Lirəsi ucuzlaşır, malı isə...

"Dövriyyə
sürətinin aşağı olması Azərbaycan bazarında qiymətlərin Türkiyə bazarına və
yaxud da digər bazarlara uyğunlaşmasını məhdudlaşdırır, ona görə də, bu
situasiyadan əhalinin yararlanma imkanı məhduddur”
Türkiyə Mərkəzi
Bankı keçən ay pul siyasəti faizini 19-dan 18-ə
endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa
doğru getdi. 11 oktyabrda isə rekord ucuzlaşma müşahidə edildi. Həmin gün 1
dollar 9 TL-yə bərabər oldu. Bu, Türk lirəsinin ucuzlaşmasında tarixi
rekorddur. Xatırladaq ki, dollar/tl məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində
başa vurmuşdu. Azərbaycan da Türkiyədən məhsul idxal edən ölkələrdəndir. Türk
lirəsi ucuzlaşır. Bu ucuzlaşmanın səbəbləri nədir, Azərbaycana idxal olunan malların qiymətinə
necə təsir edir, yaxud edəcəkmi?
Sahibkarlara
təsiri
Türkiyədən
məhsul idxal edən sahibkar Eldəniz Zeynalovun sözlərinə görə, TL-nin
ucuzlaşması məhsulların qiymətinin düşməsinə təsir etmir: "Məhsul elə əvvəlki
qiymətə də gəlir. Türkiyə istehsalçıları məhsulu lirə ilə yox, dollarla
satırlar. Qiymətlər enmir, əksinə, yüksəlir. Əvvəl vergi 2 faiz idi, indi 5
faizə qaldırılıb. Bizə deyilir ki, orada devalvasiya olub. Əvvəllər məhsulunu lirə
ilə satanlar indi satmaq istəmir, "satmağa malım yoxdur” deyir”.

Məntiq
yox, diktə əsaslı
İqtisadçı
Rəşad Həsənov deyir
ki, Türkiyədə institusional problemlər yaranıb: "Bu, Türkiyə Mərkəzi Bankının
müstəqilliyi və xarici investorların güvənsizliyi ilə bağlı yaranmış
situasiyadan qaynaqlanır. Mərkəzi Bankın müstəqilliyinə son 3 ildə çox ciddi zərbə
vurulub. Son 2 ildə Mərkəzi Bankda 3 sədr dəyişdirilib. Keçən həftə 3 nəfərin Mərkəzi
Bankdan işdən çıxarılması ilə bağlı qərar qəbul edildi. Bu ani qərarlar onunla
izah olunur ki, mərkəzi bankın bugünkü yanaşmasını qəbul etməyən şəxslər işdən
uzaqlaşdırılır. Məntiq əsaslı deyil, daha çox diktə əsaslı bir mexanizm
formalaşıb”.

İnflyasiya
yüksəlir, amma…
İqtisadçı
bildirir ki, pul siyasəti faizinin
endirilməsi türk lirəsinin dəyərini aşağı salır: "Dolların alışı istiqamətində əlavə
tələblər formalaşıb. Bazar iştirakçılarında da çox ciddi narahatlıqlar yaranıb.
Mərkəzi Bank 10-20 gün bundan əvvəl inflyasiya yüksəldiyi halda, faizləri aşağı
saldı. Bu da lirənin sürətlə dəyərsizləşməsini şərtləndirən əsas məsələlərdəndir”.
Ölkədən
"qaçan” xarici investisiya
Rəşad Həsənovun
sözlərinə görə, Türkiyə iqtisadiyyatında da müəyyən çətinliklər var: "Burda əsas
məsələ ödəmələr və tədiyyə balansında yaranan fərqdir. Enerji resurslarının
qiymətlərinin artması prosesinin sürətlənməsi, enerjidən asılı ölkə olan Türkiyənin
xaricə çıxan valyutasının həcmini artıran əsas məqamlardandır. Növbəti 2-3 ayda
bu istiqamətdə daha ciddi təzyiq yaranacaq və lirənin ucuzlaşması prosesi sürətlənəcək.
Başqa bir məsələ isə güvənsizlik fonunda ölkədən "qaçan” xarici investisiyadır.
Ölkədən xarici investisiyanın getməsi, valyutanın getməsi deməkdir. Bu proses daxili
bazarda valyuta tələbini artırmaqla TL üzərində məzənnə təzyiqlərini gücləndirir”.

Satış
qiymətlərinə təsiri
R.Həsənov
deyir ki, Azərbaycanın ticarət tərəfdaşının valyutasının dəyərdən düşməsi həmin
ölkədən bizə idxal olunan məhsulların qiymətinə təsir etmir: "Əvvəlki təcrübələrdən
deyə bilərəm ki, əksər hallarda əsas ticarət tərəfdaşında milli valyutanın dəyərsizləşməsinin
Azərbaycan bazarındakı qiymətə təsiri olmur. Bunun səbəbi isə bazarın kifayət qədər
liberal olmamağıdır”.
İnflyasiyadan
əvvəl
R.Həsənov
bildirir ki, TL-nin ucuzlaşması qısamüddətli dövrdə həm biznes, həm də fərdi
istehlakçılar üçün əlverişli alış şəraiti yaratdı: "Türk saytları vasitəsilə
kifayət qədər böyük həcmdə onlayn alqı-satqı həyata keçirilir. Qısamüddətli
dövrdə əlverişli şərait yaradıldı. Sonradan inflyasiyanın baş verməsi bu şəraiti
aradan qaldırdı”.

Fərdi şəxslər
üçün fürsət
R.Həsənovun
sözlərinə görə, fərdi alış-veriş edənlər yaranmış fürsətdən istifadə edə bilər:
"İnsanlar yalnız öz tələbatlarını ödəmək məqsədi ilə alğı-satqı edərlərsə, ucuzlaşmadan
müəyyən qədər yararlana bilirlər. Buna mənfəət deyə bilmərik. Çünki bu, biznes
deyil. Yararlana bilən insanlar büdcələrini daha optimal idarə edə, xərclərini
optimallaşdıra bilirlər”.
Sahibkarlar
məhsul gətirirsə…
R.Həsənov
deyir ki, idxalçılar prosesin içindədirsə, əksər hallarda qiymət ucuzlaşması
baş vermir: "Çünki bazar kifayət qədər liberal, oyunçu sayları isə çox deyil.
Ona görə də, indiki zamanda bizdə dövriyyə sürəti aşağıdır. Sifarişçilər hər
gün məhsul sifariş vermir. Həftədə və ya ayda bir dəfə məhsul gətirirlər.
Dövriyyə sürətinin aşağı olması Azərbaycan bazarında qiymətlərin Türkiyə bazarına
və yaxud da digər bazarlara uyğunlaşmasını məhdudlaşdırır. Ona görə də, bu situasiyadan
əhalinin yararlanma imkanı məhduddur”.

Sabit məzənnə
siyasəti
R.Həsənov
bildirir ki, hazırda Azərbaycandan Türkiyəyə məhsul ixrac edən bizneslər zərər
görürlər: "Çünki Azərbaycan sabit məzənnə siyasəti həyata keçirir. Azərbaycandan
Türkiyəyə ixrac olunan məhsulların Türkiyədə istehsal olunan məhsullarla rəqabət
aparmaq imkanı aşağı düşür”.
Zərif
Salmanlı
