• çərşənbə, 13 Avqust, 22:15
  • Baku Bakı 29°C

“Komik obrazların öhdəsindən gələ bilmərəm”

01.11.14 10:22 1604
“Komik obrazların öhdəsindən gələ bilmərəm”
Türkiyənin məşhur, sevilən aktyoru Bülent İnalın baş rola çəkildiyi “Balıq” filmi ötən həftə yayıma buraxıldı. Aktyorun hazırda ssenaristi və aktyoru olduğu “Urfalıyam Ezelden” serialı isə ən reytinqli seriallar sırasında yer alıb. Aktyor Türkiyə mətbuatına çəkildiyi filmlər haqqında danışıb.
- “Urfalıyam Ezelden” serialında əsas obrazlardan birini canlandırırsınız. Eşitdiyimizə görə, serialın ilkin layihəsinin ideyası siz tərəfdən gəlib.
- Bəli, mənim Urfa ilə bağlı beynimdə bir neçə layihə vardı. Həmin layihə mehriban, hər zaman sevincli olan, amma həyatları çox da gözəl olmayan bir ailənin hekayəsidir. Bir gün Tarabyada Sinan Tuzcu və mənim həyat yoldaşım Melislə oturmuşduq. Sinan Tuzcu ssenari üzərində işlədiyini dedi. Mən də onun bu fikrini paylaşdım. Sinan təklif etdi ki, bu hekayəni yazaq, mən də onun bu təklifini dəyərləndirdim və birlikdə çalışmağa başladıq. 7 yaşıma qədər Urfada böyümüşəm. Ora ilə bağlı çox gözəl xatirələrim var. Urfadan köçdüyümüz ərəfələr terror problemlərinin çox yaşandığı illər idi. Xüsusilə də bizim yaşadığımız məhəllədə. Ona görə bu filmdə çəkilmək mənim üçün o qədər də çətin olmadı.
- Yəqin ki, gözəl xatirələriniz də var.
- Təbii ki, var. Olmazmı? İndiki kimi hər şey gözümün qabağındadır - böyük ailələr, geniş süfrələr, insanların gecələr evlərin damında yatmaları… Mən Urfada demək olar ki, küçələrdə böyüdüm. Siz heç evin damında yatarkən oradan başıaşağı yıxıldınızmı? İnsanlara əyləncəli gəlir, amma əslində damdan düşmək sonradan böyük problem yaradır.
- Hazırda uşaqlar bina evlərində böyüyür və əksər vaxtlarını internetdə keçirirlər. Onlar küçədə oynanılan oyunları bilmirlər. Bəs sizin oğlunuz necə bir uşaqlıq keçirir?
- Hazırda Çinarın 3 yaşı var. Oyun oynayacağı zamanın 3-5 saatı küçədə keçir. O, həyətdə torpaqla, dostları ilə oynayır. Mümkün olduğu qədər onu parka aparırıq və gəzdiririk. Oğlumun cəmiyyətə qarışmasını və küçələrə alışmasını istəyirik. Mən evdə dörd divar arasında böyüyən uşaqların tərəfdarı deyiləm və oğlumun elə olmasını istəmirəm.
- Çinar çox gözəl bir isimdir. Bu adı övladınıza qoymağa necə qərar verdiniz?
- Oğlum dünyaya gələndə çox düşündük. Ad seçərkən elə də böyük bir anlam kəsb edən ad seçmək istəmirdik. Sevdiyimiz çox isim vardı, amma uşağı bunlarla yormaqdan imtina etdik. Təbiətdən və gözəlliklə bağlı bir ad istədik və Çinar isminə qərar verdik.
- Bülent bəy, ata olduqdan sonra dəyişdinizmi?
- Əslində, dəyişdim. Ata olmaq iç dünyanızdakı ikinci məninizi daha fərqli edir. Ata olduqdan sonra sanki yetkinləşdim. Gözümdə hər şey dəyişdi.
- Qadınlar ana olduqdan sonra daha səbirli olmağa başlayırlar. Eyni sözləri atalar üçün də deyə bilərikmi?
- Bəli. Övlad valideynlərə səbirli olmağı öyrədir. Bəzi şeyləri övladımızla birlikdə təkrar, yenidən öyrənirik. Əgər səbirli olmasanız, həm övladınız, həm də sizin ruh dünyanız üçün heç də yaxşı olmaz.
- Aktyorluq çox çətin bir sənətdir. Evliliklə sənətinizi bir yerdə necə idarə edirsiniz?
- Həyat yoldaşım aktrisa olduğu üçün məni çox yaxşı başa düşür və bizim ailəmizdə heç bir problem yaşanmır. O, Çinara görə işinə 2 illik ara verdi. İki ildən sonra sənətinə yenidən başlayacaq. Bəzən də mən işləməyəcəm, həyat yoldaşım Melis gecə-gündüz işləyəcək.
- Baş rolunu canlandırdığınız “Balıq” filmi artıq kinoteatrlarda nümayiş olunur. Filmin böyük maraq doğuracağı ehtimal edilir.
- Gözəl bir filmdir. Dərviş Zaim onsuz da çox sevdiyim, qiymətli bir rejissordur, həm də işini bilən bir ssenaristdir. İnsan olaraq da çox dəyərli bir insandır. Biz də hesab edirik ki, film böyük maraq doğuracaq.
- Filmi çəkərkən ən çox hansı hissələrdə çətinlik çəkdiniz?
- Filmi çəkərkən elə də böyük problem yaşamadıq. Ancaq mövsümlə bağlı bəzi çətinliklərimiz oldu. Belə ki, çəkilişlərin 15 günü qış aylarında keçməli idi. Yerdə bir metrlik qar və buz olmalı idi. Ancaq mövsüm bizimlə prinsipə durdu və ötən qışın sonu qar yağmadı. Daha sonra çevrə problemləri yaşadıq. Küçələrə yük maşınları ilə duz tökdülər və eləcə qar ab-havası yaratdıq. Texniki olaraq çox problem yaşadıq. Qarlı səhnələri çəkə bilmək üçün Ulu dağın 2 min metrədəki kəndlərinə gedib orada çəkilişlər apardıq.
- Eşitdiyimizə görə, qayığı idarə etmək üçün çox çətinliklər çəkmisiniz.
- Gölün üstündə çox vaxt keçirdim. Ovcumun içərisi çatlamışdı. Qayığı çevirmək üçün istifadə etdiyimiz çubuk əlimdə yaralar açmışdı.
- Balıq tutmağı sevirsinizmi?
- Balıq tutmağı bacarmıram. Bir müddət istədim, ancaq tuta bilmədim. Əslində ovçuluğa qarşı böyük kin-küdurətim var. Biz balığı yeyirik, amma onu tutarkən ona yazığımız gəlir.
- Türkiyədə hansı rola başlayırsınızsa, sonrakı obrazlarınız da ona uyğun olur. Sizi nə zamansa komedik üslubda görə biləcəyikmi?
- Filmlərdə məni komedik obrazda görə bilməyəcəksiniz. Hesab edirəm ki, komik obrazların öhdəsindən gələ bilmərəm. Ancaq mövzusu fərqli olan və ssenarini özüm yazdığım komedik filmlərdə bəlkə elə bir obraz canlandırdım.
- Seriallarda iş vaxtları düzəldimi, yoxsa hər şey yenəmi əvvəlki kimidir?
- 120 dəqiqəlik serial çəkdiyimiz müddətcə heç bir şeyin düzəlməsi mümkün deyil. Dünyada bənzəri olmayan bir serial çəkiliş sisteminin içindəyik. Bu sistemdə tək bir fərq var. Əvvəlki kimi bir rejissor və bir prodüserlə çalışmırıq. Elə olarsa serialı təhvil verə bilmərik. Doğrudan da serialda çalışan insanların, sözün əsil mənasında “canı çıxır”. Demək olar ki, bütün seriallarda truppalar növbəli şəkildə işləyir. Başqa cür onlar üçün də çətin olar. Bu şəkildə taraz saxlamağa çalışırlar.
- Ancaq türk serialları dünyaya ən çox satılan seriallar sırasındadır.
- Bəli, orası elədir. Ancaq bizim bir seriyamız xarici ölkələrin üç bölümünün əvəzinə satılır. Çünki dünyada 120 dəqiqəlik serial deyilən bir şey yoxdur. Bütün bunları necə çatdırırıq? Necə çalışırıqsa, onu biz də bilmirik. Zamanla bədənimiz də də bu gərgin iş rejiminə öyrəşməyə başlayıb. İndi bu şəkildə idarə edirik, ancaq qarşıda bu bizim sağlamlığımıza öz təsirini göstərəcək. Getdikcə insanlar tükənməyə başlayacaq.
- Bəs siz tükənmişlik sindromu yaşamısınızmı?
- Gərgin iş rejimlərində hər insanda tükənmişlik sindromu olur. Bizim sənətdə biri bunu dilinə gətirəndə həmin söz tez bir zamanda gündəmə düşür. Ancaq nəinki bütün aktyorlar, bütün bu sahədə çalışan insanlar bu sindromu yaşayır. Günün 20 saatını iki il müddətində çəkiliş məkanında keçirən, heç bir sosial həyatı olmayan, gündəmdən düşməyən aktyor sonunda çox yorulur.
- Bülent bəy, həyatınızın dönüş nöqtələri hansılardır?
- Urfadan çıxdığım anı unuda bilmirəm. Urfadan çıxıb İstanbula gəldim və özümə yeni bir həyat qurdum. İstanbulda həyatla mübarizə apardım və atamı itirdim. Atam öləndə 12 yaşım var idi. Sonra İzmirə köçdük və orada özümüzə yeni bir həyat qurduq.
- Nə üçün bu qədər çox şəhər gəzmisiniz?
- Atam və anam dövlət işçiləri idi. O zaman Şərqdə aləm qarışmışdı. İnsanlar övladlarını qurtarmaq üçün başqa yerlərə təyinat istədilər. Biz də İstanbula gəldik. Atamı itirəndə isə anam İzmirə, qardaşlarının yanına gəlmək istədi.
- Çox çətinliklər görmüsünüz. Yəqin ona görə vaxtınızdan tez böyümüsünüz?
- Təbii ki. Atamı itirəndə çox təsirləndim. Ancaq anam sağ olsun ki, onun yoxluğunu bizə hiss etdirmədi.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər