Ləhcəli serial qəbahətdir, yoxsa...

Bu gün kifayət qədər yerli serial izləyicilərimiz var. Hər nə qədər
"biz yerli seriallara baxmırıq” kimi fikirlər səsləndirilsə də, ancaq reytinq
nəticələrinə əsasən deyə bilərik ki, yerli seriallar çox izlənir. Artıq romanları
kitabdan deyil, internetdən oхuyanlar kimi, tamaşaçılar da kino əvəzinə seriala
baхmağı üstün tutur. Bu gün isə daha çox ailə-məişət mövzusunda olan, həyatın
içindən götürülən hadisələrə, qəhrəmanların yer aldığı seriallara üstünlük verilir.
İnsanlar bu seriallarda özlərini görmək istəyir. Belə ki, məhz onların özləri
kimi danışan, düşünən hadisələrə şahidlik etmək, qəhrəmanlar görmək
arzusundadır tamaşaçı. Belə olduğu halda çəkilən seriallar daha inandırıcı və
maraqlı olur. Bunun üçün də seriallardakı obrazlar yaşadıqları, doğulduqları
torpaqların ləhcəsində danışırlar.
Ancaq seriallarda belə danışıq tərzi heç də birmənalı qarşılanmır. Məsələ
burasındadır ki, bəzi obrazlarda ləhcə olduqca bayağı alınır. Hətta elə serial
var ki, bir ailənin üzvlərinin hərəsi bir ləhcədə danışır ki, bu da
qeyri-peşəkarlıq nümunəsi sayılmalıdır Məsələ ilə bağlı ekspertlərə müraciət
etdik.
"Xəzər” telekanalında dram
janrında nümayiş olunan "Ata ocağı” və "İmtahan” seriallarının baş ssenaristi,
"Qələm” qrupunun rəhbəri Valeh Əhmədov bildirir ki, hər xarakter
öz dilində danışmalı, real həyatda necə danışırsa serialda da olduğu kimi əks
olunmalıdır: "Hər kəs evinin içində məişət dilində danışır. Heç kim işdən çıxıb
evinə gedəndə, ailəsi ilə söhbətləşəndə dil qaydalarının bütün normalarına
riayət etməyi düşünmür. Ləhcə ilə danışmağa gəlincə isə bu, obrazın xarakterindən
asılıdır. Əgər bu obraz rayondan gələn bir tipajdırsa, o, mütləq həmin bölgəni
təmsil etməlidir. Təmsil etməyin ilkin göstəricisi isə o bölgəyə məxsus dilin
normalarını qorumaq və həmin bölgəyə xas olan ləhcə ilə danışmaqdır. Məsələn,
biz bakılı ləhcəsi ilə şəkili xarakterini verə bilmərik. Belə olduğu halda, obraz tamaşaçılara süni görünəcək.
Hər xarakterin öz dili olmalıdır. Ləhcə ilə danışmağı daha çox qabartmağın da
əleyhinəyəm. Məsələn, yaşlı bir kişi obrazını veririk və o, təhsilsizdirsə, biz
onu ədəbi dildə, etik normalara riayət edərək danışan kimi təqdim edə bilmərik”.
V.Əhmədov deyir ki, serialların ssenarisini yazarkən "pol”, "patalok”
kimi alınma sözlərdən istifadə etməməyə çalışırlar: "Onların əvəzinə "tavan”, "döşəmə” kimi sözlərdən istifadə edirik.
Seriallarımızda isə ləhcə ilə danışan personajlara çox az yer veririk”.
"Xəzər” telekanalında
yayımlanan "Xalxın evi”, "Subaylıq
sultanlıqdır- Ay yay yay” komediya seriallarının baş rejissoru Ramin Hacıyev isə seriallarda
ləhcənin əleyhinə olanlara öz gileyini bildirdi: "Serial da, komediya da bir
dəbdir. Əvvəllər çəkilən filmlərimizdə, teletamaşalarımızda "bacararsan,
bacarmaram” kimi pafoslu danışıq tərzi o zaman üçün dəbdə idisə, bu gün elə deyil.
Serialda ədəbi dildə danışmaqla heç nə əldə etmək mümkün olmur. Tamaşaçı onu
qəbul etmir. Elmi, ədəbi dilin normalarının bütün qayda-qanunlarına riayət
edərək, hər hansı komediya filmi, serialını tamaşaçı axıra qədər izləmir. İndi
isə çəkilən seriallarda ləhcədən istifadə etmək bizim ən böyük üstünlüyümüzdür.
Niyə biz öz bölgələrimizin ləhcəsini efirdə göstərməməliyik? Məsələn, mən bu
mövsüm də rejissoru olduğum seriallarda ləhcəyə çox üstünlük vermişəm. Serialın
duzu, istiotu da ləhcə ilə danışan obrazlardır.
Gündəlik həyatda çevrəmizdəki insanların çoxu öz bölgəsinin ləhcəsi ilə
danışır. Heç kim ailəsində ədəbi dilin normalarını qoruyaraq fikrini bildirmir”.
Ramin Hacıyev qeyd etdi ki, bu mövsüm "Xalxın evi” serialına Naxçıvan Dövlət Dram Teatrının aktyorunu dəvət edib və
yeni mövsümdən serialda Lənkəran, Tovuz, Gəncə ləhcələri ilə yanaşı, Naxçıvan
ləhcəsindən də istifadə olunacaq: "Yaxın gələcəkdə başqa bölgələrdə yaşayan
aktyorları da seriala cəlb edəcəyəm. Bizim bölgələrimizdə istifadə edilən bu
ləhcələrin öz duzu və şirinliyi var. Bir məqamı vurğulamaq istərdim, "Serialda
ləhcə ilə danışırlar deyə, seriallara maraq ölüb” deyənlərin artıq dövrü keçib. O insanlar özlərini
elə göstərməyə çalışırlar ki, hər şeyin ən yaxşısını guya özləri edirlər,
bunlardan başqa heç kim heç nə bilmir. İdmançı da nəyəsə nail ola bilməyəndə
küçədə dava axtarır. Sənət də onun kimidir. Kimsə nəyəsə nail ola bilməyəndə,
başlayır uğur əldə edənləri tənqid etməyə. İndi dövr bunu tələb edir, biz də
belə çəkirik”.
Rejissor köhnə filmlərimizdə də ləhcədən istifadə edildiyini və məhz
həmin dialektlərin filmləri daha maraqlı etdiyini dedi: "Köhnə filmlərdə ləhcə
və dialektlərdən istifadə edəndə yaxşı idi, bizim serialda istifadə edəndə pis
oldu? Bu fikri səsləndirən, hər şeyə biz mız qoymağa çalışan aktyorları indi serial və filmlərə çəkmirlər.
Çünki maraqsızdırlar. Bitməmək üçün danışmaq lazım deyil, təkan vermək
lazımdır. O fikri səsləndirən insanlar
öyrətsin, görək serialda necə danışmaq lazımdır? Ağsaqqallıq etmək
əvəzinə, yaşda və sənətdə özlərindən kiçikləri aşağılayırlar. Gəlsin göstərsin,
desin ki, əslində komediya belə yox, elə olmalıdır. Görəsən, ləhcədən istifadə olunan seriallara baxıb lağ edənlər
nəyə baxıb gülürlər? Guya onlar bu ləhcə ilə çəkilən komediyalara gülmürlər?
Biz əvvəlki komediyalarda da ləhcələrə gülürdük, bu gün də. O zaman
teletamaşalara baxırdılar. Çox möhtəşəm idi, biz də baxıb ləzzət alırdıq.
Məsələn, "Hicran” tamaşası o dövrün dəbi idi. "Hicran” başdan ayağa Bakı
ləhcəsi ilə qurulmuş bir tamaşa idi. Ən çox maraq doğuran teletamaşlar ləhcədə
danışılan əhvalatlardır. Tamaşaçı komediya filmlərindəki ləhcəyə gülür. Azərbaycanda çəkilən serialların əksəriyyətində
ləhcədən istifadə olunub. Mənə göstərin görüm, ləhcədən istifadə olunmayan
böyük reytinqli serial varmı? İndi hər şey tamaşaçıların zövqünə görə
hesablanıb. İzləyici əlində pult, televizorun qarşısında oturur və bu kanalda
istədiyini görməyəndə başqa kanala
çevirir”.
R.Hacıyev deyir ki, ləhcə ilə danışanda, bu, tamaşaçıya daha doğma
gəlir və belə olduğu halda inandığı bir
hadisəyə baxdığını düşünür: "Ləhcə reytinq gətirir, reytinq isə milyonlarla
insan deməkdir. Tək 5-6 nəfər deyil.
Biz nə qədər valsı, tanqonu sevdiyimizi desək də, "6-8-lik” ritmi
eşidəndə durub oynayırıq. Bu, bizim qanımızdan, canımızdan gəlir. Çünki
bünövrəmiz "6-8-lik” ritmin üzərində qurulub. Bir az da içimizdə, "heç nəyi
bəyənməməliyik” kimi bir hiss var. Televiziya da dəblə ayaqlaşmalıdır. Niyə bu
gün televiziyalar serial tələb edirlər? İndi şou-proqramlar azlıq təşkil edir. Çünki
tələbat ancaq seriallaradır. Sabah bəlkə də serial heç dəbdə olmayacaq”.
Dilçilik İnstitutunun monitorinq
şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professorSevinc Əliyeva bizimlə söhbətində film və
seriallarda bəzən bilərəkdən dialekt sözlərdən, müxtəlif bölgələrə məxsus
ləhcələrdən istifadə olunduğunu dedi: "Serial və filmlərdə istifadə olunan
ləhcə ilə danışıq tərzi müəllifin xüsusi üslubu kimi qiymətləndirilir. Müəyyən
verilişlərimizdə ədəbi dilin normalarına uyğun danışılmalıdır. Ancaq
filmlərimiz və seriallarımız da ədəbi dildə olsa, bu, öz effektini, koloritini,
bədiiliyini, keyfiyyətini, marağını itirər. Ədəbi dildə televiziyada, xüsusilə
də, xəbər aparıcılarımız danışmalıdır. Amma söhbət bizim filmlərdən,
seriallardan gedirsə, bir çox obrazların dilində dialekt və ləhcələr çox şirin
görünür. Misal üçün Şəki və Naxçıvan dialektləri çox maraqlı səslənir və qəbul
olunur. Hətta mən deyərdim ki, Şəkidən gələn hər hansı bir obraz ədəbi dilin
normaları ilə danışsa, o zaman onun obrazı maraqsız və baxımsız olacaq. Biz ilk
növbədə serial və filmlərdə və televiziyalarımızda yad sözlərə qarşı mübarizə
aparmalıyıq, nəinki ləhcə ilə danışılan ifadələrə. "Mama”, "papa”, "uje” kimi
sözlərin dilimizdə qarşılığı olduğu halda, onları serial və filmlərdə işlətmək
qəbahətdir”.
Ekspert bildirdi ki, seriallarda yeri gəldikdə, dilimiz orijinal
şəkildə qorunub saxlanılır və bəzən də obrazı ələ salmaq, gülmək üçün hər hansı
bir dialektdə obraza aşağıdan yuxarı baxılır ki, bu, yolverilməzdir: "Başqa bir
obraza gülmək, onu ələ salmaq üçün dialektdən istifadə etməyin isə qəti
əleyhinəyəm”.
Xəyalə Rəis
