“Küllücə”nin ilk “Bahar”ı

Kukla Teatrında əngəlləri səhnədə
aşdılar
Uşaqların mənəvi-estetik zövqünün
formalaşması, dünyagörüşlərinin artmasında teatrların xüsusi əhəmiyyəti var.
Çünki məhz onun sayəsində həyati gerçəklərin teatrallaşdırılmış formaları ilə
tanış olan azyaşlılar, rastlaşdıqları fərqli situasiyalara, ətraflarında baş
verən proseslərə həssaslıqla yanaşmağı bacarırlar. Bu mənada istər sağlam, istərsə
də fiziki məhdudiyyətli uşaqlara sənətin,
teatrın, səhnənin imkanları baxımından ifadə sərbəstliyi verən və bununla
onların ünsiyyətini kütləviləşdirməyə yönələn sosial-mədəni layihələrin artması
vacibdir.
Qeyd etdiyim maraqlı yaradıcılıq
aksiyalardan birini də 17-18 fevral tarixlərində Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı reallaşırdı. Cari repertuar tamaşaları ilə yanaşı, sosial
aksiyalarını, xeyriyyə tədbirlərini də ənənəyə çevirən yaradıcı kollektiv növbəti
musiqili tamaşasının premyerası ilə sənətsevərləri yenidən öz ətrafına
topladı. "Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə
Abdulla Şaiqin "Gözəl Bahar” adlı mənzum pyesinin motivləri əsasında hazırlanan
"Bahar” tamaşasını təqdim etdi. Teatrın nəzdində yaradılan azyaşlı həvəskar
aktyorlardan ibarət "Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların
cəmləşdiyi "Küllücə”
teatr-studiyalarının bu birgə işi sözün əsil mənasında təqdirəlayiq hal
idi.
MədəniyyətNazirliyinin, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi bu sosial layihənin məqsədi
istedadlı uşaqları bir araya gətirməklə, onların cəmiyyətə inteqrasiyasını təmin
etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.
Uşaqlara təbiəti, fəsilləri,
insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən
birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva,
Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar
Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova,
Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı, Aydan Əhmədova, Fuad
Atayev və başqaları ifa edirdilər.
Tamaşanın quruluşçu rejissoru Səidə
Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova,
xoreoqrafı Günay Əhməddir.
Tamaşa müddətində istər özünün
istedad və bacarığını, səhnə, sənət sevgisini nümayiş etdirən balaca həvəskar
aktyorlar, istərsə də müxtəlif təyinatlar üzrə əlilliyi olan azyaşlılar
bacarıqlarını nümayiş etdirməklə, tamaşaçıların sürəkli alqışlarını qazanmış
oldular.
Uzun sürən gərgin məşqlərin nəticəsi
olan uğurlu iş, özünün məqsədinə çatmış oldu. Hər bir uşağın fiziki imkanlarına
uyğun edilən plastik həllin, ümumi ideyanın ifadəsinə yönələn seçkin mahnıların
və obrazlar vasitəsilə cəmiyyətə ötürülən mesajların hər birində təlqin olunan
bir ideya var idi: bütün uşaqlar sevgi və diqqətə layiqdir.
Uşaq teatr-studiyası kimi özünəməxsus
ənənəsi olan, bir sıra yerli və xarici beynəlxalq yaradıcılıq festivallarında
uğurlara imza atan "Oyuq”, bu layihə sayəsində sənətin, teatrın, musiqinin
insanları birləşdirmək, onları xoşbəxt etmək gücündə olduğunu bir daha göstərmiş
oldu.
Tamaşada iştirak edən fiziki məhdudiyyətli
uşaqların həmin gün sevincinin həddi-hüdudu yox idi. Üzlərindəki sevinci
duymaq o qədər də çətin deyildi. Elə bir
sevinc ki, uzun müddətdir bunun həsrətini çəkdikləri hər halından bəlli
idi. Onların həyatına sözün həqiqi mənasında
yeni bir bahar gəldi. Tamaşada 20 nəfər uşaq iştirak edirdi. 20 fidan, gələcəyə
boylanan böyük ümidlərdən xəbər verirdi.
Layihənin rejissoru Səidə xanım isə
o uşaqların hər birinin onun üçün necə dəyərli olduğunu deyir və onlarla bir
çox layihələrdə iştirak edəcəyini vurğulayırdı: "Bu layihənin uşaqların həyatında
xüsusi bir səhifə açacağına ümid edirəm.
"Küllücə” fiziki əngəlli uşaqlar üçün nəzərdə tutulub. Bu tamaşa "Küllücə”nin ilk tamaşası idi. Burada
5 yaşından 15 yaşına qədər fiziki əngəlli uşaqlar iştirak edirdi. Bu uşaqlar
aktyor kimi səhnəyə çıxdılar və arzularına bir addım yaxın oldular”.
Xəyalə Rəis
