Kinomuzun Həsən Məmmədov zirvəsi - Fotolar

Milli
kinomuzun ən maraqlı və yaddaqalan filmlərində onun adı yer alıb. "Böyük
dayaq”da Qaraş, "Arşın
mal alan”da Əsgər, "Gün keçdi”də Oqtay, "Arxadan vurulan zərbə”də Qəmərlinski, "Bizi bağışlayın”da Nəriman, "Birisi gün gecə yarısı”nda Baba Əliyev, "İstintaq”da Murad, "Dədə Qorqud”da Dədə Qorqud, "Axırıncı aşırım”da Abbasqulu
ağa Şadlinski, "Yeddi oğul istərəm”də Bəxtiyar, "Bir cənub şəhərində” Murad… rolları ilə Azərbaycan
kinosunun qızıl fondunu təşkil edən obrazlar qalereyası yaradıb. Xalq artisti Həsən Məmmədov "İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət
mükafatına, "Birisi gün gecə yarısı” ekran əsərindəki Baba Əliyev obrazına görə
Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor 1970-ci ildə
respublika Lenin komsomolu mükafatı laureatı olub. Həsən Məmmədov ifa tərzi ilə ekran həyatı verdiyi parlaq
xarakterlər, həmçinin teatr səhnəsində oynadığı surətlərlə ölkənin kino
xəzinəsini zənginləşdirib.
Həsən
Məmmədovun 80 illik yubileyinin noyabr ayında keçirilməsi ilə bağlı ölkə
başçısının sərəncamı isə aktyorun sənətinə verilən növbəti yüksək dəyərdir.

Anadangəlmə istedad
Həsən Məmmədov atasının
təkidi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsinə verib daxil olanda teatr və kinoya olan sevgisi qəlbini tərk
etməmişdi. Elə həmin institutda təhsilini yarıda qoymağa onu məcbur edən də bu
sevgi olur. 2-ci kursdan
universitetdən çıxaraq bir müddət müxtəlif teatrların yardımçı heyətində
aktyorluq edir. Sonra da "Mən aktyor olmaq istəyirəm” deyə 1958-ci ildə
sənədlərini Teatr İnstitutuna verir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq
Kazımov kimi görkəmli sənətkarların qarşısında imtahan vermək asan olmasa da,
gəncin çıxışı bəyənilir. Seçilən gənclərin sənət, rejissorluq, dramaturgiya,
ümumiyyətlə teatr haqqında təsəvvürlərinin olub-olmaması yoxlanıldıqdan sonra
onlar imtahana buraxılırdılar: "İmtahanda etüd göstərirdin, şeir, təmsil
deyirdin, səsin varsa, oxuyurdun, musiqi alətində çala bilirdinsə, çalırdın,
rəqs bilirsənsə, rəqs edirdin, yəni bütün bunları ordakı müəllimlərin
profilindən çıxış edərək edirdin”- deyə aktyorun dostu və həmkarı Rafiq Əzimov
xatırlayır: "Münsiflər heyəti kimi imtahanda olan müəllimlərin hər biri öz
qiymətini verirdi. Həmin əsas imtahanlardan keçənlərin adları divara vurulurdu.
Biz kimlərin adlarının çıxacağını böyük intizarla gözləyirdik. O vaxt bütün
institutda cəmi 33 nəfər oxuyurdu. 22 nəfər də biz daxil olduq. Nəticədə cəmi
55 nəfər tələbə oldu. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov bizi öz
kursuna qəbul etdi. Bizimlə imtahan verənlərdən demək olar ki, heç kimi
tanımırdım. Qəbul olunandan sonra yavaş-yavaş bir-birimizi tanımağa başladıq. O
cümlədən də Həsən Məmmədovu tanıdıq”. H.Məmmədovun bəxti onda gətirmişdi ki,
sonradan Azırtbaycan teatr və kino sənətinin tanınmış və sevilən simalarına
çevriləcək Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Tofiq
İsmayılov kimi gənclərlə birlikdə təhsil alırdı: "Eldəniz Zeynalov bizimlə
imtahan verməmişdi, yuxarı kursda oxuyurdu. Arada hansısa şuluqluğu üzündən,
yuxarı kurs əvəzinə bizimlə bərabər qurtardı. Eldəniz Zeynalov, Həsən Məmmədov
və mənim təyinatımı Akademik Dram Teatrına verdilər”.

R.Əzimov sənət dostunun
tələbəlik illərindən danışaraq onu xaraktercə qapalı adam kimi xatırlayır:
"Həsənin çox qəribəlikləri vardı.
Kənd uşağı olsa da, qapalı idi, dinib-danışmazdı. Məhərrəm Haşımovun rəğbətini
qazanmaq üçün biz dəridın-qabqdan çıxırdıq. Yadımdadır ki, Həsən bizim kimi
canfəşanlıq etməzdi. Müəllim hətta ona deyirdi ki, "ay Həsən, sən də
uşaqlar kimi bir tərpən, qayna-qarış. Mən onlara bir etüd tapşırıram, 5 etüd
göstərirlər”. Həsən isə aktiv deyildi. Birinci kursun sonunda Məhərrəm müəllimin qarşısında etüd göstərməli
idik. "İlboyu bir dəfə də olsun etüd hazırlamayan Həsən görəsən, vəziyyətdən
necə çıxacaq?” deyə narahatlıq keçirirdik. Onun imtahandan kəsiləcəyindən
qorxurduq. Biz bir neçə etüd göstərdik, növbə Həsənə çatdı. Həsən o vaxt çox
məşhur olan "Qəlp pul” adlı Amerika filmində Kor dilənçi obrazını təqdim etdi.
O qədər gözəl oynadı ki, təəccübdən donub qaldıq. Həsən hazırlıqsız-filansız,
anadangəlmə istedad idi”. R.Əzimov xatırlayır ki, tələbəlik illərində pul
qazanmaq üçün tez-tez Həsən Məmmədovla "Azdrama”da kütləvi səhnələrə çıxıblar.
Həm də özlərini bir aktyor kimi sınamaq istəyiblər: "Yadımdadır ki, hər
çıxışımıza görə, bizə 80 qəpik qonorar ödəyirdilər. Tələbə təqaüdümüz də vardı.
Həmin pula yaxşı dolanırdıq. Həsən Poluxin küçəsində kirayədə tək yaşayırdı.
Tez-tez anası rayondan yanına gəlirdi. Biz də onlarda yığışırdıq. Maraqlı
günlər idi...”

Qaraşın uğuru
Həsən Məmmədov hələ birinci kursda oxuyanda
filmə çəkilməyə dəvət alır. Bu, hər aktyora nəsib olmayan xoşbəxtlik idi. İlk
filmi isə "Böyük dayaq” olur. Filmin rejissoru Həsəni tamaşada görmüşdü: "Toy
komediyası”nı "Azdrama”da oynayandan sonra televiziyadan dedilər ki, "gəlin, bu
tamaşanı televiziyada canlı yayımda oynayın”. Rejissor Həbib İsmayılov o
vaxtlar "Böyük dayaq” filminin çəkilişinə hazırlaşırdı, aktyor seçimləri
edirdi. Evində oturub televiziyaya baxdığı vaxt birdən Həsənin cavan, maraqlı
sifətini görür və axtardığını tapdığını düşünür.
Həsəni kinostudiyaya filmin sınaq çəkilişlərinə dəvət
edir. Həsəndən başqa bizim kursdan Murad Yagizarovu, Böyükağa Kazımovu, Sabir
Əhmədovu da həmin filmə dəvət etdilər. Amma
Həsəni seçdilər. Həsən Məmmədov baş rola təsdiq olundu. Film çox
maraqla qarşılandı. "Böyük dayaq” filmindəki Qaraş rolundan sonra Həsən artıq
tanınır və demək olar ki, hər il filmlərə dəvət alırdı. Həsən ona kinoda ilk uğur gətirdiyinə və ilk rolu
olduğuna görə Qaraş rolunu çox sevirdi, Həm də özü kənddə böyüdüyündən Qaraş ona
yaxın idi. Amma mən hesab edirəm ki, Həsənin oynadığı Abbasqulu ağa Şadlinski,
Bəxtiyar və digər rolları da kinomuzda iz qoyan mükəmməl obrazlardır.
Həsən həm daxili aləmi, həm də xarici
görkəmi ilə əsil aktyor idi. Hündürboylu, həm də çox xarizmatik adam idi. Həm
də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, hansı filmdə Həsən çəkiləcəksə,
film uğur qazanacaq. Həsənin filmlərinin uğurlu alınmasının bir sirri də vardı.
O, çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında
yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu.
Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini
özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən
tarı kökləyən kimi o da özünü rola kökləyirdi”.
R.Əzimov Həsən Məmmədovla ilk dəfə 1970-ci ildə "Yeddi oğul istərəm” filminə
çəkilir. Həsən Məmmədov filmdə Bəxtiyarı, R.Əzimov isə Şahsuvarı oynayır: "Daha
sonra "Arxadan vurulan zərbə”də o, Qəmərlinski, mən müstəntiq Hüseynov, "Qızıl
qaz”da mən Gündüz Eldarov, o, Fərman rolunda çəkildik."Allah qəni-qəni
rəhmət etsin, "Yeddi oğul”dan 3 aktyor sağ qalmışıq: Ənvər Həsənov, Əbdül
Mahmudov və mən. Təsəvvür edin ki, onlar bizdən uzaqlaşıb əbədiyyətə
qovuşduqca, daha da böyüyürlər. Çünki xalq yaxşını pisdən seçə bilir. Tez-tez
bizdən: "hanı o filmlər, niyə çəkilmir?” deyə soruşurlar.

Çətin günlərin dostu
Onlar təkcə
kurs yoldaşı, səhnədə həmkar olmayıblar, həyatda da yaxın sirdaş olublar.
Dərdlərini, sevinclərini bölüşüblər, bir-birlərinə həmdərd olublar: "Bir ara
çox çətin illərimiz oldu, maaş az idi”- deyə R.Əzimov xatırlayır: " Həsən
evlənəndən sonar maddi durumu o qədər də yaxşı deyildi. O vaxt Teatr
İnstitutunun rektoru Rahib Hüseynov məni, Həsəni, Şahmar Ələkbərovu, Hamlet
Xanızadəni dəvət etdi ki, gedək institutda dərs deyək. Bizim evdə oturduq,
dərdləşdik ki, gedək ya getməyək. Yenə mən söhbətə qarışdım ki, "biz bu teatra
təyinatla gəlmişik, sabah buradan çıxsaq, sonra təzədən bizi heç kim qəbul
etməyəcək. Yaxşısı odur ki, institutda saat hesabı dərs deyək. Həm burada
işləyək, həm orada”. Hamı razılaşdı. O vaxt həm də televiziya, radioda konkurs
elan etmişdilər ki, kim konkursdan keçsə, onu dəvət edəcəkdilər diktor kimi
işləsin. Həsən də bu müsabiqədən keçmişdi və sevinə-sevinə radioda diktor
işləyirdi. İşin gecəsi gündüzü yox idi, xəbərlərdi, Həsən mütləq səhər 6-da ora
getməli idi. Bir də görürsən ki, xəbər gəlir, Aydın Qaradağlı yoxdu, tutalım
başqa növbədədir, Həsəni çağırırdılar. Çox məsuliyyətli iş idi”.

Sovetlər dağılandan
sonra kinomuzda yaranan böhran Həsən Məmmədovu da işsiz qoyur. Bu vəziyyət
aktyora pis təsir edir: "Biz Səttar Bəhlulzadə adına sərgidə idik. Polad
Bülbüloğlu da sərgidə iştirak edirdi. Həmin dönəm Həsənin çox ağır illəri idi.
Mən dedim, "Həsən, heç olmasa teatra gəl, teatrdır, tamaşalarda, məşqlərdə göz
qabağında olacaqsan, kino kinodur da çəkiləcək, səni çağıracaqlar. Polad
Bülbüloğlu da burdadır, get, ona denən ki, mən teatra qayıtmaq istəyirəm.
Turabov Həsənağa da burdadır”.Dedi "mən necə deyim, belə demək ayıbdı”.
Dedim "indi sən işləmirsən, gedib ona desən səni gülləməyəcəklər ki”.
Çəkinə-çəkinə, sıxıla-sıxıla Polad Bülbüloğluna yaxınlaşdı. Nazir onun sözlü
adama oxşadığını görüb "Nə məsələdir?” deyə maraqlandı. "Polad müəllim, çəkilmirəm, boş qalmışam,
bəlkə mən teatra qayıdım”- deyincə Polad Bülbüloğlu: "Turabov, bura gəl, Həsənin
teatra əmrini ver”- dedi. Beləcə Həsən teatra qayıtdı. Bir neçə rol da oynadı.
Amma kinosuz yaşaya bilmirdi. Ürəyi kinoda qalmışdı...”
Rafiq Əzimov
teatr və kino aləminin Həsən Məmmədov kimi aktyoru iturməsini ümumən
incəsənətimiz üçün böyük itki sayır: "O, özü ilə kinonun ən yaxşı illərini,
dadını-duzunu apardı. Həm də adam çox çətinlik çəkir ki, uzun illər Həsən
Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü
açasan ki, o, yoxdu. Bu itki ilə barışmaq bizim üçün ağırdı...”
Təranə Məhərrəmova
