejissor, ssenarist nə demək istəyir? Bu həyatda hər şeyin bihudə olmasınamı,
yoxsa heç kimin lazımı yerdə, lazımı məqamda olmamağınamı işarə edirlər? Yenə
də tamaşaçının öhdəsinə buraxılan suallar barədə düşünürük.
Şamil yuxudan
oyananda, onu oyanması münasibətilə təbrik edənlərin də səmimiyyətinə inanmır.
O bilir ki, insanlar, sadəcə onun ölmədiyinidəqiqləşdirməkdən ötrü
gəliblər. Və Şamil deyir: "Gedin, bozbaş
qonaqlığı olmayacaq!” Yəni insanların yas yerinə kimisə itirdiklərinin ağrı-acısını
bölüşməyə yox, əslində,qarın doydurmağa gəldiyini dilə gətirir.
Bütün film
sürreal hadisələr, maraqlı tapıntılarla zəngindir. Hətta 90 yaşlı kişinin ağıl
dişi çıxartması da sual doğuran məqamdır.
Filmdə
insanın nankorluğu qabarıq boyalarla əks etdirilib. Yəni yaxşılıqların cavabı
yamanlıqla verilir. Bu, pislənir, aydın məsələdir. Digər tərəfdən də, insanlara
yaxşılıq etmək ideyasının vacibliyi tamaşaçıya aşılanır. Əgər bu yaxşılığın
qarşılığı pisliklə qarşılanırsa necə?.. Yenə də insana seçim verilir: yaxşı ola
bilirsənsə, yaxşı ol...
Və filmin sonunda...
Filmin
sonunda Şamili gerçəkləri sillə kimi insanların üzünə vurduğuna görə
güllələyir, hətta bir qədər sonra onu dəfn edirlər. Amma sonrakı kadrda Şamilin
sağ olduğunu, evində yatdığını görürük. Deməli, Şamilin həyatının qayəsi onun
güllələnmə anında bitməyib. Onun ölüm növbəsinin çatmasına hələ var...
Xanım Aydın