• cümə, 19 Aprel, 09:09
  • Baku Bakı 13°C

“Kimsəsizlərin atası”nın film kimi həyat hekayəsi

11.01.20 09:00 2970
“Kimsəsizlərin atası”nın film kimi həyat hekayəsi
O, siyasi baxışlarına görə 7 il həbsxanada yatıb
O, Türkiyədə saysız film və seriallarda rol alıb. Söhbət "Qurdlar vadisi”, "Eşkiya dünyaya hökmdar olmaz”, "Behzat Ç.”, "Yalan dünya”, "Arka sokaklar” kimi serialların əsas qəhrəman obrazlarını yaradan Turqay Tanülküdən gedir. Aktyor Türkiyədə Dəyanət Vəqfi tərəfindən beynəlxalq xeyriyyəçi mükafatına layiq görülüb. Sən demə, aktyorun həyat hekayəsi heç də canlandırdığı filmlərdən geri qalmırmış.
17 yaşında siyasi fikirlərinə görə həbs edilib, ömrünün 7 ilini cəza evində keçirib. O, hər nə qədər bu fikirlərin ona aid olmadığını iddia etsə də, ancaq aktyoru dinləyən olmayıb. 7 ildən sonra günahsız olduğu ortaya çıxıb. Bu 7 ildə aktyor, ailəsi kədərlənməsi deyə, onlardan həbsdə olduğunu gizlədib. Belə ki, ailə üzvlərinə Almaniyaya köçdüyünü deyib. Ona görə, həbsdə olduğu müddətdə heç bir zaman ziyarətçisi olmayıb. Cəza evində məhkumları əyləndirmək üçün hekayələr danışır, səhnəciklər qurur, tamaşalar göstərirdi. 25 yaşı olanda günahsız olduğu aşkarlanır və siyasi düşüncələr səbəbi ilə salındığı həbsxananı "bir gün bura təkrar yenə gələcəyəm” deyərək tərk edir. Dediyi kimi də olur. Bir ili tamam olmamış yenidən cəza evinə qayıdır. Bu dəfə məhkum kimi deyil, könüllü teatr ustası olaraq geri dönür. Cəza evində aldığı işgəncələr nəticəsində heç bir zaman övlad sahibi olmur. O da, məhkumların azadlıqda olan anasız, atasız qalan uşaqlarına sahiblənməyə başlayır. Çünki bu uşaqların, valideynlərin yükünü, cəzasını çəkməyə haqqı çatmadıqlarını düşünür. Teatrdan qazandığı 3-5 qəpiyi də əvvəlcə o uşaqları oxutmağa xərcləyir. Daha sonra onların ehtiyaclarını qarşılamağa və evlərinə ərzaq almağa davam edir. Ancaq uşaqların sayı getdikcə artmağa başlayır və aktyor onların hər birinin evinə getməyi fiziki olaraq çatdırmır. Çünki o uşaqların çoxu küçədə yaşayır və aktyor istədiyi zaman onları bir arada tapa bilmir. Teatrdan qazandığı pula yalnız onları oxuda bilirdi. Belə olan halda, aktyor işdən sonra bazarlarda limon, çay satmağa başlayır.
Nəticə etibarı ilə Turqay Tanülkü 26 uşağı himayə edirdi. İndi 21 övladı məzun olub və onların hər birini evləndirərək, ev-eşik qurmasına kömək edib.
Küçələrdə məhv olmaq üzrə olan uşaqları oxudub, onları qaranlıq dünyalarından çəkib çıxarıb, həmin uşaqlara gözəl gələcək vəd edib. Təhsil almalarına vasitəçi, ailə qurmalarına dəstək olub. Ən önəmlisi isə illərdir bunu mətbuatdan, dostlarından gizli saxlamağı bacarıb, tutduğu əməldən reklam kimi istifadə etməyib. İndi isə aktyorun həyat hekayəsi əsil örnəkdir. Deyir ki, övladlarının soyadları öz soyadından fərqli olsa da, onlardan övlad qoxusu alıb. Bu yolda onu ruhlandıran isə sənəti olub: "Əlimin insanlara çata bilməsi üçün teatrdan istifadə edirəm. Belə ki, cəzaçəkmə müəssisələrində tamaşalar hazırlayıram. Bunu könül işi olaraq görürəm. Aktyorluq sənəti elə bir işdir ki, insanların hər dönəmində səni izləyir. Misal üçün, səhər yuxudan durub əl-üzümüzü yumağa başlayırıq və bu an içimizdəki aktyorluq hissi baş qaldırır”.
Yaşadığı həyat hekayəsi böyük acılarla doludur. Deyir ki, nə uşaqlığını, nə də gəncliyini doyaraq yaşamayıb. Əsas müəllimi isə həyatın özü olub. Üzləşdiyi çətinliklər onu heç zaman yormayıb və o, öz yolunu elə gənc yaşlarından seçməyə məcbur olub.
20 ildir ki, cəza evində yatan məhkumların uşaqlarına atalıq edir. Əbəs yerə ona "kimsəsizlərin atası” ləqəbi də qoymayıblar. Bəzən deyirik ki, dünya yaxşı insanların əməlləri ilə dövran edir və o insanlardan biri də məhz aktyor Turqay Tanülküdür.
Aktyor müsahibəsində qeyd edir ki, Türkiyənin 8 bölgəsində məhkumlardan ibarət teatr qrupları yaradıb. Belə ki, məhkumlar öz aralarında tamaşalar hazırlayır və aktyor həmin tamaşalar arasında yarışlar keçirir: "Biz həmin tamaşaların qala gecələrini keçiririk. Bilirsiniz nə üçün tamaşaların qala gecələrini keçirirəm? Çünki qala gecələrinə məhkumların ailələri də gəlir. Onlar iki saat ərzində bol-bol bir-birilərini görürlər. Sonra tamaşa bitir və valideynlər zalı tərk edir. Hətta nəzarətçiləri də oradan çıxarıram. Zalda uşaqlarla məhkum valideynlər doya-doya bir-birlərinə sarılırlar. Mən valideynin səhnədə oturduğu stolu qoxulayan uşaqlar görmüşəm. Ona görə, teatr mənə görə bir insan qoxusudur. Yəni şou və komediya deyil”.
Aktyor öz həyat hekayəsindən bəhs edərkən bildirir ki, 17 yaşında tutulanda Konservatoriyada təhsil alırmış. Hətta məhkum olduğunda belə, təhsilini davam etdirib: "O zaman tələbələrin təhsilini davam etdirmə hüququ var idi. Teatrı isə məktəbdə oxuyanda sevmişəm. Bizim valinin oğlu kralı, mən isə dilənçini oynayırdım. Tamaşamıza baxmaq üçün nazirlikdən nümayəndələr gələndə gördüm ki, kralla da dilənçi ilə də eyni şəkildə görüşdülər. O gündən sonra teatrı sevməyə başladım. Anladım ki, teatr bərabərlik deməkdir. Çünki sonda hər kəs bərabər alqışlanır. Əgər teatr olmasaydı ,mən sahib olduğum heç nəyi bacarmazdım. Çünki teatr insana toxunan bir sənətdir. Əgər teatr olmasaydı, bu qədər cəza evinə rahat gedə bilməz, məhkumları ailələri ilə görüşdürə bilməzdim. Biz gözləyirik ki, hər şeyi başqası etsin. Niyə kimsədən kömək gözləməliyik? Yardım etməyə ilk növbədə özümüzdən başlamalıyıq. Hər şeyi dövlətdən gözləmək lazım deyil. Misal üçün, cəza evlərində kitablara böyük ehtiyac var və biz müraciət etdikdən sonra insanlar cəza evlərinə kitab aparmağa başladı. İnsanlar mənə maşın-maşın kitablar gətirirdilər. Nədənsə, insanlarımız gözləyirlər ki, yaxşılığı başqası etsin. Deyirəm ki, o kitabları özünüz alıb cəza evlərinə aparın. Bəzən olur ki, həyat yoldaşı içəridə yatan kişilər "mən övladıma baxmıram” deyir. Misal üçün, Bakırköy cəza evində "Son quşlar” layihəsini edərkən məhkumlardan biri 3 aylıq körpəsini mənə verib, "bunu sənin üçün doğmuşam”- dedi.
Deyir ki, heç vaxt övlad sahibi olmadığı üçün kədərlənməyib. Çünki hazırda böyük bir ailəsi var. Onlardan evlənənlər oldu, hətta 9 nəvəsi var. Bütün ailə olaraq 101 nəfərdən ibarətdirlər.
Aktyor qeyd edir ki, yeniyetmə yaşlarında düşdüyü cəza evi onu həyatın çətinlikləri ilə erkən yaşda tanış edib: "Cəza evində düşəndə düşünməyə başlayırsan. Mən nə etdim və nə üçün burdayam? Və nəticədə özlüyündə isbat edirsən ki, əslində sən yaxşı insansan. Mən o kiçik hücrədə özümə böyük bir dünya qurdum. İndi həmin dünyada özümə yaratdığım oyunun içindəyəm. O üç metrlik yerdə çiçəklərim, günəşim var idi. Günəşi istədiyim zaman çıxarır, istədiyim zaman batırırdım. Çiçəklərimə su verirdim, ancaq halbuki özümün içəcək suyum yox idi və azadlığa çıxanda heç kim məni günahlandırmayacaqdı. Çünki günahkar deyildim. Mən cəza evinə təcavüz etdiyimə, adam öldürdüyümə, oğurluq etdiyimə görə girməmişdim”.
Atasız böyüdüyünü deyən aktyor, küçədə yaşayan uşaqları daha yaxşı anladığını bildirir: "Həyatın ən çətin üzünü görmüşəm. Uşaqlığım çox çətin keçib və bunun üçün küçələrdə böyüyən uşaqların hisləri mənə tanışdır. Atam öləndən sonra bizi uşaq evinə verdilər. Ordan çıxdıqdan sonra yeddi il cəza evində yatdım. Orada atasız uşaqlar gördüm. Yəni deməyim odur ki, uşaqlara qarşı xüsusi bir həssaslığım var. Çünki uşaqlığımı yaşamamışam. Həbsxanadan çıxandan sonra gördüm ki, bütün uşaqlara ayrı-ayrı əlim çatmır və həyat yoldaşıma "gəl bir ev tutaq, bu uşaqların hamısını orada böyüdək” dedim. Bir hesab açdım. Bundan sonra isə bir vəqf qurmaq və o uşaqların gələcəyini təmin etmək istəyirəm. Onların gələcəkdə heç nəyə ehtiyacı olmasın. Artıq 65 yaşım var. Əvvəlki qədər hər yerə qaça bilmirəm. Hər dəfə cəza evinə gedib-gələndə həyata qarşı daha böyük mübarizəyə başlayıram”.
Hər kəs ona "ata” deyə müraciət edir. Özü isə deyir ki, "ata” kəlməsi çox ağır bir sözdür: "İnsanlar dəyişməyə başlayıb. Təsəvvür edin ki, evdəki boşqablar dəyişəndə hər kəs öz boşqabının duzunu, bibərini ayrı atmağa başladı, insanların ağız dadı qalmadı. Sonra otaqları ayırdıq. O da kifayət etmədi. Daha sonra özümüzü telefonlara həsr etdik. Beləliklə, insanlar ailə içində «Sabahın xeyir» sözünü deməyi unutdu və cəmiyyətlə əlaqəmizi kəsdik. Hazırda cəza evlərində anası ilə bir yerdə qalan 725 uşaq var. Mən deyirəm ki, nə zaman küçədə böyüyən uşaqlar cəza evindəki uşaqlarla, ev uşaqları küçə uşaqları ilə görüşüb eyni parkda oynasa, bax, o vaxt biz barışı, sülhü bir araya gətirəcəyik. Evimizdə yetişdirdiyimiz uşaqlar çox qiymətlidir. Amma çevrəyə, insanlara qarşı onları çox qəddarlaşdırırıq. "Diqqət et, küçə uşaqları ilə oynama, onlarla danışma, qarışma” deyirik. Həmin o küçə uşaqlarını heçə saymaq insanlara çox təsir edir. Yəni yanlarından keçərkən "salam” verib qorxmadan çiyinlərinə toxunub "yaxşısanmı” deyəndə, siz onlara dünyanı vermiş olursunuz. Çünki onların həyatını mən yaşamışam. Mən bunları kitablardan oxumamışam. Həbsxanadan çıxanda evdə yemək bişirib küçədəki uşaqlarla birlikdə yeyirdim. Əgər yaşadığım bölgədə insanlara "salam verməyi çoxaltsaq, o zaman öz çevrənizdəki barışı tutmuş olarsınız və o uşaqlara toxunduqca, cəmiyyətin gələcəyinə toxunmuş olursunuz”.
Aktyor teatrda, filmdə, seriallarda bir-birindən fərqli, maraqlı obrazlar yaratsa da, əsil oyunu, həyat məhz onun özünə qarşı oynayıb. Biz də buna film kimi həyat hekayəsi deyirik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər