Los-Ancelec və Brüssel təxribatının əmri İrəvandan verilib

Dağlıq
Qarabağda erməni separatizmi 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda
mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi.
Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin
erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər var idi. Cavab verilmədi,
tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni
separatizminə açıq rəğbət bəslədilər. Daha sonra erməni separatçılarının
silahlanmasına göz yumuldu və azərbaycanlıların yaşadıqları məntəqələrə silahlı
hücumlar qeydə alındı. SSRİ-nin dağılmasıyla Azərbaycanla Ermənistan arasında
genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə
isə durum fərqlidir.
Azərbaycan-Ermənistan
sərhəddindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin
qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə azərbaycanlılar Azərbaycanın səfirliyini
ermənilərin hücumlarından qoruyurdusa, digərlərində isə əksinə ermənilər öz səfirliklərinə
sığınmaq məcburiyyətində idilər. İlk dəfəydi ki,səfirliklərimiz
soydaşlarımızla birgə mübarizə apardılar.
İyulun 12-də sərhəddə
azərbaycanlı hərbçilərə hücum və generalımızın şəhid olması xaricdə yaşayan
milyonlarla azərbaycanlının da hissiyatına toxunub. Buna baxmayaraq, sərhəddə
olduğu kimi xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın
Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi,
Brüsseldə erməni qrupun azərbaycanlını vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər
sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər
qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki
təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu Ermənistan
hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə
yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara
baş vursalar, bu onların özlərinə ziyan vuracaq. Bundan artığına ehtiyac yoxdur,
fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüququ müstəvidə davam etdirmək
lazımdır.
Los-Ancelesdə və
Brüsseldə azərbaycanlıara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın
baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O müxtəlif ölkələrdəki
soydaşlarını təxrıbatlardan çəkindirmək əvəzinə vəziyyəti daha da gərginləşdirən
açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı
erməni lobisinin fəaliyyətindən məmnun qalıb. Bu o demək idi ki, azərbaycanlılara
qarşı təxribat əmri elə İrəvandan verilib. Bu Xocalı soyqırımını planlayan və həyata
keçirən düşüncə tərzinin davamıdır.
Bundan başqa Paşinyan
hakimiyyətə gəldiyi gündən bu yana dəfələrlə söylədiyi tezisləri təkrarladı:
"1. Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır; 2. Dağlıq
Qarabağın təhlükəsizliyi məhdudulaşdırıla bilməz; 3. Dağlıq Qarabağın özmüqəddəratını
təyin etmə hüququ olmalıdır; 4. Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi
fikrindən rəsmən imtina etməlidir”.
Ermənistanın baş
naziri faktiki Azərbaycana "kapitulyasiya” təklif
edir. Nikol Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların
davam etdirilməsinin mənası yoxdur. Çünki, sərhəddəki 4 günlük döyüşlərdən
sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən
yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin
rusiyalı həmkarlarıyla birgə Azərbaycanın pilotsuz uçuş aparatlarına qarşı İrəvanda
keçirdikləri birgə təlimlər Paşinyanı bir az daha cəsarətləndirib. Ancaq başda
Rusiya olmaqla müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına
qarşı verdikləri cavab həm də onu göstərir ki, Ermənistanın Azərbaycan
torpaqlarını işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar
seyrçi qalmayacaqlar, ona görə də son günlər Moskvada azərbaycanlı iş
adamlarının bir hissəsi ermənilərlə ticarət aparmaqdan imtina ediblər. Bunu
işğalçı Ermənistana qarşı azərbaycanlıların birgə başlatdığı təzyiq mexanizmi
kimi də anlamaq olar. Mümkündür ki, İranda yaşayan azərbaycanlılar da ermənilərlə
ticarət əlaqələrinə göz gəzdirsinlər.
Nəzərə almaq
lazımdır ki, iki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici
ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərin təxribatlarıyla üzləşə
bilərlər. Ermənilərin "ASALA” kimi terrorçu təşkilatlarını hərəkətə keçirəcəkləri
də istisna deyil. Onların bu "sahədə” təcrübələri böyükdür. Bu məqsədlə Azərbaycan
Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif
ssenarilərə hazır olması gərəkir. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni
terrorizmi ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu
gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var.
Elxan ŞAHİNOĞLU
"Atlas” Araşdırmalar Mərkəzi
