AZE | RUS | ENG |

“Kaspi” məzunları üçün çalınan “Son zəng” - sabahkı zəfərlərin sədasıdır - Fotolar

“Kaspi” məzunları üçün çalınan “Son zəng” - sabahkı zəfərlərin sədasıdır - Fotolar
Sona Vəliyeva: “Hər bir ailənin azruladığı övladın, hər bir cəmiyyətin arzuladığı soydaşın, hər bir dövlətin arzuladığı vətəndaşın yetişdirilməsinə çalışırıq”

«Məktəbdən ayrılırıq. Əlvida, əziz məktəb!» "Kaspi” liseylərinin məzunlarının dilindən səslənən bu sözlər Musiqili Komediya Teatrında məktəbi bitirən gənclərlə görüşə gələn qonaqlara kövrək olduğu qədər də qürurlu anlar yaşatdı. «Bu gün məzun oluruq. Liseyimizlə vidalaşırıq» - deyə gənclərin şövqlə oxuduqları mahnı dalğa-dalğa ətrafa yayıldı...
«Kaspi» Liseyi Ağ şəhər filialının birinci, Bakıxanov filialı isə 4-cü buraxılış məzunlarını kövrək nəğmələrin, şux rəqslərin, şagirdlərin ifasında maraqlı təqdimatların, ən əsası, müəllim və rəhbər heyətin xeyir-duası ilə yola saldı. Təhsil aldıqları liseyin fəaliyyətindən və uğurlarından bəhs edən videoçarx isə məzunların gələcək təhsillərində uğur qazanmalarının təsdiqinə çevrildi.
 
Təhsilimizin inkişafına töhfə vermək
 
Milli-bəşəri dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılan orta məktəbdə şagirdlərin bacarıq və qabiliyyətlərinin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb. "Kaspi" Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühiti mövcuddur. Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları şagirdlərin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə zəmin yaratmış olur.
Məktəb beynəlxalq təhsil proqramları və təcrübələrdən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.
Liseydə bir sıra xarici universitetlərin təqdimatı da həyata keçirilir. Bu da gələcəkdə xaricdə təhsil almaq istiqamətində şagirdlərin maariflənməsi, həmin universitetlər haqqında doğru və düzgün məlumat alması məqsədini daşıyır. "Kaspi” liseylərində şagirdlərin xüsusi istedadının üzə çıxması və inkişaf etməsi məqsədilə vətənpərvərlik, milli dəyərlərə, böyüklərə hörmət və kiçiklərə qayğı, ətraf mühitin qorunması istiqamətində müxtəlif tədbirlər də təşkil olunur. Bu fəaliyyətlər əsasən musiqi, rəsm, heykəltəraşlıq, parlaq zəka, bacarıqlı əllər kimi dərnəklərdə həyata keçirilir. Həmin dərnəklərdə müxtəlif bacarıqlara yiyələnən şagirdlərin işləri lisey tərəfindən təşkil olunan sərgilərdə nümayiş olunur. Sevindirici haldır ki, indiyə qədər liseyin təşkil etdiyi bütün sərgilər xeyriyyə məqsədi daşıyıb. Sərgilərdən əldə olunan vəsaitlər qocalar və uşaq evlərinə ianə edilib. Liseyin dərnəklərində aparılan uğurlu işin bariz nümunəsi kimi 2017-2018-ci illərdə ABŞ-ın Nyu-York şəhərində keçirilən CENİUS layihə olimpiadasında məktəbin iki şagirdinin rəsm əsəri qızıl medala layiq görülüb.
Liseydə uğurlu şəxsiyyətlərin həyat təcrübələrini şagirdlərlə paylaşmaq üçün həyata keçirilən milli yaddaş layihəsi isə xüsusilə təqdirəlayiqdir. Bu tədbir çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətləri – yazıçılar, şairlər, ictimai xadimlər liseyə dəvət olunur, öz həyat təcrübələri haqqında danışır və şagirdlərin suallarına cavab verirlər. «Sağlam bədəndə sağlam ruh olar» prinsipini üstün tutan "Kaspi” liseylərində uşaqların bədən tərbiyəsinə, idman yarışlarında iştirakına və onların fiziki olaraq sağlam inkişafına xüsusi diqqət ayrılır. Gimnastika, cüdo, futbol, voleybol, basketbol, şahmat, tennis kimi idman növlərinin müvafiq idman dərəcələri olan müəllimlər tərəfindən tədris olunmasının həyata keçirilməsi bu sahəyə olan diqqəti artırır. Növbəti uğurlu bir layihə kimi «Kaspi» musiqi və incəsənət məktəbinin fəaliyyəti də qeyd edilməlidir. Liseyin nəzdində təşkil olunan bu məktəbin əsas məqsədi şagirdlərin musiqi zövqlərini formalaşdırmaq, estetik inkişaflarını təmin etmək, müxtəlif incəsənət sahələrində istedadı olan uşaqları aşkar edərək onlara peşəkar təhsil vermək və ən əsası, bütün bunları liseyin öz binasında həyata keçirməkdir. İki ildir yaranmasına baxmayaraq, bu məktəbin yetirmələri bir neçə irimiqyaslı tədbir təşkil etməyi bacarıblar.
 
"Mükəmməl milli təhsil amalımızdır»
 
Məzunları təbrik edən «Kaspi» Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva hər bir fərdin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında, onun cəmiyyətdə mövqe tutmasında valideynlərlə birgə məktəbin də müstəsna rolu olduğunu qeyd etdi: "Dahi öndər Heydər Əliyev dünyanın ən böyük siyasətçiləri sırasında tutduğu yerə görə müəllimlərini xatırlayır və oxuduğu məktəbə çox təvazökarcasına minnətdarlıq edirdi. Bizim müqəddəs bir işlə məşğul olmağımızda bu fikirlər böyük stimul yaradır. "Kaspi” liseyi olaraq məqsədimiz, ulu öndərin təbirincə desək, millətin gələcəyi olan təhsilimizin inkişafına az da olsa töhfə vermək, ölkəmizdə sağlam rəqabət mühitini formalaşdırmaq, xarici ölkələrdə olan həmyaşıdları ilə yarışa bilən, savadlı və uğurlu, milli dəyərlərə sadiq nəslin yetişməsində pay sahibi olmaqdır. Eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi işlərə dəstək olmaqdır. İnanırıq ki, «Kaspi» liseylərinin məzunları bir neçə ildən sonra təhsil aldıqları ali məktəbləri bitirərək bütün sahələr üzrə qazandıqları uğurları ilə tanınacaq və vətənimizə sədaqətlə xidmət edəcəklər”.
Təsisçi bildirdi ki, 2014-cü ildə «Kaspi» liseyləri açılanda, öz fəaliyyətini «Kaspi» Təhsil Şirkətinin üzərində qurub və "Mükəmməl milli təhsil amalımızdır» devizi ilə fəaliyyətə başlayıb: "Bizə qədər təhsil sektorunda özəl məktəblər var idi. Onlar beynəlxalq dillərdə fəaliyyət göstərirdi. Biz təsdiq etməyə çalışdıq ki, milli təhsil proqramı ilə fəaliyyət göstərmək olar. Yetər ki, burada dünyanın mütərəqqi təhsil metodlarını tapmaq, araşdırmaq və Azərbaycan mühitində olan milli məktəbə tətbiq etmək mümkün olsun. Bunlar dünya təhsil sistemində təsdiqini tapmış innovativ metodlardır. Biz Kembric proqramını Azərbaycana gətirdik. Hər bir azərbaycanlı ailəsi üçün vacib, milli dəyərlərə, dövlətçiliyə sadiq, vətənini, millətini sevən şəxsiyyət, Azərbaycanın gələcək qurucularını yetişdirmək üçün fəaliyyətə başladıq. Düşünürəm ki, bu sahədə müəyyən nailiyyətlərə gəlib çata bildik”.
Cəmi 5 ildir ki, məktəb kimi fəaliyyət göstərdiklərini deyən, təsisçi təhsil şirkəti olaraq 15 ildir fəaliyyətdə olduqlarını bildirdi: "Bu 5 ilin fəaliyyətində 4-cü məzunlarımızı yola salırıq. Onların hər biri 100 faizlik qəbul nəticələri göstəriblər. Siz bu uğurun arxasında hansı zəhmətin və nizam-intizamın dayandığının yəqin ki, fərqindəsiniz. Bu 3 il ərzində biz məzunların buraxılışında 100 faizlik qəbul nəticələri əldə etmişik. Ən sevindirici nəticə odur ki, birinci il Kembric proqramı ilə 9, ikinci il 11, bu il isə 20 nəfər xaricdə təhsil alacaq. Kosmos mühəndisliyi, tibb, beynəlxalq iqtisadiyyatın planlaşdırılması və s. ixtisaslarını seçən məzunlar ABŞ, İngiltərə, Almaniya, Rumıniya və s. ölkələrin nüfuzlu universitetlərində təhsil alacaqlar”.
S.Vəliyeva lisey şagirdlərinin dünya və ölkə olimpiadalarında qazandığı nailiyyətlərə də toxunaraq bu istiqamətdə çoxlu uğurlar əldə etdiklərini vurğuladı: "O cümlədən, şagirdlər Təhsil Nazirliyinin keçirdiyi «Sabahın alimləri» müsabiqələrində medallar qazanıblar. Biz milli məktəb olaraq həm də mükəmməl təhsil məqsədilə fəaliyyətə başlamışıq. Qloballaşan dünyada şagirdlərimizin milli ruhda tərbiyə alması, vətənlərini sevməsi isə hər bir məktəbin əsas məqsədi olmalıdır”.
S.Vəliyeva qeyd etdi ki, liseydə fəaliyyətinə iki il öncə başlanılan Kaspi uşaq – Kaspi KİDS və "Məktəbəqədər hazırlıq” artıq bu ildən Kaspi Beynəlxalq Məktəbi adı ilə fəaliyyətə başlayacaq: "Bu da bizim inkişafımızın bir qoludur. Biz təkcə yüksək təhsil verməklə, elmləri öyrətməklə kifayətlənmirik. Eyni zamanda, uşaqların estetik zövqünün formalaşması, onların bilik və bacarıqları ilə birgə istedadlarının üzə çıxarılması üçün tədbirlər həyata keçiririk. Artıq iki ildir ki, məktəbin nəzdində incəsənət məktəbi fəaliyyət göstərir. Biz, həmçinin bu nəslin fiziki sağlamlığının qayğısına qalır, yaş qrupları üzrə fiziki hazırlığı həyata keçiririk. Biz böyük bir müəllim ordusu ilə hər bir ailənin arzuladığı övladın, hər bir cəmiyyətin arzuladığı soydaşın, hər bir dövlətin arzuladığı vətəndaşın yetişdirilməsinə çalışırıq. Zaman vardı, deyirdilər ki, bu funksiyanı məktəb yerinə yetirə bilməz. Ancaq biz sübut etməyə çalışırıq ki, bilikli, savadlı, yaşıdları ilə rəqabət apara biləcək və hətta bu rəqəbətdə bir addım öndə duracaq yeni bir nəslin yetişməsinə nail olmaq mümkündür. Bu məqsədlə də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Özəl təhsil sektorunda bizə inanan, etimad göstərən dövlətimizə, Təhsil Nazirliyinə, üzümüzü valideyn yanında ağ edən məktəb kollektivinə öz təşəkkürümü bildirirəm!»
Tədbirdə məzunlar tərəfindən hazırlanmış «Müdrik insan», «Ümid yolu» kimi səhnələr,  Əməkdar artist Lalə Məmmədovanın "Məktəb illəri” və "Son zəng” mahnıları təkcə səhnəyə dəvət olunan məzunlara deyil, zalda oturanlara da həzin anlar yaşatdı. Heç şübhəsiz, gənclər üçün çalınan "Son zəng”, onların sabahkı zəfərlərinin sədasıdır. Bu yolun sonunda onlar üçün bir işıq var. Onlar bu işığa tapınıb, gələcəyə doğru gedirlər...
Uğur olsun!
 
Gecədə iştirak etdi
Təranə Məhərrəmova
 










Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019