• çərşənbə, 15 Yanvar, 15:19
  • Baku Bakı 6°C

Laçının bərpasının ikinci mərhələsi başlayır

03.08.24 00:10 2890
Laçının bərpasının ikinci mərhələsi başlayır

Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılır. Layihədə olan evlərin və binaların layları tam ekspertizadan çıxacaq, sonra təmir-tikinti işlərinə başlanılacaq. Rayonun Bəylik, Şəlvə, Ərikli və digər kəndləri də yenidən tikiləcək. 

İşğaldan azad edilmiş bərpası və məskunlaşdırılması sürətlə davam etdirilir. Artıq bir sıra yaşayış məntəqələrində məlum proses növbəti mərhələyə adlayıb. 

Laçın şəhərinə 2 003 nəfər köçürülüb

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov "Report"a açıqlamasında deyib ki, 2024-cü ilin ikinci yarısı, 2025-ci ilin əvvəlində Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi və oraya 91 ailənin köçürülməsi nəzərdə tutulub.
O qeyd edib ki, Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamaq da planlaşdırılır: "Bu günə qədər Laçın şəhərinə 2 003 nəfər köçürülüb və bundan sonra da paralel olaraq hər ay 20 ailənin köçürülməsi nəzərdə tutulub. Zabux kəndinə 2023-cü il ərzində 789 nəfər köçürülüb, Sus kəndinə isə bu ilin may-iyun aylarında 59 ailə köçürülüb. Bundan sonra biz Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamağı planlaşdırırıq. Layihədə olan evlərin və binaların layları tam ekspertizadan çıxacaq, sonra biz təmir-tikinti işlərinə başlayacağıq".

Laçın rayonundakı ən böyük qəsəbə

Xüsusi nümayəndə rayonun Qorçu qəsəbəsinin inşasından da söz açıb: "Qorçu Laçın rayonundakı ən böyük qəsəbədir və orada hava limanı tikilir. Qorçu kəndinin layihəsi üzərindəki işləri bu il tamamlanır. Layihə tamamlandıqdan sonra qəsəbənin tikintisinə başlayacağıq. Yəqin ki, 2025-2026-cı illərdə qəsəbədə tikinti işləri yekunlaşacaq".

Bu il Güləbird kəndinə də köç olacaq

Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq: "Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana çevrilib. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək".

 

banner

Oxşar Xəbərlər