AZE | RUS | ENG |

Kombayn bol olarsa, basılmaz vətən

Kombayn bol olarsa, basılmaz vətən
Ekspertlər deyir ki, bu il taxıl biçini prosesində ötən ilki kimi gərginlik, kəskin texnika çatışmazlığı müşahidə olunmur

Ötən il taxıl biçini zamanı fermerlər müəyyən problemlərlə rastlaşmışdı ki, bunlardan ən vacibi kombayn çatışmazlığı ilə bağlı idi. Belə demək olarsa, kombayn çatışmazlığı əvvəlki illərlə müqayisədə keçən il ən yüksək həddə çatmışdı. Hətta fermerlər özləri də bunu etiraf edirdi. Təbii ki, bu da öz növbəsində xeyli problemlərə səbəb oldu. Belə ki, bəzi rayonlarda ümumiyyətlə kombayn tapılmadığı üçün bəzi fermerlərin məhsulu tamamilə zay olmuşdu.
Artıq bu il taxıl biçini mövsümü, demək olar ki, başa çatmaqdadır. Bəs görəsən, sözügedən sahədə bu il vəziyyət necədir? Kombayn çatışmazlığı aradan qaldırılıbmı?
Əvvəlcə qeyd edək ki, ölkə ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, son vaxtlar əsas taxılçılıq rayonlarımızda biçin prosesinin gedişini yaxından müşahidə etməyə çalışır: "Bu günə olan məlumata görə, taxıl sahələrinin 78 faizi biçilib, 2 milyon tondan çox məhsul yığılıb, orta məhsuldarlıq hər hektardan 32 sentner təşkil edir. Müşahidələrə əsasən deyə bilərəm ki, 50 hektara qədər olan sahələrin ilk növbədə biçilməsi, eyni zamanda kombaynların günlük iş rejiminin CPS vasitəsi ilə izlənməsi haqqında qərarlar müsbət nəticələr yaradıb. Ümumilikdə, biçin prosesində ötən ilki kimi gərginliyə, texnika çatışmazlığına rast gəlinmir. Rəsmi məlumatlara əsaslansaq, sahələrdə 1700-dən çox texnika işləyir. Bu il iri təsərrüfatlar öz sahələrinin biçilməsini kiçik təsərrüfatların hesabına həyata keçirmirlər, bu müsbətdir. Görünür, KTN onlara izah edə bilib ki, öz texnika parkınızı yaratmalısınız. Yoxsa mövsümdə xırda fermerləri sıxışdırmaq olmaz. Biçin başlamamışdan əvvəl bir neçə iri təsərrüfat xarici ölkələrdən kombaynlar alıb gətirdi, gələn il bu proses daha da güclənəcək. Ağır texnikaların avtomobil yollarında təhlükəsiz hərəkətini təmin etmək üçün kombaynlar dislokasiya yerlərini gecə vaxtları, yollarda hərəkətin minimuma endiyi vaxt həyata keçirir ki, bu da müsbət haldır. Hər il dağlıq ərazilərdə texnika ilə bağlı narazılıq olurdu, amma bu il Lerik, Yardımlı kimi rayonlara da yeni kombaynlar cəlb edilib”.
Ekspert bildirir ki, bunlara baxmayaraq, müəyyən problemlər hələ də qalmaqdadır: "Məsələn, sertifikatlaşdırılmış toxumlardan istifadə olunmadığı üçün əksər sahələrdə, əsasən xırda təsərrüfatlarda məhsuldarlıq aşağıdır. Həmçinin bu il ilkin yaz mövsümü yağıntılı keçdiyi üçün sahələrdə alaq otlarına qarşı, xüsusən də taxıl üçün təhlükəli alaq olan vələmirə qarşı mübarizə tədbirləri uğurlu aparılmayıb. Elə sahələr var ki, heç ora kombayn salınmayacaq. Ümid edirik ki, növbəti ildən yeni subsidiya qaydalarının işə düşməsi, ilk növbədə taxılçılıqda keyfiyyət göstəricilərinin yüksəldilməsinə ciddi təsir göstərəcək”.
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı əksər bölgələrdə kombaynların hələ də yetərli sayda olmadığını düşünür: "Adətən taxıl biçini mövsümündə hər kəs eyni vaxtda öz sahəsini biçdirmək istəyir. Bir neçə gündür ki, qeyri-sabit hava şəraiti sahələrə xeyli dərəcədə mənfi təsir göstərib. Amma kombayn çatışmazlığı faktı reallıqdır. Çünki kombaynlar rayonlar üzrə düzgün bölüşdürülməyib. Bəzi rayonlarda boş kombaynlar fəaliyyətsiz qalır. Bəzi rayonlarda isə əksinə, fermerlər bu problemdən əziyyət çəkir. 1990-cı illərdə bu sahədə vəziyyət çox pis idi. O vaxtlar əvvəl aran rayonlarındakı məhsul biçilir, daha sonra dağətəyi bölgələrə keçilirdi. Avrolizinqin tətbiqindən sonra bu problem bir qədər həllini tapıb. Xeyli sayda fermerin taxıl biçinini təmin edəcək qədər kombayn alınıb. Amma yenə də bu sahədə sözügedən problem qalmaqdadır. Ona görə də bu məsələ vahid mərkəzdən idarə edilməlidir. Kombaynlar müəyyən qrafik üzrə bölgələrə təyin olunmalıdır ki, problem olmasın. Çünki qeyd etdiyim kimi, eyni vaxtda yüzlərlə, minlərlə fermer öz taxıl sahəsini biçdirmək istəyir. Ona görə də bu məsələ ilin əvvəlindən hesablanmalı, proqram tərtib edilməlidir. Biçin prosesindən əvvəl bu işə hazırlıq görülməlidir. Rayonlarda taxılın yetişmə müddəti məlumdur. Bu məqamı nəzərə alaraq, əvvəlcədən hazırlıq işləri görülməlidir. Kombayn çatışmazlığının əsas səbəblərindən biri də məhz budur. Həmçinin hava şəraiti də bu problemi dərinləşdirir. Bir həftə əvvəl müşahidə edilən qeyri-sabit hava şəraiti kombaynların taxıl zəmilərinə girişinə çətinliklər törətdi. Kombayn olsa belə, sahələrdə palçıq olduğundan biçin işi aparıla bilmədi. Bütövlükdə götürdükdə, belə halların qarşısını almaq üçün əvvəlcədən tədbirlər planı hazırlanmalıdır. Bu il kombaynların müəyyən rayonlar üzrə bölgüsü aparıldı. Ona görə də ötən illərə nisbətən problem yüngülləşdi. Amma yenə də bu çatışmazlıq fermerlərin işinə problemlər törədir. Belə olduğu təqdirdə isə, taxıl biçini zamanı fermerlər arasında müəyyən narazılıq yaranır. Bu il dolu və normadan artıq yağışın yağması taxılçılıq sahəsinə bir qədər mənfi təsir göstərdi. Bu, ümumi məhsulun həcminə də təsirsiz ötüşməyib”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946