• çərşənbə axşamı, 19 mart, 09:39
  • Baku Bakı 8°C

Karatin dövründə kütləvi aksiyalar çox təhlükəlidir

15.07.20 17:26 876
Karatin dövründə kütləvi aksiyalar çox təhlükəlidir
Adil Qeybulla: "Vəziyyət çox pis olacaq”
Turanə Rəsulova: "Hadisələrə həkim gözü ilə baxmaq məni çox qorxutdu”

İyulun 14-15-nə keçən gecə Bakı böyük insan selinə şahidlik etdi. Xalq orduya və dövlətə öz dəstəyini bildirmək üçün küçələrə axışdı. Milli həmrəylik, qürur hissini yaşasaq da, COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanların bu aksiyalara qoşulması virusun daha geniş yayılmasına və insanların həyatını təhlükə qarşısına qoymasına əlverişli şərait yaratdı. Gündəlik 2-8 nəfər yoluxma olan Gürcüstanda aksiyalar qadağan olunduğu halda, gündəlik yoluxma sayı 500 nəfərdən çox olan Azərbaycanda kütləvi yürüşün keçirilməsi yəqin ki, yoluxma və ölüm sayının da artmasına səbəb olacaq. Dünən keçirilən aksiyada təəssüf ki, sosial məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hala çevrildi. Biz dünən müharibə qədər böyük bəla olan virusu unutduq. Vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bir müddət sonra bəlkə də biz bu kütləviliyin acı nəticələrini yaşayacağıq.
"Pandemiya müharibələrdən daha az can almayıb”
ÜST-ün konsultant həkimi Turanə Rəsulova deyir ki, dünən ölkəmizdə baş verənləri həkim gözü ilə izləmək onu ciddi şəkildə narahat edib. Həkimin sözlərinə görə, pandemiya müharibələrdən az can almayıb: "Hər bir azərbaycanlı kimi mən də baş verənləri dünən anbaan izləyir, hər şeyi ən dərindən hiss edirdim. Şəhid xəbərləri sarsıntı keçirdik. Bundan sonra insanların milli birlik nümayiş etdirməsi qürur hissi yaşadırdı. Amma bir tərəfdən də olan bitəni həkim gözü ilə izləmək məni çox qorxudurdu. Çünki pandemiya da çox böyük düşməndir. Dünyanın düşmənidir. Tarixə nəzər salsaq görərik ki, pandemiya heç də müharibələrdən daha az can almayıb. Birinci Dünya Müharibəsi zamanında yaranan İspan qripi ümumi 50 milyon insan öldürmüşdü. Müharibədə isə 9 milyon insan itirdik. Yəni pandemiyadakı itki bundan dəfələrlə çox idi. Pandemiyaya qətiyyən kiçik düşmən kimi baxmaq olmaz. O da öldürücüdür və çox ağır nəticələri ola bilər. Dünən biz qorunmadıq. Minlərlə insan toplandılar, sosial məsafə gözlənmədi, maskadan istifadə edənlər də çox az idi. Bunu ağır nəticələrinin olması qaçınılmazdır”.
Həkim deyir ki, Amerikada infeksiyanın sürətli yayılmasının və çox can almasının səbəbi az əvvəl bu ölkədə keçirilən aksiyalar idi: "Amerikaya nəzər salanda görürük ki, infeksiyanın sürətli yayılmasının səbəbi insanların bir yerə toplaşıb aksiyalar keçirmələri oldu. Bu baxımdan çox qorxuram. Bundan sonra toplanmaq qətiyyən yolverilməzdir. İnsanlar əl dezenfektanlarını daim əllərində saxlasınlar, qapalı məkanlarda toplanmasınlar, havalanmanın normal olduğu yerlərdə olsunlar. Hər hansı simptom görsələr həkimə müraciət etsinlər və ağırlaşmasına imkan verməsinlər. Tanrı xalqımızı qorusun, təəssüf ki, başqa söz deyə bilmirəm”.
Politoloq Fikrət Sadıxov deyir ki, cəbhədə baş verən torpaq uğrunda mübarizə gənclərimizi ruhlandırmaya bilməzdi: "Dünənki hadisələrdə Azərbaycan xalqının gənc nəslinin nümayəndələri öz hisslərini belə ifadə etdi. Bu da təbiidir, çünki uzun illər ərzində işğal altında qalan torpaqlarımız uğrunda mübarizə aparılması, ermənilərin təxribatlarına cavab verilməsi əlbəttə ki, bizi ruhlandırmaya bilməzdi. Cavanlarımız döyüş xəttinə qədər getməyə hazır olduqlarını bəyan etdilər. Təbii ki, onların arasında özlərini nalayiq aparan insanlar da var idi. Belə hallar hər yerdə ola bilər. Amma polis bunun qarşısını peşəkarlıqla aldı və nizam-intizam yaradıla bilindi. Biz yenə əmin olduq ki, gənclərimiz vətənpərvərdir, döyüş iradəsi yüksək səviyyədədir və hər an torpaqlarımızı azad etməyə hazırdırlar”.
Politoloqun sözlərinə görə, insanlarımız dünən ağılları ilə deyil, hissləri ilə hərəkət etdilər: " Təbii olaraq, pandemiya dövründə aksiya etmək, həmrəylik nümayiş etdirməm çox riskli idi. Ağılla düşünmək nöqteyi nəzərindən baxsaq, bu, qaydalara ziddir. Amma görünür ki, burada hisslər üstünlük təşkil edir. Bu hisslər sağlam düşüncəni arxada qoydu. Təsadüfi deyil ki, polis onları dağıtmadı. Əksinə şərait yaratdı ki, cavanlar orduya dəstək nümayiş etdirsin, şüarlarını səsləndirsinlər. Bu əlbəttə ki, müəyyən təhlükə yaradır. Bu hisslərdən irəli gələn aksiya kimi qəbul edilə bilər, amma bu o demək deyil ki, sistematik daimi şəkildə belə aksiyalar keçirilsin. Bu çox təhlükəli və risklidir. İndiki şəraitdə belə bir aksiyaların keçirilməsində təhlükə çox böyükdür. Çünki pandemiya tək Azərbaycanı deyil, dünyanı bürüyüb. Əlbəttə ki, buna qarşı ehtiyatlı olmaq və sosial məsafəni qorumaq, maska taxmaq lazımdır. Vətəndaşlarımız daha məsuliyyətli davranmaq, karantin rejiminə riayət etmək, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar. İnsanların kütləvi şəkildə dəfn mərasimlərinsə iştirakı və həmin yerlərdə hərbçilər, zabitləri ilə sıx təmaslarıordu üçün də ciddi təhlükə yaradır”.
Professor Adil Qeybulla da təsdiqlədi ki, yürüş mitinqi müəyyən qədər koronavirusun yayılmasına təkan verəcək : "Dünən keçirilən yürüş mitinqi karantin rejiminin ciddi şəkildə pozulmasıdır. Vəziyyət çox pis olacaq. Karantin yumşaldılandan sonra böyük bir yoluxma potensialı baş verdi, eyni ilə axşam keçirilən yürüş-mitinq də nəticəsiz qalmayacaq. Maskasız, sosial məsafə gözləmədən, insanlar pandemiyanı yox sayaraq hərəkət etdilər. Düzgün deyil, bu, karantin rejiminin ciddi pozulmasıdır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər