Kənd təsərrüfatını etibarlı sahəyə çevirəcək addım
Prezident İlham Əliyev
"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27
iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun
yaradılması barədə Fərman imzalayıb. Fərmana əsasən, "Aqrar sığorta
haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq,
Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və
dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və
onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu"
qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 ay
müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Aqrar sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməlidir.
Fondun ilkin nizamnamə kapitalı 1 000 000 (bir milyon)
manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondda ictimai
əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət
Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən
ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir. Fondun
fəaliyyətinin idarə edilməsi qaydası ilə bağlı digər məsələlər Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq onun
nizamnaməsi ilə tənzimlənir.
Yaradılacaq fondun növbəti
mərhələdə kənd təsərrüfatının inkişafına necə təsir edəcəyini öyrənməyə
çalışdıq.
Aqrar sığortanın həyata
keçirilməsi mexanizmindən danışan Kənd
təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, ilk növbədə kənd
təsərrüfatında risklərin xəritəsi bizə aydın olmalıdır: "Aqrar sığorta məsələsi
uzun müddətdir müzakirə olunan mövzudur. Aqrar sığorta haqqında qanunun qəbul
edilməsi çox yaxşı oldu. Çünki qanunvericilik bazası yox idi, bu sahədə ciddi
boşluq vardı. Növbəti mərhələdə ikinci ən mühüm addım isə mexanizmlərin
formalaşmasıdır. Dünya təcrübəsinə nəzər yetirsək, hər bir ölkədə bu sistem
özünəməxsus şəkildə formalaşır. Elə ölkələr var ki, bu iş sırf özəl sektorun
üzərindədir, başqalarında isə bizdə olduğu kimi, dövlət dəstəyi daha çox hiss
olunur. Aqrar sığortanın həyata keçirilməsi mexanizminə gəldikdə isə ilk
növbədə kənd təsərrüfatında risklərin xəritəsi bizə aydın olmalıdır. Yəni
günümüzdə kənd təsərrüfatı istehsalı üçün risklər təkcə təbii fəlakətlər deyil,
xəstəliklər, ziyanvericilər, viruslar nəzərə alınaraq ciddi təhlildən
keçirilməli və buna uyğun mexanizmlər tətbiq edilməlidir. Beləcə, aqrar
sığortanın predmeti müəyyən olunacaq. Çünki hər təhlükə predmet kimi qəbul
edilə bilməz. Məsələn, fermer öz sahəsinə aqrotexniki qulluq göstərmir, alağa
qarşı mübarizə aparmır və məhz bu səbəbdən istehsal aşağıdırsa, bu, aqrar
sığortanın predmeti ola bilərmi? Əvvəlcə bu kimi məsələlər
müəyyənləşdirilməlidir. Ona görə, istehsala təsir göstərən bütün amillər ciddi
təhlil olunmalıdır. Bununla bəlli olacaq ki, hansı təhlükələr subyektiv,
hansıları təbii riskdir”.
Ekspert, ümumilikdə, fondun
əhəmiyyətindən danışaraq bunun ilk növbədə dövlət dəstəyi, təminatı olduğunu
bildirdi: "Bu fond ona görə dövlət təminatıdır ki, çünki bizdə 18 aqrar sığorta
şirkəti fəaliyyət göstərir. Ancaq onlardan 3-ü, o da böyük təsərrüfatlara aqrar
sığorta verir. Ancaq belə bir fondun yaradılması fermerlərə birmənalı
dəstəkdir. Həmçinin kənd təsərrüfatı istehsalçıları arasında böyük inam yaradacaq.
İkinci ən böyük əhəmiyyəti odur ki, aqrar sığorta bazarının iştirakçıları
artacaq. Yəni 18 aqrar sığorta şirkəti vardısa, indi onların sayı artacaq. Kənd
təsərrüfatı artıq etibarlı sahəyə çevriləcək. Bu günə qədər dövlət yalnız
subsidiya dəstəyi verirdi. Yaradılacaq fond fermerə dövlət dəstəyinin yeni
formasıdır”.
İqtisadçı ekspert Pərviz Heydərov deyir
ki, bu sahədə tətbiq ediləcək
sığorta sistemi digər sahələrdəkindən daha mükəmməl xarakter daşımalı və işlək
olmalıdır: "Ölkəmiz son illərdə qeyri-neft sektorunun inkişafını
sürətləndirməyi özünə prioritet məsələ seçib. Qeyr-neft sektorunun isə əsas
sahələrindən biri kənd təsərrüfatıdır. Kənd təsərrüfatı iqtisadiyyatın elə
spesifik hissəsidir ki, orada risk amili digər sektorlardan fərqli olaraq
yüksək xarakter daşıyır. Bu baxımdan da kənd təsərrüfatı sahəsində sığortanın
təşkili və tətbiqi çox mühüm məsələlərdəndir. Bu sahədə tətbiq ediləcək sığorta
sistemi digər sahələrdəkindən daha mükəmməl xarakter daşımalı və işlək
olmalıdır. Bu mənada müvafiq qanunun qəbul edilməsi yüksək
qiymətləndirilməlidir. Əslində, düşünürəm ki, bu, gecikmiş fərmandır. Çünki
inkişafı prioritet seçilən bir sahə ilə bağlı sığorta sisteminin tətbiqi daha
əvvəl olmalı idi. Lakin bununla belə, sözügedən qanunun qəbul edilməsi çox yaxşıdır.
Qanun, girişində də yazıldığı kimi ölkədə aqrar
sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı
münasibətləri tənzimləyərək, aqrar sığortanın
hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Onu da qeyd edim ki,
qanunun qəbul edilməsi hələ ilkin addımdır. Yəni qanun bu sahədə olan
münasibətləri tənzimləyəcək. Amma konkret olaraq mexanizmin təşkili və tətbiqi,
qarşıda duran ən mühüm məsələdir”.
Günel Azadə