AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb

Köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb

İqtisadiyyat
19 Yanvar 2021, 19:00 180
İyirmi il əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar mənbələr – sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı. Burada səyyar, yəni qeyri-stasionar mənbələr, o cümlədən avtonəqliyyat vasitələrinin payı az idi. Son zamanlar atmosfer havasının çirklənməsində əsas rolu avtonəqliyyat vasitələri, yəni səyyar mənbələr oynayır. Sənayenin, ölkənin inkişafı, insanların rifah halının yüksəlməsi avtomaşınların sayının kəskin artmasına səbəb olub. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır.

Kaspi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin "Facebook” səhifəsində yayımlanan "Ekspert saatı”nda deyib.

"Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir. Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş, beşdəbiri isə yaşı 30 ildən çox olan avtomobillərdən ibarətdir. Sözsüz ki, köhnə avtomobillərin mühərriklərinin işləməsi zamanı əmələ gələn yanma məhsullarında zəhərli maddələrin miqdarı yeni avtomobillərdən çox olur. Bir sıra hallarda nasaz avtomobillər də istismar olunur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılması yollarından biri də avtoparkın yenilənməsidir. Bunun üçün də yeni avtomobillərin alınmasının artırılması, köhnə avtomobillərin istehlakının mərhələlərlə azaldılması sahəsində işlər görülməlidir. Bu tədbirlərin görülməsi üçün iqtisadi alətlərdən istifadə olunmalıdır - əlavə dəyər vergisinin, gömrük rüsumlarının, yeni avtomobillərin qiymətləri daha əlverişli olmalı, eyni zamanda, təbliğat-təşviqat işləri aparılmalıdır”, - deyə R.Səttarzadə qeyd edib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub: "Bununla bağlı müvafiq qurumlar tərəfindən utilizasiya proqramı hazırlanıb. Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir. Utilizasiya proqramı işə düşdükdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.

Avtonəqliyyat vasitələrinin ətraf mühitə təsirinin azaldılmasına təkcə köhnə avtomobillərin istismarının azaldılması ilə yox, həmçinin ekoloji təmiz avtomobillərdən - elektromobillər, hibrid avtomobillərindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadənin artması ilə nail olmaq mümkündür”.